Xaricə səfərə hazırlaşanda turizm şirkətləri, otellər və ya istirahət mərkəzləri ilə yanaşı, airbnb.com saytına baxmaq yerinə düşər. «Find a place to stay» («Özünə yer tap») sözləri ilə başlayan saytın köməyi ilə dünyanın istənilən yerində, istənilən vəziyyətdə minlərlə mənzil, ev və ya villanı kirayələmək olar. Özü də vasitəçisiz və turist agentləri olmadan! Fins.az dünyanın ən uğurlu startaplarından birinin tarixini təqdim edir.
Döşəklə başlayan milyardliq biznes
Cəmi 7 il əvvəl yaradılan «AirBnB» servisi onlayn xidmətlər sektorunda ən uğurlu startaplardan biri sayılır. 2008-ci ildə ABŞ-ın Rod-Aylend ştatında 3 tələbə xəbər tutur ki, şəhərdə keçiriləcək konfransın iştirakçılarına oteldə yer tapılmır. Onlar öz otaqlarında iki hava döşəyi yerləşdirib onu icarəyə verməyə başlayırlar. Bu üsulla min dollar qazanandan sonra tələbələr servisi «Airbnb» adı ilə internetdə yerləşdirirlər. İndi şirkətin bazar dəyəri təqribən 1 milyard dollardır – adları çəkilən tələbələr isə pullarını sayırlar.
AirBnB.com necə işləyir?
Saytın iş prinsipi sadədir və Azərbaycanda avtomobil satışı saytlarının işini xatırladır: evini kirayəyə vermək istəyənlər saytda elan, onun şəkillərini və qiymətini yerləşdirir. Ev axtaran özünə lazım olan variantı tapandan sonra səhifə vasitəsilə ev sahibindən əlavə məsələləri dəqiqləşdirir. Razılıq əldə olunandan sonra sayt müştərinin bank hesabından müəyyən məbləği götürür və özündə saxlayır. Pul o zaman ev sahibinin hesabına köçürülür ki, müştəri evdən, ev sahibi isə qonaqdan narazı qalmasın. Əgər müştərinin evdən narazılığı varsa və bura yerləşməkdən imtina edirsə, sayt dərhal ona yaxınlıqda digər variantlar axtarmağa başlayır. Ev sahibinə isə pul çatmır.
24 saat ərzində tərəflərdən şikayət və ya etiraz gəlməsə sayt pulu ev sahibinin hesabına köçürür - xidmət haqqını çıxmaq şərtilə. Bu üsulun yaxşı cəhəti sadə və rahat olmasıdır. Servis ev sahibinə pulun ödəniləcəyinə təminat verir, icarəçi isə bilir ki, ondan əlavə ödəniş tələb olunmayacaq – saytda nə yazılıbsa onu ödəmək kifayətdir.
Bütün bunların müqabilində sayt ödənilən puldan xidmət haqqı tutur. Bir qayda olaraq qonağın ödədiyi məbləğin 6-12%-i, ev sahibinə çatan pulun isə 3%-i tutulur. Məsələn: əgər siz 100 dollara ev kirayələmisinizsə, müştəri 106 dollar ödəməlidir (6 dollar sayta çatır), ev sahibi isə 97 dollar alır (3 dolları sayta çatır).
Oğru müştərilər hər yerdə var
Bu sistemdə ən böyük problem müştərinin evə ziyan vurması və ya oğurluq etməsidir. Belə hal bir neçə dəfə baş verəndən sonra «AirBnB»də qaynar xətt yaradılıb və əmlakın korlanmasına və ya oğurlanmasına görə 50 min dollarlıq zəmanət verilib. Ev sahiblərinə isə məsləhət görülüb ki, qonağa özünü evdə necə aparmaq barədə ətraflı təlimat yazsınlar – yəni nəyə dəymək olar, nəyə yox.
Reytinqləri müştərilər verir
Airbnb-də riskləri azaldan, ümumiyyətlə, seçimi asanlaşdıran ən maraqlı mexanizm saytdakı reytinq sistemidir. Qaydaya görə, evi tərk edən qonaq ev sahibinin «AirBnB»dəki səhifəsində öz rəyini yazıb, burda nəyi bəyənib-bəyənmədiyini göstərir.
Öz növbəsində ev sahibi də qonaq barədə bir-iki kəlmə yazır - bu yazıları hamı oxuya bilir. Nəticədə hansı ev sahibi qonağı aldadırsa və ya qonaq evdə özünü yaxşı aparmırsa, hamıya məlum olur. Bu rəylər əsasında istifadəçilərə reytinq verilir. Təbii ki, daha çox müsbət rəyi və yüksək reytinqi olanlara müraciət edən də çox olur. Özü də burada saxta rəylərlə (məsələn, evi dostuna kirayəyə verib, sonra ondan müsbət rəy alırsan) saytı aldatmaq mümkün olmur.
Təsadüfi adamlara burda da etibar etmirlər
Bu üsul həm ev sahibinə, həm də qonağa sərfəlidir. Belə ki, adi mənzil istənilən otel nömrəsindən ucuzdur, üstəlik burda yaşamaqla turist yerli mədəniyyətə və ənənələrə daha yaxın olur. Ev sahibi isə qazanc əldə edir, bəzi ölkələrdə ev sahibləri turistlərə öz avtomobillərini də icarəyə verirlər. Amma sərfəli olsa da,«AirBnB»yə hər yerdə etibar etmirlər. Bəzi ölkələrin sakinləri evlərini bu üsulla təsadüfi adamlara kirayə verməyi ağıllarına da gətirmirlər.
Otellərin qənimi
Cəmi bir neçə il əvvəl yaranmasına baxmayaraq «Airbnb» dünya otellərinin rəqibinə çevrilməyə başlayıb. İndi sayt səyahətçilərə dünyanın 186 ölkəsinin 16 mindən artıq şəhərində gündəlik yaşamaq üçün 110 mindən artıq mənzil təklif edir. Evlərin siyahısına hər gün min mənzil əlavə olunur. Artıq «AirBnB» təkliflərinin sayına görə, dünyanın ən böyük otellər şəbəkələrini də geridə qoyub.
Mənbə: "Daşınmaz Əmlak" jurnalı