Son zamanlar azərbaycanlı turistlərin ən çox səyahət etdikləri yerlərdən biri də Dubaydır. Bu şəhər bahalı restoranları və otelləri ilə yanaşı, pulsuz gəzə bilinəcəyiniz yerləri ilə də məşhurdur. Fins.az Dubayda heç bir ödəniş etmədən səyahət edə biləcəyiniz yerlərin siyahısını təqdim edir:

Məşhur Dubai Mall, Burc Xəlifə yaxınlığında yerləşir. Dünyanın ən böyük qapalı akvariumuna sahibdir. Bir çox brend geyim mağazaları məhz Dubai Mall-dadır. Bundan başqa, Ticarət Mərkəzində hər yaşa uyğun əyləncə növü var. Buna misal olaraq buz sürüşgəni, uşaq əyləncə kompleksi, 22 kinozalı göstərmək olar. Burada 120 kafe və restoran, dünyanın ən böyük şirniyyat mağazası yerləşir.

Ras Al Khor – Dubayda yerləşən unikal təbiət qoruğudur. Bu BƏƏ-də mühafizə olunan ərazilərdən biridir. Bura 250 növ müxtəlif quşların məskənidir. Həm də qoruqda “Qırmızı Kitab”-a daxil edilmiş 47 bitki növünə rast gəlmək olar. Qoruğun simvolu çəhrayı flaminqolardır. Ras Al Khoru ziyarət etmək üçün internetdən onlayn qeydiyyatdan keçmək lazımdır. Giriş pulsuzdur.

Bastakiya məhəlləsi Dubay körfəzi sahilində yerləşir. Dubayın qədim və dar küçəli məhəlləsi hesab olunur. XX əsrin əvvəllərində İran tacirləri tərəfindən tikilmiş bir neçə qədim evləri ilə məşhurdur. Məhəllə Dubayın keçmişi haqqında təsəvvür yaratmağa imkan verir.

Dəvə muzeyi olduqca maraqlı bir yerdir. Burada siz dəvələrin necə bəslənməsini və dəvə yarışları üçün necə hazırlaşdırıldığını görə bilərsiniz.

Wafi Mall əsl şopinq sevənlər üçün nəzərdə tutulub. Mərkəzdə Dubayın ən tanınmış mağazaları yerləşir. Ən maraqlı məqamlardan biri də Ticarət Mərkəzinin örtüyünün piramida şəklində olmasıdır. Bu da öz növbəsində Misir piramidalarını xatırladır. Burada iki hissəyə bölünmüş “Qallaktika” və “Lunarland” əyləncə mərkəzləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir.