Ucuz səyahət üçün ipucu

Xəbərlər 27 Mart 2014 00:00 1635
Ucuz səyahət üçün ipucu

Dünyanın istənilən ölkəsində öz evin olsun... İstədiyin vaxt gedib orada yayasan, daha gecələmək üçün otel-filan axtarmayasan – bu, kouçsörfinq sisteminin əsasını təşkil edən prinsipdir.


Kouçsörfinq bütün dünyanı sərfəli variantda gəzməyə imkan verir. Xaricə gəzməyə üz tutanlar mehmanxana axtarmır, həmin ölkədə yaşayan və şəbəkə üzvü olan adamlardan birinin evində qalırlar. Sonra həmin adamlar da sənin ölkəndə olanda sənin evində qalır.


Amma kouçsörferlər yalnız gecələməyi təmin etmirlər: şəbəkə daxilində çoxları bir-birinə yaxın adam, qohum kimi yanaşır, şəhəri gəzdirir, maraqlı yerlərə aparır. Beləcə, ucuz və sərfəli turizmin yollarını bir-birinə öyrədirlər.


Əlbəttə, düşünə bilərsiniz ki, yad ölkədə tanımadığın adamların yanına getmək, onlara qoşulmaq təhlükəli ola bilər. Elədir, amma o da var ki, əksər vaxt insan yaxşı tanıdığı adamlardan daha ciddi zərbə alır. Digər tərəfdən, kouçsörferlər fikirlərini paylaşır, bununla bir-birini dürüst tanımağa çalışırlar. Əlavə vasitələrlə də məlumat toplamaq indiki zamanda çətin deyil. Bunun üçün xüsusi saytlar da var. Kouçsörferlər üçün ən populyar saytlar bunlardır:

hospitalityclub.org – 2000-ci ildə açılıb. İlk vaxtlar tələbələrin şəbəkəsi kimi fəaliyyət göstərsə də, sonradan digər ölkəyə səyahət edənlərə yardımçı olmağa başlayıb. Saytda təlimat və məlumatlar rus dilindədir;


couchsurfing.org –2004-cü ildən işləyir. Təlimatların bir qismi rus dilindədir;


globalfreeloaders.com – demək olar bütün dünyanı əhatə edən saytdır. İngilis dilindədir. İstifadə üçün qeydiyyatdan keçmək tələb olunur;


place2stay.net – dünyanın istənilən ölkəsində gecələmək üçün ucuz yerlərin siyahısını təqdim edir;


homelinkint.org – evlər mübadiləsini təqdim edir. Müxtəlif ölkələrdən olan şəxslər qısa müddətə evlərini dəyişir, tətilini oteldə yox, bu saytda tanış olduqları adamların evində keçirirlər.

Bakupost
OXŞAR XƏBƏRLƏR