Azərbaycandakı Böyük Britaniya səfirliyi viza müraciətləri üçün yeni məkanı açıqlayıb. Viza Müraciət Mərkəzi adlanan məkan Xətai Rayonu, Xocalı küçəsi 37, Dəmirçi Biznes mərkəzi, 3-cü mərtəbədə yerləşir, səfirliyin əməkdaşı Günel Əhmədova bildirib.
Ünvan, Britaniya səfirliyinin fevral ayında viza müraciətlərinin aprelin 1-dən sonra səfirliyin binasında deyil, Bakının mərkəzində yerləşən özəl xarici şirkətdə qəbul ediləcəyi barədə məlumatından sonra açıqlanıb. Həmin vaxt səfir İrfan Sıddıq bildirib ki, Britaniyanın dünyada 300-dən çox viza mərkəzlərini idarə edən şirkətlə müqavilə 1 apreldə qüvvəyə minəcək.
İdarəedilməsi səfirliyin işgüzar partnyoru, Teleperformance MMC tərəfindən aparılan Viza Müraciət Mərkəzinin açılışı martın 28-də olacaq. Mərkəzin fəaliyyət saatlarında dəyişiklik ediləcək, lakin iş günləri bazar ertəsindən cümə gününədək davam edəcək.
Müraciətlər barədə qərar isə Böyük Britaniya Vizaları və İmmiqrasiya agentliyinin İstanbuldakı mərkəzi verəcək. Lakin müraciətlərə baxılma müddəti eyni qalacaq, yəni "90% qeyri-məskunlaşma viza müraciətlərinə 15 iş günü və 95% məskunlaşma müraciətlərinə isə 12 həftə ərzində baxılacaq", Səfirlik bildirir.
BBC Azərbaycan