Azərbaycanın ən gözəl 7 şəlaləsi - SİYAHI

Xəbərlər 10 Oktyabr 2016 00:00 8404
Azərbaycanın ən gözəl 7 şəlaləsi - SİYAHI

Unikal coğrafi əraziyə malik Azərbaycanın dağlıq bölgələrində bir-birinin təkrarı olmayan şəlalələr mövcuddur. Böyük Qafqazın ən əzəmətli dağlarından biri – Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycanda bir çox şəlalə olsa da, onlardan daha çox tanınanlarını seçdik.

 

Seyyah.az Azərbaycanın ən gözəl 7 şəlaləsini təqdim edir:

 

1. Laza, Qusar

Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.

 

2. Afurca, Quba

Şəlalə Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşir. Bu şəlalə Azərbaycanın təbiət abidələrinin siyahısına daxil edilib və dövlət tərəfindən mühafizə olunur.

 

3. Muçuq, Qəbələ

Şəlalə Qəbələnin Laza kəndi yaxınlığında yerləşir və Dəmiraparan çayına tökülür. Şəlalənin hündürlüyü 96 metrdir. Muçuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür.

 

4. Yeddi gözəl, Qəbələ

Yeddi gözəl şəlaləsi Qəbələnin Vəndam qəsəbəsindədir. Qəsəbəyə çatdıqdan sonra Yeddi gözəl şəlaləsinə 4 kilometr yol getmək lazım gəlir. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur.

 

5. Təkdam, Yardımlı

Masallı-Yardımlı yolunun 25-ci km-də yerləşir. Yardımlının vizit kartı sayılan, 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir. Ən üstünə qədər çıxmaq üçün hündür pilləkənlər qoyulub. SSRİ vaxtı bu dağlıq-meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar.

 

6. İlisu, Qax

Şəlalə rayonun hündür ərazisində yerləşir və ona çatmaq üçün azı yarım saatlıq yolu piyada qət etmək lazım gəlir. Hündürlüyə qalxmağı bacarmayanlar üçün nəqliyyat vasitələri fəaliyyət göstərir. Şəlalənin hündürlüyü təxminən 25 metrdir.

 

7. Katexçay, Balakən

Şəlalə Katexçayın yuxarı axarlarında yerləşir. Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Hündürlüyü 18-20 metrdir. Bu Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə 500 metrlik çətin yolu keçməklə getmək olar. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Yəni dolanbaclı və uçurumlu cığırlarla aşağı enmək çox çətindir.

 

OXŞAR XƏBƏRLƏR