- İlk səfərinizi necə xatırlayırsınız?
- Belə bir məsəl var ki, "Adama gəzmək qalır". Uşaq yaşlarımda bu məsəlin mənasını başa düşməsəm də illər keçdikcə anladım ki, həqiqətən də insana gəzib-görmək və xatirələr qalır. Mənim ilk səfərim ailəmlə birlikdə 1981-ci ildə Moskva şəhərinə olmuşdu. Düz bir ay boyunca biz orada çox gözəl istirahət etdik və Moskva mənim ən sevimli şəhərimə çevrilmişdi. 1991-ci ildən başlayaraq isə "Parni iz Baku" KVN komandası ilə birgə ora dəfələrlə səfər etdik. Ancaq əfsuslar olsun ki, Moskva artıq əvvəllər olduğu qədər mənim xoşuma gəlmir.

-Hansı ölkəyə getmək arzusundasınız?
-1982-ci ildə İspaniyada futbol üzrə dünya çempionatı keçirilirdi. Onda mənim 10 yaşım vardı və elə həmin vaxtdan İspaniyaya, Əndəlus bölgəsinin memarlığına, ispan musiqisinə vurulmuşam. Üstündən 34 il keçib, amma mən hələ də öz ailəmlə birlikdə Əndəlusa, Sevilyaya, Kordovaya səfər etmək arzusuyla yaşayıram. İndiyə qədər dünyanın təxminən 75 şəhərində olmuşam, amma İspaniya torpağına ayağım dəyməyib. Olduğum ölkələr sırasında Fransa, Almaniya, Çexiya, Avstriya, Polşa, ABŞ, İsrail, İran, İraq, Səudiyyə Ərəbistanı, Türkiyənin adlarını çəkə bilərəm. Ən maraqlısı odur ki, hara getsəm, fotoaparatım yanımda olur və hər anı çəkməyə çalışıram. Bəzi insanlar pullarını bahalı telefonlara, avtomobilə, geyimə sərf edir, mən isə imkanım olanda çalışıram ki, övladlarımı xarici ölkələrə, muzeylərə, teatrlara, mədəniyyət ocaqlarına aparım ki, dünya görüşləri artsın.

Vaşinqton, 1999-cu il

Vaşinqton, 1999-cu il

 

- Səyahət sizin üçün nə deməkdir? 
- Səyahət etməklə mən dünya görüşümü artırıram. Yeni insanlarla, yeni mentalitetlə tanışlıqdan, şəhərlərin memarlığından həzz alıram, bu, məni daxilən zənginləşdirir. Xarici ölkələrdə olanda hər şeyə diqqət edirəm və çalışıram ki, gördüklərimi Azərbaycanda tətbiq edəm.

Kotor şəhəri, Çernoqoriya

Kotor şəhəri, Çernoqoriya

 

- Hansı xarici ölkə sizi təəccübləndirib?
- Məni ən çox təəccübləndirən Azərbaycandır. İstərdim ki, bizdə də xarici ölkələrdə olduğu kimi qanun-qaydalara riayət etsinlər, insanlar arasında düzgünlük olsun. Bu yaxınlarda Bakıda kino çəkilişləri aparılırdı. Rusiyadan gələn bir neçə aktyorla bərabər şəhərdə gəzirdik. Onlar bizim sürücülərin avtomobili necə idarə etməsinə, bulvarda çəkiliş zamanı kənardan bizi izləyən tamaşaçıların tumu çırtlayıb yerə tökməsinə, insanların telefonla qışqıra-qışqıra danışmaqlarına təəccüblənmişdilər. Belə hallar məni əsəbiləşdirir.

Sloveniyada məşhur Roqaşka Slatina kurort şəhərində, 2014-cü il

Sloveniyada məşhur Roqaşka Slatina kurort şəhərində, 2014-cü il

 

- Hansı ölkənin mətbəxini bəyənirsiniz?
- Dünyanın ən gözəl mətbəxi Azərbaycan mətbəxidir. Bizim yeganə səhvimiz odur ki, bu qədər xörəklərimiz ola-ola onları xaricdə yetərincə tanıda bilmirik. Əgər gücümüzü sərf edib bu istiqamətdə işləsək, restoranlarımızın qabağında turistlər növbəyə düzülər. Bizə dünya yox, elə MDB ölkələrindən gələn qonaqlar bəsdir. İkinci növbədə, əgər azərbaycanlılar xarici ölkələrdə açdıqları restoranlara "Azərbaycan" adı yox, milli xörəklərimizin adlarını qoysaydılar, mənə elə gəlir ki, bu da mətbəximizin dünyada tanıdılmasına kömək olardı.

- Sizcə, müəllifi olduğunuz "Mənim sevimli yeməklərim" kitabınız bu istiqamətdə yardım edə bildi?
- Yəqin ki, etdi. Bu, təkcə kitab yox, həm də suvenirdir. Kitabı əldə edə bilməyənlər App Store-dan "Noush Olsun" yazıb, onu yükləyə bilərlər. Kitab ingilis, fransız, italyan, alman, çin, türk dilindədir, bu yaxınlarda ərəb dilinə də tərcümə olunacaq.

- Hansı səfər sizin yadınızda qalıb?

- Dünyanın bir çox ölkələrində olmuşam, amma ən yadımda qalanı Məkkə ziyarəti olub. Orada elə hisslər yaşamışam ki, onları sözlə ifadə edə bilmərəm. Kövrəlirdim, ağlayırdım, əsirdim, bir sözlə, hisslərimi idarə edə bilmirdim. Eyni hissləri Qüdsdə Əl-Əqsa məscidində olanda da yaşamışam.

Kotor şəhərinin "İçəri şəhər"ində

Kotor şəhərinin "İçəri şəhər"ində
- Hansı ölkəyə getmək arzusundasınız?
- Bir rəssam kimi Moskvada Tretyakovski Qalereyasında, Sankt-Peterburqda Ermitaj muzeyində, Parisdə Luvrda olan rəsm əsərlərindən, Vaşinqtonun Mərkəzi muzeyi, Nyu-Yorkun Mərkəzi parkı, Praqa zooparkı, Hamburqun körpülərindən həzz almışam. Elə şəhərlər var ki, orada özümü fiziki cəhətdən yaxşı hiss edirəm. Onlardan birincisi Gəncədir. Gəncənin havasından, gəncəlilərin mənə olan münasibətindən ləzzət alıram. İkinci - Tbilisi şəhəridir. Oranın havası, yeməkləri, insanlarla rahat ünsiyyətdə olmağım xoşuma gəlir. Avropada Vyana və Hamburqda özümü yaxşı hiss edirəm. Dubayda isə həm istidən, həm də insanların davranışından sıxıntı keçirirəm. Bir də son dövrlər Moskvada olanda narahatlıq yaşayıram. Arzum var ki, Tibetə, Çinə, Yaponiyaya gedim.

 

Parisdə reklam çəkilişində, 2014-cü il

Parisdə reklam çəkilişində, 2014-cü il

 


Bəhram Bağırzadə məsləhət verməyi xoşlamadığı üçün bizimlə öz səfər xatirələrini bölüşdü:

2 il əvvəl Parisdə olanda Pompidu Müasir incəsənət muzeyində fotoqraf Anri Kartye-Bressonun sərgisi keçirilirdi. Bilirdim ki, o, 1972-ci ildə Bakıda olub və bir ümidlə yaşayırdım ki, həmin sərgidə Bakıda çəkilən fotolardan birini görüm. İnanın, o fotolardan biri düz muzeyin girişindəydi: iki "bakılı qədeş" Hökümət evinin qabağında əllərində Brejnevin portreti "1 May" bayramını qeyd edirlər. Bu şəkli görəndə sevincimin həddi-hüdudu yox idi. Həmin tablolar bir müddət sonra Anri Kartye-Bressonun Heydər Əliyev Mərkəzində keçirilən sərgisində də sərgilənmişdi.

1966-cı ildə rejissor Klod Leluşun çəkdiyi "Qadın və kişi" filmi mənim ən sevimli filmlərimdən biridir. Hətta rejissor Arif Babayev də o filmdən təsirlənərək öz versiyası kimi "Gün keçdi" filmini çəkmişdi. Bir neçə il əvvəl qismət oldu, Fransanın Dovil bölgəsində həmin filmin çəkildiyi məkanlarda gəzdim. Bu, mənim çoxdankı arzum idi.

Heç vaxt ağlıma gəlməzdi ki, Məkkəni ziyarət edəcəm. Nənəmgil indiki Vidadi 46 küçəsində yaşayırdılar və o vaxt bizim evimizdə Məkkənin şəkli var idi. Uşaq idim, rəhmətlik xalam mənə başa saldı ki, bura bütün müsəlmanların getdiyi müqəddəs yerdir. Həmin vaxtdan düz 21 il keçəndən sonra mən Məkkə ziyarətinə getdim.

Məkkə, 2002-ci il

Məkkə, 2002-ci il

 

Rəhmətlik atam "Sovetski"də yaşamışdı deyə, oranın mənim üçün xüsusi bir yeri var. Ora söküləndə bütün küçə adlarını yığdım və bağımda xüsusi bir yerdə onları asmağı planlaşdırıram.

Mənbə: buro247.az

Mənbə: 

Mənbə:http://www.buro247.az/lifestyle/travel/ulduz-b-l-d-i-b-hram-ba-rzad.html