Yunanıstan ərazisinin 10 faizi adalardan ibarətdir, amma onların arasında ən gözəli yüksək qayalıqlarda salınmış Santorinidir … Bura mavi ilə lüksün sintez olduğu məkandır.
Santoriniyə gedib çıxmaq olduqca yorucudur. Lakin bir neçə marşrut var. Biz əvvəlcə İstanbul-Bodrum, Bodrumdan isə Kos adasına keçərək səyahətimizə başladıq. Kos adasında bir neçə gün qalmağa qərar verdik və daha sonra sərnişin gəmisi ilə Santoriniyə keçdik. Bu gözəlliyə addım atdığınız an dənizin görünüşü sizi heyran edir. Mavinin hər çaları burada var. Qədim evlərin olduğu kimi saxlanması buranın gözəlliyini artırır. Uçurumun yamaclarında ağappaq görüntü ortaya çıxır…

Santorinidə hansı məkanları gəzmək lazımdır?
Oia və Fira bölgəsi ən məşhur yerlərdir. Lakin Oiada turistlər həddindən artıq çoxdur. Gecə-gündüz burada turistləri görə bilərsiniz. Hətta gün batımı mənzərəsini izləmək üçün əla terrasları olan restoranlarda boş yer tapmaq çox çətindir. Əvvəlcədən rezervasiya etməyiniz məsləhətdir. Biz isə Melita restoranını seçdik. Yeməkləri və mükəmməl terras mənzərəsi ilə gözəl gün batımını izlədik. Alış-veriş etmək üçün bir çox butik var. Burada hədiyyəlik əşyalar və kətan paltarlar çox bahadır. Gecə həyatı üçün isə Fira bölgəsi məsləhətdir. Buranın yeməkləri çox dadlıdır və dəniz məhsulları bütün restoranlarda təklif edilir. Santorini küçələrinin elə gözəl qoxusu var ki, insanı acdırır. Yerli sakinlərin bir çoxunun şirniyyat dükanlarından yayılan qoxu insanı ovsunlayır.
Harda əylənmək olar?

Santorini vulkan püskürməsi nəticəsində yaranan adadır. Hətta vulkanın püskürdüyü əraziyə gəmi turları təşkil olunur. Lakin adanın çimərliyi dəbdəbəli deyil. Dəniz çox vaxt dalğalı olur və sahildə qumdan çox daşlar var. Lakin Red Beach’i görməyə dəyər. Dağın yamacındakı bu çimərliyin qumları qırmızı rəngdədir. Burada ən kiçik zəlzələ uçqunlara səbəb ola bilər. Adanı gəzmək üçün avtomobillər kirayə təklif edilir. Lakin yollar çox dar olduğu üçün çalışın ən kiçik avtomobili kirayə götürün.
Harda qalmaq olar?

Burada bir çox otel mövcuddur. Hər büdcəyə uyğun yer tapa bilərsiniz. Yamaclardakı mənzərəli, cakuzili və hovuzlu otellərin qiyməti bahadır. Lakin cakuzisi və hovuzu olmayan otelləri tövsiyə etmirəm. Çünki Santorinidə çox gəziləcək yer yoxdur. Bir neçə görməli yerdən sonra geriyə qalan oteldən adanın mənzərəsini izləməkdir. Bizim seçdiyimiz “Canaves Oia” bölgədəki ən mükəmmək oteldir. Mənzərə, keyfiyyət, hovuz, rahatlıq… Santorininin ən gözəl xüsusiyyətləri bu oteldə cəmlənib. Yalnız qiyməti digər otellərə nisbətdə bahadır.
Qısacası Santorini hər kəsin mütləq görməli olduğu yerlərdəndir.