Restoranda stol sifariş edib nahar etmək göründüyü qədər də asan deyil. Hətta pulunuz çox olsa da, sizə yer tapılmaya bilər. Ona görə də dünyadakı bəzi restoranlarda əyləşmək üçün bir neçə ay, bəzən isə hətta bir il əvvəlcədən sifariş vermək lazımdır. Seyyah.az dünyanın ən prestijli və sərt sifariş qaydaları olan restoranlarını təqdim edir.
En Celler De Can Roca (İspaniya)

İspaniyanın Jiron şəhərindəki bu restoran məşhur baş aşpazlar olan Roka qardaşlarına məxsusdur. Restoran «Mişlen» qiymətləndirməsinə görə, ən yüksək qiymətə - 3 ulduza layiq görülüb. Ona görə də, təəccüblü deyil ki, buradakı yerləri 11 ay əvvəlcədən bronlamaq lazımdır. Amma ən maraqlısı bronlanmanın necə baş verməsidir. Restoranın qaydalarına görə, burada stol sifariş vermək üçün yalnız ayın 1-də, özü də gecəyarı müraciət etmək lazımdır. Üstəlik, sifariş edən şəxs öz bank kartının məlumatlarını da restorana təqdim etməlidir. Necədir, istəyirsiniz?!
Talula’s Table (ABŞ)

İnanılmaz şəraiti və qaydaları olan bu restoran ABŞ-ın Pensiyavaniya ştatındakı kiçik Kennet-Skver şəhərciyində yerləşir. Gündüzlər bura fermer məhsullarının mağazası və bişirmə sexi kimi fəaliyət göstərir. Axşamlar isə «Talula’s Table»də qastronomik partilər təşkil edilir. Partidə qonaqlara 8 yeməkdən ibarət olan «Farmtable Dinner» təklif olunur. Menyu mövsümidir və hər 6-8 həftədə bir dəfə dəyişir. Bir nəfər üçün setin qiyməti 108 dollardır (Bakı restoranlarında 15 manatlıq xaş setinə baha deyənlərin nəzərinə :) ). «Talula’s Table»da stol bronlamaq çox çətin məsələdir və əsl mərasimdir. Məsələ bundadır ki, restoranda cəmi bir stol var, burada 8-12 nəfər yerləşə bilər. Həmin stolu düz 1 il əvvəl həmin gün səhər saat 7-də telefonla sifariş vermək lazımdır. Zəngli saat səni oyatmadısa, sifariş etmək üçün növbəti günü gözləməlisən.
«Osteria Francescana» (İtaliya)

İtalyanca çox melodik səslənən bu adın əslində gülməli mənası var - «Oy! Mən limonlu tortu əlimdən yerə saldım!». İtaliyanın Moden şəhərində yerləşən və baş aşpaz Massimo Botturaya məxsus olan «Osteria Francescana» dünyanın ən yaxşı 50 restoranından biridir. Restoranda yer bronlayandan sonra həmin yerdə oturmaq üçün nə az, nə çox, düz 3 ay gözləməlisən. Burada stolu onlayn sifariş etmək də olar. Amma yalnız ayın ilk günündə. Məsələn, dekabrın 1-də restoranda gələn ilin mart və aprel ayları üçün stol sifariş etmək olar. Bəs necə, dünyanın ən yaxşı 50 restoranından birindən danışırıq…
Noma (Danimarka)

Skandinaviyanın ən məşhur restoranında yer tapmaq az qala lotereyada udmaq qədər çətindir. Məsələ bundadır ki, «Noma» restoranında stol sifariş etmək istəyənlər 3 ay virtual növbədə gözləməlidirlər. Belə ki, restoranda gələn ilin yanvarında stol sifariş vermək istəyənlər bunu oktyabrda etməlidirlər, fevral ayı üçün sifarişlər isə noyabrda başlayır. Bundan başqa, restoranda yer tutmaq üçün gözləmə siyahısına da yazılmaq olar. Bəxtləri gətirənlər ümumi stolların kənarında yerə sahib ola bilərlər – «Noma»da belə variantlar da var.
Per Se (ABŞ)

Nyu-Yorkdakı bu restorana getmək istəyənlər sifariş verməzdən əvvəl ciblərini və bank hesablarını nəzərdən keçirib yaxşı-yaxşı fikirləşməlidirlər. Məsələ bundadır ki, 2014-cü ilin dekabrında «Per Se» restoranı «Fox News» telekanalının versiyasına görə, şəhərin ən bahalı 3-cü restoranı seçilmişdi. O vaxt bir nəfər üçün çekin orta qiyməti 851 dollar idi. Restoranda əsasən amerikan və fransız mətbəxinin təamlarını dada bilərsiniz. Görünür bahalığına görə, burada stol sifariş etmək yuxarıdakı restoranlardan bir qədər asandır. «Cəmi» iki ay əvvəl restorana zəng edirsən, ya da «Opentable» xidmətindən yararlanırsan. Pulunuz varsa, nuş olsun.