İlk dəfə səyahət edənlər hansı nəqliyyatda olursa-olsun, pəncərədən boylanmaqla vaxt keçirir. Əlbəttə, bu, pəncərə kənarında əyləşmisinizsə, işinizə yarayacaq. Əks halda ya sizin başınız başqasının yuxusuna haram qatacaq, ya da saçınız kiminsə kofesinə… Musiqi dinləmək və ya film izləmək də yaxşı fikirdir… Ancaq çox-çox uzun yollarda bunlar da müəyyən vaxtdan sonra sıxıcı gələcək. Sizə səfərə başlayandan sonadək sıxılmayacağınız bir məşğuliyyət lazımdır. Səyyahlar bu işdə mütaliənin əvəzedilməz olduğunu qeyd edir.
Qulu Məhərrəmli, jurnalist
Mənim üçün səyahət zamanı mütaliənin müəyyən özəllikləri var. Məsələn, adətən səyahətə çıxanda irihəcmli əsərlərə deyil, hekayələr kitabına daha çox üstünlük verirəm. Çantaya rahat yerləşməsi üçün kitabın həcmini də nəzərə almaq vacibdir. Əvvəllər bəzi nəşriyyatlarımız nəqliyyatda oxumaq üçün kiçik kitabçalar buraxırdılar, heyf indi onlara rast gəlmirəm. Amma bu yaxınlarda nəşriyyatlarımızdan birinin hekayə ustaları seriyası buraxdığını görüb, çox sevindim. Bu silsilədən M.Cəlil, Ə.Haqverdiyev, İ.Şıxlı, Edqar Po, İ.Bunin, Ə.Nesin, Ç.Aytmatov, S.Dovlatov və b. populyar yazıçıların hekayələri çap olunub. Bu hekayələri səyahət zamanı oxumaq çox rahatdır. Bir məntəqədən başqasına qədər 1-2 hekayə oxuyub, sonra rahatca beynində onları təhlil edirsən. Bir də xoşlayanlar üçün səyahət zamanı elmi-kütləvi ədəbiyyat çox yerinə düşür. Hərdən adama elə gəlir ki, belə ədəbiyyatlar səyahət zamanı daha yaxşı həzm olunur. Məsələn, mən səfərə çıxanda özümlə bu cür ədəbiyyatlar və hətta kiçik lüğətlər də götürürəm.
Elçin Cəlilov, idman jurnalisti
Kiyevdən Barselonaya 13 saatlıq uçuş zamanı Qabriel Qarsiya Markesin “Patriarxın payızı”nı oxumuşam. Möhtәşәmdir! Sankt-Peterburqa səfərim zamanı isə Dostoyevskinin “Bәyaz gecәlәr”ini oxudum. Türkiyәyә yolum düşәndә çalışıram Özdəmir Asafın şeirlәrini, Orhan Pamukun esselәrini oxuyam. Yәni çalışıram ki, getdiyim ölkәyә yaxın müәlliflәri oxuyum. Osloya gedәndә Murakaminin “Norveç meşәsi”ni, Londonda isə Hemenqueyin qeydlәrini lәzzәtlә oxudum.
Əhməd Muxtar, fotojurnalist
Səyahət zamanı normal kitab yox, “kindle” (elektron kitab – red.) götürürəm. Çünki daha asan və yüngül olur. Lakin onu deyim ki, istər səyahət zamanı, istərsə də adi günlərdə oxuduğum kitabların fərqi olmur. Sadəcə səyahət zamanı yarımçıq qalmış kitabımı davam etdirirəm. Nəzərə alsaq ki, son zamanlar tez-tez səfər edirəm, “kindle” həmişə yanımda olur. Daha çox fotoqrafiyaya aid kitablar oxuyuram. Hazırda “Dövrümüzün fotoqrafları danışır” adlı tərcümə kitabı oxuyuram. Məşhur fotoqrafların söhbətlərindən bəhs edən, sənədli janrda yazılan kitabdır.
Vüqar Bayramov, iqtisadçı
Son uçuşlarımda John Grishamın “The Whistler” kitabını və Douglass Northun “Understanding the Process of Economic Change” kitabını yenidən oxudum. Douglassın kitabı 2005-ci ildə nəşr edilib və həmin vaxt oxumuşdum, amma yenidən oxumaq istədim və son iki səfərimdə həmin kitabı oxudum.
Ələsgər Məmmədli, hüquqşünas
Mən hansı ölkəyə gedirəmsə, çalışıram ki, öncədən həmin ölkənin tarixi, coğrafiyası, iqtisadiyyatı, sosial və siyasi həyatı, mədəniyyəti haqqında müəyyən məlumatlar əldə edim. Odur ki, daha çox onlayn formada həmin ökləyə dair informasiyaları oxuyuram. Ümumiyyətlə, səfər zamanı oxumaq o qədər də asan deyil. Çünki səfər hazırlığı əsasən konkret məqsəd üçün olur. Hansısa toplantıya, tədbirdə təqdimat üçün gedirəm. O zaman da diqqətimi mövzuma verirəm.