Halal – turizm” üzrə 2016-cı ilin ən yaxşı istiqaməti müəyyənləşib. Seyyah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ada İndoneziyanın Qərbi Sumatra əyaləti layiq görülüb.
Region Abu-Dabidə təqdim olunmuş “Dünya Halal Turizm Mükafatına” (World Halal Tourism Awards) layiq görülüb. Ümumilikdə 16 nominasiyadan 12-si İndoneziyanın payına düşüb.
“Halal turistlər üçün ən yaxşı avia şirkət” adına İndoneziyanın “Garuda Indonesia” layiq görülüb. Hava limanları arasında Sumatra adasının Banda-Açex şəhərində yerləşən “Sultan İskəngdər Muda” qalib gəlib.
Ölkənin Bali adasında yerləşən “The Rhadana Kuta” oteli səyahət edən müsəlman ailələr üçün “Ən yaxşı otel” nominasiyasında qalib olub. “Dünya Halal Turoperatoru mükafatı”na isə Qərbi Sumatrada yerləşən “Ero Tour” şirkəti layiq görülüb.
İndoneziyadan əlavə Malayziya (halal – turizm, həc və ümrə üzrə ən yaxşı otel), Türkiyə (ən yaxşı kruiz operatoru) və hətta Yaponiya (İslam Əməkdaşlıq Təşkilatına daxil olmayan ölkələr arasında prespektivli turizm məntəqəsi) da “Halal” istiqaməti üzrə bir sıra mükafatlara layiq görülüb.
“Dünya Halal Turizm Mükafatı” (World Halal Tourism Awards) ilk dəfə 2015-ci ildə təqdim olunub. Münsiflər heyəti qalibləri beynəlxalq onlayn səsvermə və hər bir spesifik sahə üzrə “halal – turizm” mütəxəssisinin rəyi əsasında müəyyən edirlər. Bu il keçirilmiş səsvermədə 116 ölkədən təqribən 2 milyon insan iştirak edib.