Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Bakıda turizmin inkişafı üçü atılacaq addımlar açıqlanıb.
Bu addımlardan biri ondan ibarətdir ki, Milli Turizm Təbliğat Bürosu xarici və yerli turoperatorlarla birgə Novruz bayramı ərəfəsində turist xidmət paketləri hazırlayacaq. Paketə yerləşdirmə vasitələri və təyyarə biletlərini daxil olacaq.
Azərbaycanın, əsasən də Bakının Novruz bayramı ərəfəsində cəlbediciliyini artırmaq məqsədilə çərşənbə axşamlarında və bayram zamanı açıq hava altında festivallar keçiriləcək, Azərbaycan və regiondakı qonşu ölkələrdən folklor musiqi ifaları və Novruz süfrələri ətrafında fəaliyyətlər təşkil ediləcək. Həmin tədbirlərdə iştirak da bu paketlərə əlavə ediləcək.
Mədəniyyət və Turizm Nazirliyi dövlət və özəl sektorun nümayəndələri ilə əməkdaşlıq edərək Bakı turizm tədbirləri təqviminə uyğun olaraq, ticarət festivalını təşkil edəcək. Bu tədbirlərə pərakəndə ticarət, bədii tamaşalar, paradlar, Naftalan nefti və Naxçıvan Muxtar Respublikasının duz dağının təbliği üçün seminarların təşkili kimi digər turizm tədbirləri də daxil ediləcək.
Festivalda sənətkarların hazırladığı mis məmulatlar kimi Azərbaycan məhsullarının təklifinə də xüsusi önəm veriləcəkdir.