Bakıda bir-birindən fərqli parklar var. Paytaxtın müxtəlif yerlərində yerləşən bu parkların hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, və uşaq meydançaları var. Bu məkanlarda istirahət etmək, uşaqlarla gəzmək, dostlarla ünsiyyətdə olmaq, ya da sadəcə tənhalığa qapılmaq olar.
Seyyah.az paytaxt sakinləri və gözəl şəhərimizin qonaqları arasında xüsusi populyarlıq qazanan ən görməli Bakı parklarının siyahısını təqdim edir:
Dənizkənarı Milli Park
Dənizkənarı Milli Park, yaxud məşhur Bulvar Azərbaycan paytaxtının ən görməli, bakılıların və şəhərin qonaqlarının sevimli istirahət yerlərindən biridir. 2009-cu ildə bulvar 100 illik yubileyini qeyd edib.
Bulvarda ailəvi istirahət üçün hər cür şərait var: onlarla müxtəlif attraksion, yelləncək, “şeytan çarxı”, 7D kinoteatr, kiçik kafelər, “Bahar” yay kinoteatrı, yay uşaq teatrı və paraşüt qülləsi. Burada ötən əsrin 60-cı illərində inşa edilən əfsanəvi “Mirvari” yay kafesi, estakadada yerləşən və dənizə “baş vuran” “Sadko” kafesi yerləşir. Dəniz gəzintisi həvəskarları üçün sərnişin gəmiləri, habelə Yaxt-klub və üzən restoran fəaliyyət göstərir. Bakı bulvarının guşələrindən birini Venetsiya adlandırırlar, burada lap elə həmin İtaliya şəhərində olan kimi süni dar kanallarda qayıqlar və qondolalar üzür.
Populyar alış-veriş və əyləncə mərkəzi Park Bulvar, Beynəlxalq Muğam Mərkəzi və məşhur Azərbaycan Xalça Muzeyi də Dənizkənarı Milli Parkdadır.
Dənizkənarı Park çiçək və yaşıllıqlara bürünüb. Bulvarın yubileyi ərəfəsində dünyanın müxtəlif ölkələrindən bura cürbəcür ekzotik bitkilər və kollar, o cümlədən Argentinadan hər birinin çəkisi 7 ton, yaşı 150-dən çox olan baobablar, nəhəng kaktuslar, hündür zeytun və xurma ağacları gətirilib.
2008-ci ildən Azərbaycan Prezidentinin Fərmanı ilə bulvarda əsaslı yenidənqurma işləri aparılır. Bu işlərə Bakı Şəhər İcra Hakimiyyəti ümumilikdə 500 milyon ABŞ dolları ayırıb. Dənizkənarı Milli Parkın ərazisi daim genişlənir, son nəticədə o, əvvəlkindən beş dəfə böyük olacaq. O, bir tərəfdən, Dəniz Vağzalından Zığ qəsəbəsinədək, o biri tərəfdən isə Əl Oyunları Sarayından Bibi-Heybət məscidinədək uzanacaq.
2014-cü ildə Dövlət Bayrağı Meydanına qədər uzanan Dənizkənarı Milli Parkın yeni hissəsində 38 yerlik şüşə kabinəsi olan 60 metr diametrli müasir attraksion-panoramın (“müşahidə təkəri”) açılışı olub.
Filarmoniya bağı (Qubernator bağ)
Filarmoniya bağı əvvəllər Mixaylovsk bağı, Qubernator bağı, İnqilab və ya Filarmoniya bağı kimi tanınıb. O, Azərbaycan paytaxtında ən qədimi parklardan biridir. Parka “Qubernator bağı” adını qubernatorun evi ilə üzbəüz yerləşdiyinə görə veriblər. Bağ İçərişəhərin şərq qapısı ilə Azneft meydanı arasındakı ərazisində yerləşir.
4,6 hektar sahəsi olan bağın çox maraqlı tarixçəsi var. XIX əsrin 30-cu illərində şəxsi bostan və bağların yerində salınan bu park uzun illər şəhərin yeganə bağı olub. Qubernator bağının landşaftı əlli il müddətində yaradılıb və formalaşdırılıb.
XIX əsrin 60-70-ci illərində Qubernator bağının sahəsi yetərincə genişləndirilib, on il sonra isə burada rəqs meydançası, hovuz, köşklər, terraslar tikilib. XX əsrin əvvəllərində bağın aşağı və yuxarı hissəsi demək olar ki, bitişib. 1912-ci ildə Nikolayev və Sadovaya küçələrinin (indiki İstiqlaliyyət və Niyazi küçələri) tinində konsert zalı, yay estrada səhnəsi və restoranı olan İctimai Məclisin möhtəşəm binası inşa edilib. Bu, bağın landşaft kompozisiyasının formalaşmasını faktik olaraq tamamlayıb.
Adi şəhər sakinləri üçün bağa giriş həftədə bir günlə məhdudlaşdırılmışdı. Lakin yüksək rütbəli əsilzadələr, neft milyonçuları üçün qapılar həmişə açıq idi.
2009-cu ildə bağda bərpa işləri aparılıb. Bağın yenidən qurulması zamanı burada nadir ağaclar (palıd, sidr və göyrüş) və bir sıra ekzotik bitki növləri əkilib, yeni suvarma sistemi, gözəl landşaft kompozisiyaları meydana gəlib.
Bu gün, əvvəllər olduğu kimi, Filarmoniya bağı bakılıların və paytaxtın qonaqlarının sevimli istirahət yerlərindən biridir. Maraqlıdır ki, burada ağacların çətirində bir çox illərdir Azərbaycan faunasına xas olmayan, haradan gəldiyi bilinməyən tutuquşular məskən salıb. Parkda Dövlət Filarmoniyası, Şairlər Evi gəzintidən sonra istirahət edə biləcəyiniz çoxsaylı köşk, kafe və restoranlar yerləşir.
Zabitlər parkı
Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra Zabitlər parkı 2011-ci ildə yenidən açılıb.
Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub. Budur, fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf oturub. Bir az aralıda bir qız yoldan ötənlərə çiçək satır.
Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi “buz” kafesi var.
Sahil parkı
Bakının mərkəzində daha bir böyük və səliqəli park yerləşir. Paytaxt sakinləri və qonaqlarının vaxtlarını keçirdiyi bu yer “Sahil parkı” adlanır. Sovet dövründə salınan bu park əvvəllər “26 Bakı komissarı meydanı” kimi tanınırdı. Bu gün burada, düz parkın ortasında, böyük və çox gözəl, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Fəvvarə suyunun şırıltısı il boyu çoxillik ağacların kölgəsində istirahət edən adamların ruhunu oxşayır. Bu ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.
Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu park tarixi tikililərlə əhatə olunub.
Parkın perimetri boyunca Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin adları ilə bağlı binalar yerləşir. Məsələn, buradakı evlərin birində 1937-ci ildən 1967-ci ilə qədər Azərbaycanın böyük opera müğənnisi, SSRİ Xalq Artisti, Azərbaycan vokal musiqisinin əsasını qoyanlardan biri olmuş Bülbül yaşayıb.
Azərbaycan Rəssamlar İttifaqı da bu binada yerləşir. Bülbül prospekti ilə Xaqani küçəsinin kəsişdiyi yerdə. 1932-ci ildə yaradılmış Rəssamlar İttifaqı Azərbaycan rəssamlıq məktəbinin nümayəndələri olan çoxsaylı görkəmli heykəltəraş və rəngkarları birləşdirir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası dünyada ən zəngin kitab kolleksiyalarından birinə malikdir. Milli mədəniyyət xəzinəsi olan bu kitabxana da böyük tarixi maraq doğurur. Kitabxananın binası 1949-cu ildə görkəmli Azərbaycan memarı, akademik Mikayıl Hüseynov tərəfindən layihələndirilib, bina 1960-cı ildə tikilib. Binanın fasadının yuxarı hissəsində yerləşən tağlarda Azərbaycanın və dünyanın görkəmli mədəniyyət, incəsənət və elm xadimləri Nizami Gəncəvi, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Aleksandr Puşkin, Dmitri Mendeleyev, Şota Rustaveli və başqalarının heykəllərini görmək olar.
Xaqani bağı (Molokan bağı)
Xaqani bağı Bakıdakı ən qədim parklardan biridir. Sahəsi nisbətən kiçik (0,8 hektar) olan bu bağın adı bir neçə dəfə dəyişdirilib. Hazırda o, orta əsrlərdə yaşamış, əslən Şamaxıdan olan böyük şair Xaqani Şirvaninin adını daşıyır. Lakin bu park Molokan bağı adı ilə daha məşhurdur. Bu da təsadüfü deyil. XIX əsrdə bu bağın ətrafında karvansaralar var idi. Rusiyanın müxtəlif yerlərindən mal gətirmiş Molokan tacirlər çox vaxt həmin karvansaralarda qalırdı. Yaxınlıqdakı küçələrdə, döngələrdə, həyətlərdə çəllək hazırlanan emalatxanalar vardı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Molokan bağının adını dəyişib, 1905-ci il qanlı bazar faciəsi ilə əlaqədar “9 yanvar” bağı qoyublar. Sonra bu bağa Həşim Əliyevin adı verildi.
Bağın arxitektura-landşaft kompozisiyasının əsasını “Üç gözəl” heykəllər qrupu ilə əyrixətli formalı hovuz təşkil edir. Zərifliyi ilə seçilən gözəllər hovuzda iri təbii qaya parçaları üzərində oturublar.
Bağ pavilyonunun sütunları hovuzdan başlayır. Bağın cığırları elə istiqamətlənib ki, ətraf məkanı diaqonal üzrə kəsərək, ortada yerləşən hovuzun yanından keçir. Bağ kiçik olsa da, xudmanidir və bakılıların sevimli istirahət yeridir. Bağda ağaclar böyük kölgəlik zonalar yaradır. Kölgəlik yerlərdə isə istirahət üçün skamyalar qoyulub.
Hazırda Azərbaycanın Xalq Şairi Səməd Vurğunun adını daşıyan bu park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltəraş F.Əbdürrəhmanov və arxitektor M.Hüseynovdur.
2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb. Bəzi ləklər Azərbaycan xalçalarının, kəlağayılarının və s. ənənəvi motivi olan buta şəklində əkilib. Parkda hələ sovet dövründə tikilən yaraşıqlı fəvvarələr bərpa edilib, işıqlandırma tamamilə yenilənib, yeni fənərlər quraşdırılıb, yüzillik ağacların kölgəsində rahat skamyalar qoyulub.
Hazırda S.Vurğun adına parkda hər şey ahəngdar və gözəl görünür. Park əvvəlki kimi şəhər sakinlərinin və paytaxtımızın qonaqlarının sevimli istirahət yeridir. Bura ənənəvi olaraq həm ahıllar, həm də cavanlar gəlirlər. Gənc analar, nənələr uşaqları gəzməyə çıxarır, gənclər kölgədə oturub qulaqlıqla musiqiyə qulaq asır, yaxud konki sürür, veteranlar isə bir qayda olaraq ya domino, ya da nərd oynayırlar. İlin isti aylarında axşamlar fəvvarələrin yanında istirahət edənlərin sayı xüsusilə çox olur.