İrlandiyanın dünyaca məşhur aşağı büdcəli aviaşirkəti “Ryanair”in rəhbəri Michael O’Leary bir neçə gün öncə səyahətsevərlər üçün şad xəbərini açıqladı və qarşıdakı 5 il ərzində pulsuz biletləri dövriyyəyə buraxacaqlarını bildirdi. Bəs şirkət bundan nə qazanacaq?
Seyyah.az-ın məlumatına görə, son illərdə aviaşirkətlər biletlərin qiymətini mümkün qədər aşağı endirir, lakin digər tərəfdən əlavə xidmətlərin (baqaj, pəncərə kənarında əyləşmək və s. – red.) qiymətlərini artırırlar. Bir çox hallarda əlavə xidmətin dəyəri biletin qiymətindən də baha çıxır. Artıq bütün aviaşirkətlər oxşar metoddan istifadə etdiyi üçün sərnişinlər də buna öyrəşib.
“Ryanair”in maraqlı taktikası
Şirkət son illərdə Avropanın hava limanlarında artan vergilərə görə narazılığını bildirir. Dövlətin artıq vergi aldığını iddia edən şirkət rəhbəri O’Leary hava limanlarındakı alış-veriş mərkəzləri və restoran rəhbərlərinə “birgə pul qazanaq” deyir:
“Sərnişini mən gətirirəm, lakin pulu hava limanı qazanır. Sərnişin təyyarəni gözləyən zaman alış-veriş edir, restoranda yemək yeyir. Artıq hava limanındakı sahibkarlar qazandıqları pulları aviaşirkətlərlə bölüşməlidir…”
Şirkət burdan əldə edəcəyi qazancı “pulsuz bilet” formasına salmağı planlaşdırır. Bu metodun necə işləyəcəyi isə səbirsizliklə gözlənilir.
Pul qazanmanın yeni yolu
Araşdırmalar nəticəsində məlum olub ki, ötən il aviaşirkətlərin bilet satışından əlavə, digər gəlirləri 59,2 milyard dollar olub. Bu il isə hədəf 70 milyard dollardır. Əlavə gəlirin 30 faizi baqajın, 25 faizi təyyarədə yemək satışının, 15 faizi isə yer seçiminin üzərinə düşür. Aviaşirkətlər həmçinin biletlə bərabər, avtomobil, otel, sığorta kimi əlavə xidmətlərə görə də gəlirlərini sürətlə artırır.
Eləcə də bax: «Burada hava da pulludur» - AVİAŞİRKƏTLƏRİN KAPRİZLƏRİ
Mənbə: sey-yah.com