Bəzən sevdiyimiz filmlərdə təkcə obrazlar deyil, onların çəkildiyi məkanlar da bizdə böyük maraq doğurur. Hətta bəzilərimiz özümüzü ulduz kimi hiss etmək üçün həmin yerlərə yollanmaq, ekrandan duyduğumuz ab-havanı hiss etmək istəyirik.
"Parisdə gecəyarı"
Vudi Allenin filmində Parisin simvolik yerləri, bulvarları və dar küçələri ilə yanaşı, əfsanəvi "Le Bristol" oteli də görünür. Baş qəhrəmanların qaldığı və Fransa paytaxtının əsrarəngiz mənzərisinə açılan eyvanlı otaq "Suite Panoramique"-dir. Bəzi çəkilişlər isə otelin lobbisində və giriş hissəsində aparılıb.





"Turist"
Baş rolların ifaçıları Ancelina Coli və Conni Depplə olan səhnələrin əksəriyyəti əsasən, Venesiyada çəkilib. Rejissor Florian Henkell fon Donnersmark şəhəri yeni bir rakursdan göstərmək istəyirdi. Bu səbəbdən qəhrəmanların qaldığı məkanın çəkilişləri üçün 5 ulduzlu "Daniel" oteli seçilib. Lakin filmdə tamaşaçılar yalnız otelin lobbisini və dəbdəbəli pilləkənlərini görür.





"Da Vinçi şifrəsi"
Amerika yazıçısı Den Braunun əsərinə görə, əsas qəhrəman Lenqdon Parisdə "Ritz" otelində qalır. Bu səbəbdən filmdə bəzi səhnələr həmin oteldə çəkilib. Lenqdonun qaldığı nömrədə interyer 100-dən çox obyektin köməyi ilə yenidən qurulub. İki ay ərzində otaq yenidən əvvəlki vəziyyətinə qaytarılıb. Lakin hazırda oteldə yenidənqurma işləri gedir.




"Əjdaha döyməli qız "
Yazıçı Stiq Larssonun kitabı əsasında rejissor Devid Finçerin çəkdiyi eyniadlı film Sürixdəki "Dolder Grand" otelində çəkilib. Ekran əsərində otelin dəhlizlərini və qəhrəmanların qaldığı "Masina Suite"-u görmək olar. Çəkilişlər müddətində otelin lobbisi qonaqlar üçün bağlanıb, filmdə isə qəbul zamanı belə bir ifadə səslənir: "Dolder Grand"-a xoş gəlmişsiniz".



"Notting Hill"
Baş rollarda Culiya Roberts və Xyu Qrantın çəkildiyi romantik komediya Londonun ən yaxşı otellərindən olan "Ritz"-də çəkilib. Məşhur bir aktrisayla mağaza sahibkarının sevgi hekayəsindən bəhs edən filmin çəkilişləri otelin qarşısında, lobbidə, dəhlizlərdə, eləcə də baş qəhrəmanların görüşdüyü "Trafalgar Suite"-də aparılıb.




"Viki Kristina Barselona"
Rejissor Vudi Allenin sevgi və ehtiras dolu filmi İspaniyanın şimalında yerləşən Ovyedo adlı şəhərdə çəkilib. Çəkilişlər "Melia Hotel de la Reconquista" və "Hotel Casa Fuster" otellərində aparılıb. 2008-ci ildə filmin təqdimatından sonra baş qəhrəmanları canlandıran Xavyer Bardem və Penelopa Krus evlənib, aktrisa "Mariya" roluna görə "Oskar" mükafatı qazanıb.




"007: Skayfoll koordinatları"
Xəfiyyə Ceyms Bondun sonuncu filmi London, İstanbul və Şanxay şəhərlərində çəkilib. Layihə üçün "Corinthia Hotel" və "Four Seasons Canary Wharf" otelləri seçilib.

