Turizm sahəsində çalışan bələdçilik sertifikatı olan bir qrup işçi yenidən sertifikat almağa vadar edilir. Sertifikatın qiyməti isə nə az, nə çox 600 manatdır.
3 aylıq kursa 600 manat tələb olunur
Bununla bağlı Seyyah.az-a bir qrup bələdçi şikayət edib. Bələdçilər bildirirlər ki, onlar 2016-cı ilin mart ayında BMT, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi kursları bitirərək sertifikat alıblar. O gündən bəri həmin sertifikatla da işləyirlər. Amma indi onlardan bələdçi kimi işləmək üçün Azərbaycan Turizm və Menecment Universitetində 3 ay kurs keçmələri tələb olunur. Qeyd edək ki, kurs ödənişlidir. 3 aylıq kursa 600 manat ödəniş tələb olunur.
Bu sertifikat deyil, xüsusi kartdır
Məsələ ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanovun açıqlamasını təqdim edirik:
“2008-ci ildən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Təlim Mərkəzi tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə “Turizm bələdçisi” kursları təşkil olunur. Bu günədək ATMU-nun dəstəyi ilə 57 nəfər bu kursları bitirərək, Mədəniyyət və Turizm Nazirliyinin “Turizm Bələdçilərinin Akkreditasiya Komissiyası”nın imtahanlarını verərək müvafiq bələdçi kartları alıblar. Həmçinin uzun illərdir ölkədə bələdçi fəaliyyəti ilə məşğul olan bir-neçə nəfər qocaman bələdçi fəxri bələdçi kartlarına sahib olublar.
Bələdçi kurslarını bitirmiş şəxslər üçün keçən dövr ərzində Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birlikdə HOT 1 (Hands on Traning), HOT 2 təlimi təşkil edilmiş və bir-neçə yerli bələdçi beynəlxalq sertifikatlar da alıblar. Onlardan bir nəfəri Alman dili üzrə bələdçi Səkinə Əsgərova cari ilin dekabr ayında Beynəlxalq Turizm Bələdçiləri Federasiyasının Kiprdə təşkil etidyi kursları və imtahanları uğurla başa vuraraq, federasiyanın beynəlxalq bələdçi təlimçisi sertifikatına layiq görülüb. Məlumat üçün qeyd edək ki, S.Əsgərova federasiyanın MDB ölkələri arasında beynəlxalq bələdçi təlimçisi statusunu alan birinci şəxsdir.
Akkreditasiya imtahanları keçiriləcək
Hazırda ATMU tərəfindən ayrı-ayrı şirkətlər, qeyri-hökumət təşkilatları (QHT) və şəxslərin müraciəti əsasında üç qrupda cəmi 53 nəfər ərəb, ingilis, polyak, yapon, rus, fars və s. dillərdə bələdçi kurslarında iştirak edirlər. Onların IV İslam Həmrəylik Oyunlarınadək kursların başa çatdırması, akkreditasiya imtahanlarından keçməsi planlaşdırlır.
Bu günədək BMT-nin İnkişaf Proqramının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə təşkil etdiyi bələdçi kurslarını, Azərbaycan Turizm Asosiasiyasının, ayrı-ayrı QHT-lərin layihələr çərçivəsində təşkil etdiyi bələdçilik kurslarını, ATMU və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Regional İnkişaf İctimai Birliyinin birlikdə İsmayıllı və Qubada təşkil etdiyi səyyar bələdçi kurslarını bitirmiş şəxslərdə vardır ki, onlar arzu etdikləri vaxt Mədəniyyət və Turizm Nazirliyinin Turizm bələdçilərinin Akkreditasiya Komissiyasına müraciət edərək akkreditasiyadan keçmək hüquqları vardır.
İmtahanlara kimlər buraxılır?
Akkreditasiya qaydalarına görə, ölkəmizdə Azərbaycan Respublikası vətəndaşı olan, ali təhsilli hər bir şəxs bələdçilik edə bilər.
ATMU-nun və ya digər təşkilatların turizm bələdçi kurslarının məzunları, turizm sahəsində ali təhsilli şəxslər və ya ən azı 5 illik bələdçi təcrübəsi olanlar birbaşa olaraq əlavə kurs keçmədən müvafiq akkreditasiya imtahanlarda iştirak etmək hüququ qazanırlar. Akkreditasiya imtahanları zamanı xarici dildən (şəxsin bələdçilik edəcəyini iddia etdiyi dildən), dünyagörüşündən və bələdçi fəaliyyətinin peşə texnikasından suallara cavab vermək tələb olunur. Akkreditasiya Komissiyasına Mədəniyyət və Turizm Nazirliyinin, ATMU-nun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri və ölkənin bir-neçə təcrübəli bələdçisi daxildir.
Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə müzakirə olunan “Turizm haqqında” qanun layihəsində bələdçilərin müvafiq sertifikasiya və akreditasiyadan keçməklə fəaliyyət göstərməsi əsas məsələlərdən biri kimi əks olunub. Məqsəd isə ölkəyə gələn turistlərə ölkə haqqında dolğun məlumat verilməsinə və turizm bələdçilərinin keyfiyyətinin artırılmasına nail olmaqdır.