Atçılıq Turizmi: füsunkar təbiət, maraqlı marşrutlar, yeni prioritetlər

Xəbərlər 11 Yanvar 2017 00:00 597
Atçılıq Turizmi: füsunkar təbiət, maraqlı marşrutlar, yeni prioritetlər

Aktiv turizmin bir növü olan atçılıq turizmi hazırda dünyada geniş yayılmışdır. Ölkəmizdə qeyri-neft sektorunun müxtəlif sahələri sırasında turizmin, o cümlədən atçılıq turizminin də əhəmiyyəti artmaqdadır.

      2006-cı ildən fəaliyətə başlamış  Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzi,  xarici və daxili turistlərə atüstü gəzintilər və milli atüstü oyunların nümayişini təklif edir. Qonaqlara bir və ya iki günlük maraqlı və əyləncəli atüstü gəzinti fürsəti verilir.

        Hazırda marşrutlar əsasən Şəki rayonunun ərazisində təklif olunur.  Turistlərin daha çox bəyəndiyi marşrutlardan biri olan Daşüz – Çorqat meşəsi – Daşbulıaq marşrutu rahatlığı və bir çox üstün cəhətləri ilə fərqlənir. Bu marşrut üzrə hərəkət edərkən turistlər  füsunkar təbiət mənzərələrindən keçərək qədim Alban məbədi ilə tanış olurlar. Digər marşrutlarda da yolüstü tarixi abidələrə baş çəkməklə bərabər, bölgənin zəngin flora və faunası ilə yaxından tanış olmaq mümkündür.

       Daşüz – Cumakənd – Daşüz marşrutu ilə hərəkət edərkən turistlər Qudula, Babaratma, Cuma kəndlərindən keçərək, qədim Babaratma pirini ziyarət etmək fürsəti qazanırlar.

        Bundan başqa , Daşüz – Kiş – Qoçbuynuzu şəlaləsi – Daşüz marşrutu ilə yeni tur təklif edilir. Bu marşrut üzrə hərəkət edərkən qonaqlar qədim Kiş məbədi ilə tanışlıqla  bərəbər, Qaynar çay ərazisində yerləşən, ilin hər fəslində möhtəşəmliyi ilə seçilən Qoçbuynuzu şəlaləsini də yaxından seyr edə bilərlər.

       İki günlük marşrutlardan Daşüz – Aydınbulaq - Bideyiz – Baş Küngüt -  Gəvur (Küngüt) Qala – Baş Kəldək – Daşüz marşrutunu qeyd etmək olar. Bu marşruta çıxan turistlər marşrutun birinci gecəsini  kənd evlərində keçirərək, kənd məişəti və həyatı ilə yaxından tanış olacaqlar.

        Qonaqların istəyi ilə mərkəzin mütəxəssisləri Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonları itiqamətində yeni marşrutlar işləyib təklif edə bilərlər.

        Eyni vaxda 20 nəfər turistlə marşruta çıxma imkanı var. Qonaqlara xüsusi təhlükəsizlik geyimi, təlim keçmiş atlar və təlimatçı-bələdçilər verilir. Bundan başqa, at minmə təcrübəsi  olmayan turistlərə, atminmə elementləri öyrədilir.     Turistlərə atla davranma və  texniki təhlükəsizlik qaydaları üzrə təlimatlar keçilir.

        Turistlərin istəkləri nəzərə alınmaqla səhər yeməyi (dağ balı, qaymaq, paxlava, lavaşarası ləziz təamlar, çay, qəhvə), günorta kabablar, isti qazan yeməkləri, axşam yeməyini ocaq başında turislərin özlərinin yemək hazırlamalarına şərait yaradılması və s. xidmətlər təklif olunur.

        Mərkəzdə Azərbaycan xalqının mədəni irsi olan milli atüstü oyunların nümayişi,  qorunub saxlanılması və təbliği istiqamətində işlər aparılır. Hal hazırda milli atüstü oyunların 7 növü mərkəz tərəfindən bərpa olunub, nümayiş və  təbliğ  olunur. Bu oyunlardan daha geniş yayılanı xalqımızın qədim atüstü milli oyunu olan, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Çövkən oyunudur. İldə iki dəfə Respublika Atçılıq Turizm Mərkəzində Çövkən üzrə yarışlar keçırılır. Bunlardan ilk növbədə  may ayında təşkil olunan ümummilli lider Heydəır Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü oyunlar festivalını qeyd etmək olar.  Bu festivalda  Respublikamızın bölgələrindən 20-dən artıq komanda iştirak edir. Digəri isə dekabırda keçirilən Prezident Kubokudur.

      Bərpa olunmuş milli atüstü oyunları xarici və yerli qonaqlara göstərməklə yanaşı, bu oyunların qaydaları barədə də geniş məlumat verilir. Atsürmə bacarığı olan turistlərə milli oyunlarıın oynanılmasında və həvəskar yarışlarda  iştirak etmək fürsəti verilir.

       Respublika Atçılıq Turizm Mərkəzinin təklif etdiyi xidmətlərdən istifadə etməyə ölkəmizin turizm agentlikləri, şirkətləri və digər aidiyyəti şəxslər dəvət olunur.

 

Yazışma Danışığı Bit
 
OXŞAR XƏBƏRLƏR