Brüssel üç gün ərzində - FLANDRİYANIN İNCİLƏR

Xəbərlər 14 Yanvar 2017 00:00 1044
Brüssel üç gün ərzində - FLANDRİYANIN İNCİLƏR

Belçika və onun paytaxtı Brüssel mənalı istirahəti sevənlər üçün ideal seçimdir. Şübhəsiz ki, formasına görə molekulu təkrarlayan bina, Köhnə dünyanın ən əhəmiyyətli görməli yerlərinin cəmləşdiyi park, yaxud Avropada daşlaşmış dinozavr qalıqlarından ibarət ən böyük kolleksiyanın təqdim edildiyi muzey dünyanın ən baxmalı-görməli yerləri ilə maraqlanan səyyahlara çox maraqlı gələcək. Biz Brüssel ilə tanışlığı davam etdiririk. Burada turistləri hər addımbaşı maraqlı kəşflər gözləyir.

Atomium molekula odadır

Parisin ən tanınan rəmzi Eyfel qülləsidirsə, Brüsselinki Atomiumdur. Bu iki tikili arasında ümumi cəhət çoxdur. Ümumdünya sərgisi münasibətilə inşa edilən hər iki tikili texniki tərəqqini nümayiş etdirmək məqsədi daşıyıb, hər ikisindən müşahidə meydançası kimi istifadə olunur. Ancaq Atomium qüllə deyildir. O, kristallik vəzi şəbəkəsinin 165 milyard dəfə böyüdülmüş fraqmenti formasında mürəkkəb arxitektura qurğusudur. 

Bu unikal tikili 1958-ci ildə Brüsseldə keçirilmiş “Expo” Ümumdünya sərgisinin açılışı üçün ucaldılıb. Arxitektor Andrey Vaterkeyn onu atom əsrinin və atom enerjisindən dinc məqsədlərlə istifadənin rəmzi kimi düşünüb. O dövrdə ABŞ ilə SSRİ arasında güclü qarşıdurma vardı. Bu da sərginin məzmununda əksini tapıb. Bu ölkələrin pavilyonları iki nüvə dövlətinin barışmaz qarşıdurmasını nümayiş etdirirdi.

Əvvəlcə alüminium təbəqə ilə örtülən 102 metr hündürlüyündə, 2400 ton ağırlığında tikili ümumi konstruksiyada birləşmiş 9 kürədən (atomlardan) ibarətdir. Kürələr arasında eskalatorlarla və liftlə hərəkət edirlər. 2006-cı ildə Atomium əsaslı təmir edilib və parıldayan polad təbəqə ilə örtülüb. Qurğu gecə saatlarında 2970 işıq-diod lampası ilə işıqlandırılır.

Atomiumun içərisində gəzib-dolaşmaq çox maraqlıdır. Beş kürədə yerləşən 8 pavilyon camaat üçün açıqdır. Atomium tuneləbənzər keçidlərlə sürrealist gəzinti ilə yanaşı, geniş ictimaiyyət üçün nəzərdə tutulmuş müxtəlif sərgilər təqdim edir. İki pavilyonda “Expo-58” sərgisindən və binanın tarixindən söhbət açan daimi ekspozisiya yerləşir. Digər üç pavilyonda arxitektura, dizayn və cəmiyyətə həsr olunmuş müxtəlif müvəqqəti ekspozisiyalar təşkil edilir. Məsələn, biz orada olanda 1923-cü ildən 2001-ci ilədək Belçikada fəaliyyət göstərmiş “Sabena” dövlət aviaşirkətinin 78 illik fəaliyyətini əks etdirən sərgi keçirilirdi. Gəncləri maarifləndirmək üçün də Atomiumdan geniş istifadə olunur. Məşğələ günlərində burada şagirdlər üçün seminarlar keçirilir.

Lap yuxarıda yerləşən kürədən Brüsselə gözəl mənzərə açılır. Hava yaxşı olanda 92 metr yüksəklikdən hətta Brüsseldən 40 kilometrdən çox məsafədə yerləşən Antverpen də görünür. Bu səviyyədə Atomiumun öz restoranı işləyir və elə belə də adlanır: “Panoramic”. Məşhur “Mini-Avropa” miniatür parkı Atomiumdakı müşahidə meydançasından ovuc içi kimi görünür. İnsanlar Atomiumda olandan sonra adətən bu maraqlı parka baxmağa yollanırlar. Biz də belə etdik.

Miniatür Avropa və sirli ev

“Mini-Avropa” parkında bütün Avropa İttifaqını cəmi bir neçə saata gəzib dolaşmaq olar. Burada 24 min kvadratmetr ərazidə Köhnə dünyanın 80-dən çox şəhərinin təqribən 350 monumentinin maketləri təqdim edilib. Bütün modellər 1/25 miqyasında çox böyük dəqiqliklə hazırlanıb. Bunun sayəsində müxtəlif konstruksiyaları və texnoloji nailiyyətləri, o cümlədən binaları, nəqliyyat vasitələrini, diqqətəlayiq təbiət guşələrini asanlıqla müqayisə etmək olar. Parkın daha bir çox gözəl özəlliyi var: burada eksponatlara nəinki baxmaq, həm də onlarla “oynamaq”, məsələn, Vezuvi vulkanını püskürtmək, Berlin divarını sökmək, Sevilya arenasında öküzə qalib gəlmək olar. Relslər üzərində qatarlar hərəkət edir, yollarda avtomobillər şütüyür, süni çaylarda gəmilər üzür. Londondakı Biq-Ben qülləsinin saatı lap özünün orijinalı kimi dəqiq vaxtı göstərir. Miniatür monumentlərin yanında qazonlar salınıb, cırtdan bonsay ağacları əkilib. 

Maraqlıdır ki, layihələrin çoxu onların aid olduğu Avropa ölkələri və regionları tərəfindən maliyyələşdirilib. Brüsseldəki Qrand Plas meydanı kimi, bəzilərinin dəyəri 350 min avroya çatır. Başqa cür ola da bilməz, axı burada o qədər detal var ki. Meydanda hətta Belçika mənşəli Hollivud aktyoru Jan Klod Van Dammın məşhur şpaqat hərəkətini etdiyi vəziyyətdə heykəlini də görmək olar.

Amma gəlməyə dəyərdi. İldə 370 mindən çox qonaq qəbul edən və 3 milyon avroluq illik dövriyyəsi olan “Mini-Avropa” Brüsselin ən gediş-gəlişli məkanlarından biridir.

“Oyuncaq” Brüsseldə gəzişdikdən sonra real Brüsselə keçək. Səfərin təşkilatçısı, Flandriyanın Turizmin İnkişafı Ofisi bizim üçün daha bir sürpriz hazırlamışdı. Biz sıravi turistlərin az məlumatlı olduğu unikal evə getməliydik. Bu, məşhur flamand arxitektoru və dizayneri Viktor Ortanın evi və emalatxanasıdır. O, XIX əsrdə Avropada yaranmış yeni dekorativ sənət üslubunun – ar-nuvo arxitekturasının ən görkəmli nümayəndələrindən biridir. Arxitekturaya töhfəsinə görə Belçika kralı Viktor Ortaya baron titulu verib. Brüsseldə V.Orta tərəfindən inşa edilmiş 4 bina – “Tassel”, “Solvay” və “Van Eetvelde” otelləri, habelə arxitektorun mənzil-emalatxanası UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda V.Orta muzeyi də elə bu qeyri-adi evdə yerləşir.

Üçmərtəbəli evin özəlliyi onun qeyri-adi planlaşdırılmasında və detallarındadır. Bina V.Ortanın bir növ “laboratoriyası” olub. O, burada öz dövrünün ən yaxşı texnologiyalardan istifadə edərək, tikinti ilə bağlı müxtəlif üsulları tədqiq edib. Malikanə daxildə bir-biri ilə birləşən iki korpusdan ibarətdir. Özü də evin hər bir hissəsinin müstəsna görkəmi var. V.Orta ənənəsinə görə, binanın yaşayış hissəsi iş məkanından (indiki halda söhbət arxitektorun emalatxanasından gedir) ayrıdır. Bütün konstruksiyanın mərkəzi hissəsi pilləkəndir. Bilavasitə əsas pilləkən üzərində şüşə tavan görünür. Hətta mürəkkəb konstruksiyası olan giriş qapısı da elə layihələndirilib ki, malikanənin xidmət heyəti, ev sahibinin ailəsi və qonaqlar dəhlizdə üzləşmirlər. Əlqərəz, bu evi görməyə dəyər!

Evin içində modern üslubunda mebel kolleksiyasından, sənət əsərlərindən, V.Orta və onun müasirlərinin istifadə etdikləri alətlərdən, arxitektorun həyatı ilə bağlı sənədlərdən ibarət daimi ekspozisiya yerləşir. Çox vaxt burada V.Orta və onun sənəti ilə bağlı müvəqqəti sərgilər də keçirilir.

Sənət dağı, Tintin və iquanodon sürüsü

Brüsselin tarixi hissəsinin düz mərkəzində yerləşən əzəmətli Qrand Plas meydanında artıq olmuşuq . Şəhərin ikinci mərkəzi - Kral meydanının yerləşdiyi Sənət dağına baş çəkmək vaxtı çatıb. Bu iki meydan arasındakı məsafə bir o qədər də böyük deyil - piyada cəmi on dəqiqə. Yolda biz Brüsselin daha bir mühüm özəlliyinə - evlərin divarlarına çəkilmiş komiks səhnələrinə diqqət yetirdik. Burada hər yerdə komikslərə təsadüf olunur. Avropa məkanında Belçika əsl komikslər paytaxtıdır. Komikslərin milli mədəniyyətə və yerli sakinlərin şüuruna bu dərəcədə dərindən nüfuz etdiyi ikinci ölkənin adını çəkmək çətindir. Belçikanın əsas “komikslər şəhəri” isə Brüssel sayılır. Burada hətta divarları müxtəlif komiks personajları ilə bəzədilmiş çoxsaylı evlərin daxil edildiyi turizm marşrutları da fəaliyyət göstərir. Əsas komiks qəhrəmanı isə Tintindir. Rəssam Erje tərəfindən düşünülmüş gənc reportyor obrazı, görünür, Belçikanın ən məşhur komiks personajıdır. Stiven Spilberqin 2011-ci ildə çəkdiyi “Tintinin macəraları” animasiya filmindən sonra hətta komikslərlə maraqlanmayanlar belə onu tanıdılar. Hərçənd Belçikanın digər cizgi filmi qəhrəmanları – Smurfiklər də ölkənin hüdudlarından kənarda yetərincə məşhurdur. Əgər komikslərlə maraqlanırsınızsa, Komikslər Muzeyinə getmək sizin üçün maraqlı olar. Bəli, Brüsseldə belə bir muzey də var. 

Gəlib Sənət dağına çatdıq. Bu ad ona elə-belə verilməyib, çünki bura başdan-başa çoxsaylı maraqlı muzeylərlə doludur. Məsələn, ar nuvo üslubunda tikilmiş gözəl binada yerləşən Musiqi Alətləri Muzeyi, erkən dövrə aid flamand rəssamlarının əsərlərinin və ata Piter Breygelin 5 əsərinin nümayiş etdirildiyi Köhnə İncəsənət Muzeyi, “Fin-de-Siecle” Simvolizm və Modernizm Muzeyi və bir çox digər muzeylər. Kral meydanındakı muzeylərdən ən yenisi, 2009-cu ildə açılmış Rene Maqritt Muzeyidir. Sürrealizm cərəyanının kralı R.Maqritt 1898-ci ildə Brüsseldə anadan olub və əsərlərinin çoxunu doğma şəhərində yaradıb. Onun əsərləri mükəmməl rəsm texnikası, habelə adi əşyaların qeyri-adi vəhdəti ilə fərqlənir. R.Maqritt adət etdiyimiz gerçəklik qavrayışını şübhə altına alan vizual paradoks ustasıdır. Onun ağıllı və təhrikedici obrazları çox vaxt həm təbəssüm, həm də həyəcan doğurur. Şübhəsiz ki, 200-dən çox əsərin nümayiş etdirildiyi Rene Maqritt Muzeyi də Brüsselin ən maraqlı mədəni məkanlarından biridir.

İcazə verin, bizdə güclü təəssürat oyadan daha bir muzey barədə sizə məlumat verim. Söhbət Təbiət Elmləri Muzeyindən gedir. Onun kandarından keçənlər sanki qeyri-adi kəşflər və unudulmaz hisslər vəd edən maraqlı səyahətə yollanırlar. Muzeyin əsas özəlliyi onun ekspozisiyanın interaktiv olmasındadır. Yəni muzeyə gələnlər eksponatlarla əlaqə yarada bilərlər. Odur ki, bu muzeyə getmək uşaqdan böyüyə hər kəs üçün maraqlıdır. Məsələn, düymələri basmaqla, nəsli kəsilmiş heyvanların səslərini eşitmək, viktorinada iştirak etmək olar. Təbiət Elmləri Muzeyində Yer kürəsində həyatın inkişafının ətraflı mənzərəsi canlandırılır. Çoxlu unikal eksponat, məsələn, XX əsrin əvvəlində nəsli kəsilmiş kisəli canavarın, yaxud Tasmaniya canavarının müqəvvası, yaxud Ay daşları və meteoritlər, o cümlədən Avropa ərazisinə düşən 435 kiloqram ağırlığında ən böyük meteorit nümayiş etdirilir. Burada heyvanat aləminin nəsli kəsilmiş nümayəndələri ilə yanaşı, muzey vivariumunda saxlanılan suda-quruda yaşayanlara və həşəratlara tamaşa etmək olar.

Amma insanları cəlb edən əsas eksponat dinozavrlardır. Xalq arasında bu muzeyi dinozavrlar muzeyi adlandırırlar. Axı Avropada dinozavr skeletlərindən ibarət ən böyük kolleksiya burada qorunub saxlanılır. Muzeyin ən məşhur daşlaşmış heyvan qalıqları 1878-ci ildə Valloniya ərazisində yerləşən kömür şaxtasında 322 metr dərinlikdə tapılmış 29 iquanodon skeletidir. Çoxlu sayda bütünlüklə saxlanmış skeleti olan bütöv bir iquanodon sürüsünün qazıntılar zamanı tapılması vaxtilə paleontologiyada əsl sıçrayış olub. Alimlər dinozavrın xarici görünüşünün rekonstruksiyasındakı xətaları məhz bu tapıntı sayəsində düzəltməyə müvəffəq oldular.

Bununla belə, Belçika paytaxtında maraqlı muzeylər hələ çoxdur: Kral İncəsənət Muzeyi, Hərb Muzeyi, Avtomobil Muzeyi, İncəsənət və Tarix Muzeyi, Mərkəzi Afrika Kral Muzeyi, Tramvay Muzeyi və sairə və ilaxır. Şübhəsiz ki, bu muzeylərin hamısına baş çəkməyə üç gün yetərli deyildir. Əvəzində Brüsselə qayıtmağa və bu çoxşaxəli şəhərin tükənməz sərvəti ilə tanışlığı davam etdirməyə bəhanəmiz olacaq.

Son söz yerinə

Turistlər üçün praktiki tövsiyələrin nə qədər əhəmiyyətli olduğunu bildiyimiz üçün biz müxtəlif ölkələrə gəzintilərin təşkili ilə bağlı şəxsi təcrübəmizi oxucularla bölüşməyə çalışırıq. Biz növbəti dəfə əmin olduq ki, ölkələri şərti sərhədlər ayıran, ümumi viza rejiminin qüvvədə olduğu Avropa kombinə edilmiş turlar üçün gözəl fürsətdir. Səfərimizə Fransadan başladıq. Qatara minib oradan rahatlıqla Belçikaya gəldik və səfərimizi burada bitirdik. Paris aeroportuna geri dönməmək üçün bizə Brüssel-Bakı aviareysi lazım idi. Bu məsələnin ideal həllini Ukrayna Beynəlxalq Hava Yollarının uçuş cədvəlində tapdıq. Bu aviaşirkətin reysləri Bakını həm Paris, həm də Brüssellə, eləcə də dünyanın bir çox digər şəhərləri ilə bağlayır. Ukrayna Beynəlxalq Hava Yollarının marşrut şəbəkəsi son dərəcə genişdir. Özü də Bakı-Kiyev-Paris, yaxud Brüssel-Kiyev-Bakı tranzit aviareysi, demək olar, birbaşa reys qədər vaxt aparır: təqribən 5,5-6 saat. Yeri gəlmişkən, Bakıdan Avropanın bir şəhərinə uçub, asanlıqla digər şəhərindən geri qayıtmaq olar. Odur ki, bu meydan, bu da şeytan. Avropa indiyədək bizə bu qədər yaxın olmayıb. 

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR