Şahdağ otellərində gecələmək neçəyədir? – QİYMƏTLƏR

Xəbərlər 16 Yanvar 2017 00:00 5757
Şahdağ otellərində gecələmək neçəyədir? – QİYMƏTLƏR

Son vaxtlar yerli və əcnəbi turistlərin ən sevimli məkanına çevrilən Şahdağda dağ-xizək turizmi inkişafı sürətlənir. Oradakı otellər uzaq yol qət edərək gələn turistlərin istirahət mərkəzində gecələməsinə imkan verir. Bəs burada yerləşən otellərdə gecələmək neçəyədir? Seyyah.az Şahdağ otellərinin qiymətlərini təqdim edir.

“Şahdağ otel and SPA”

Oteldə həftə içi və həftə sonundan asılı olaraq qiymətlər dəyişir. Bundan başqa “Şahdağ otel and SPA”da otaqların mənzərəsindən də asılı olaraq qiymətlər fərqlənir. 2 nəfərlik plaza mənzərəli otaqlar iki nəfər üçün 150 manatdır.

Həftə sonları iki nəfərlik dağ mənzərəli nömrələrin qiyməti isə 190 manatdır. Qiymətə səhər yeməyi, spa xidmətlər, qapalı hovuz və trenajor zalı daxildir.

“Şahdağ otel and SPA”da həftə içi bron edilən dağ mənzərəli  2 nəfərlik otaqların qiyməti 180 manat, həftə sonu isə 220 manatdır. Qeyd edək ki, bu otaqların qiymətində artım müşahidə olunur. Belə ki, oteldən bildirilən məlumata görə, buna səbəb tələbatın çox olmasıdır.

“Zirvə otel”

Digərlərindən fərqli olaraq Şahdağda yerləşən  “Zirvə otel” 4 ulduzludur. Oteldə iki nəfərin həftə içi gecələməsi 120 manatdır. Həftə sonu iki nəfərin oteldə gecələməsi isə 150 manatdır. Göstərilən qiymətlərə səhər yeməyi və spa xidmətlər daxildir. Spa xidmətlərdən istifadə böyüklər üçün 20 manat, uşaqlar üçün isə 15 manatdır.

Oteldən bildirdilər ki, həftə sonu gəlmək istəyən turistlər yaxşı olardı ki, öncədən nömrələri bron edərək ödəniş etsinlər . Əks təqdirdə gəlib boş yer tapmaya bilərlər.

“Pik Palace otel”

5 ulduzlu otelin digər Şahdağda yerləşən otellər kimi müştəriləri daim bol olur. Oteldə iki nəfərin həftə içi gecələməsi 170 manatdır. Həftə sonu isə 242 manatdır.

Amma oteldən bildirdilər ki, həftə sonu bron edilən nömrələrin qiymətində artım olacaq. Buna səbəb tələbatın çox olmasıdır. Belə ki, bu həftə sonundan etibarən həftə sonu üçün verilən nömrələrin qiyməti 285 manat olacaq. Göstərilən qiymətə  səhər yeməyi, sauna və fitnes zalından istifadə daxildir.

Qeyd edək ki, oteldə VİP nömrənin qiyməti həftə içi 213 manat, həftə sonu isə 285 manatdır. VİP otaqların digərindən fərqi ayrıca yataq və qonaq otaqlarının olmasıdır.

“Park Chalet otel”

Oteldə müştərilərə eyvanlı və eyvansız nömrələr təklif olunur. Belə ki, iki nəfərlik eyvansız nömrələrdə gecələmə iki nəfər üçün 145 manata başa gələcək. Eyvanlı nömrələr isə iki nəfər üçün 162 manatdır. Qiymətə səhər yeməyi, spa xidmətləri və sauna daxildir.

Həftə sonu isə eyvansız otaqlar 217 manat, eyvanlı otaqlar isə 234 manata təklif olunur. Bundan başqa müştərilərə VİP otaqlar da təklif olunur. Həftə içi VİP otağın qiyməti 204 manat, həftə sonu isə 276 manatdır.

Qeyd edək ki, hazırda Şahdağda 4 otel fəaliyyət göstərir. Bunlardan yalnız “Zirvə otel” 4 ulduzludur. Digərləri isə 5 ulduzlu otellərdir. Hazırda “Gənclər” mehmanxanası və “Gaya Residence” adlı mehmanxanalar da  var ki, hazırda bu otellərdə rekanstruksiya işləri aparılır.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR