Avropanı qatarla gəzmək istəyənlər üçün – ŞAD XƏBƏR

Xəbərlər 23 Yanvar 2017 00:00 1297
Avropanı qatarla gəzmək istəyənlər üçün – ŞAD XƏBƏR

Azərbaycanın turizm agentlikləri öz müştərilərinə bütün Avropa ərazisində hərəkət edən qatarlara qabaqcadan bilet almaq üçün bu il fevral ortalarından “Rail Europe” şirkətinin yenilənmiş və əlverişli saytından istifadə edə biləcəklər. Bunu Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış meneceri Aleksis Darn bəyan edib.

O deyib: “Hazırda “Rail Europe” şirkətinin Azərbaycanda nümayəndəliyi – “SI Travel & Luxury” şirkəti fəaliyyət göstərir. Bunun sayəsində azərbaycanlı turistlər Bakının turizm agentliklərində Avropa qatarlarına bilet alıb, onların haqqını manatla ödəyə biləcəklər. Bu, çox rahatdır, çünki biletləri qabaqcadan almaq birbaşa yola düşməzdən əvvəl vağzalda alınan biletlərlə müqayisədə onların qiymətində xeyli qənaət etməyə imkan verir. Yenilənmiş sayt işə salınana qədər turizm agentlikləri əvvəllər olduğu kimi, biletləri nümayəndəliyimiz vasitəsilə , yaxud birbaşa “Rail Europe”nin “B2B” saytında (www.agents.raileurope-world.com») də sifariş etməyə davam edə bilərlər.

Qeyd edək ki, Avropada qatarlar istər dövlətlər, istərsə də ayrılıqda bir ölkənin regionları, şəhərləri və ətraf qəsəbələri arasında ən geniş yayılmış nəqliyyat vasitəsidir. Bunun səbəbi çoxdur. Dəmir yolu vağzalları adətən şəhərlərin mərkəzlərində yerləşir. Bu da vaxta qənaət etməyə imkan verir. Avropada qatarlar sürətli, rahat və səssizdir. Təyyarələrdə olduğu kimi, qatarlarda da ekonom, biznes və s. kimi klaslar tətbiq edilir. Üstəgəl çevik hərəkət cədvəli: qatarlar fasiləsiz işləyir və cədvələ uyğun düz öz vaxtında yola düşür.

 

Mənbə: Azərtac

OXŞAR XƏBƏRLƏR