Qəbələdə hotellərdə gecələmək neçəyədir? – QİYMƏTLƏR

Xəbərlər 23 Yanvar 2017 00:00 1668
Qəbələdə hotellərdə gecələmək neçəyədir? – QİYMƏTLƏR

Qəbələ nəinki yerli turistlərin, həmçinin, əcnəbilərin də ən çox üz tutduğu yerlərdəndir. Qəbələ Turizm və İnformasiya mərkəzindən  verilən məlumata görə, ötən il Qəbələyə ümumilikdə 100 mindən çox turist gəlib.

Bəs görəsən  bura üz tutan turistlər Qəbələdə hansı otellərdə və neçəyə  gecələyə bilərlər? Seyyah.az oxucularına Qəbələdə yerləşən otellərin qiymətlərini təqdim edir.

“Qafqaz Tufandağ otel”

“Qafqaz Tufandag Mountain Resort Hotel” 50 nömrədən ibarətdir. Hotel  Dəmiraparan çayının sahilində yerləşir. 5 ulduzlu hotel Qəbələ hava limanından 20 kilometr aralıdadır. Mehmanxanada standart junior, family suit və king suit otaqlar var. Hoteldə həftə içi və həftə sonları otaqların qiyməti dəyişir. Həftə sonları müştəri çox olduğundan qiymətlər bir qədər baha olur.

Hoteldə standart otaqların həftə içi qiyməti 210 manatdır. Həftə sonu isə standart otaqların qiyməti 240-270 manat arasında dəyişir. 3 nəfərlik junior suit otaqların qiyməti isə həftə içi 260 manat, həftə sonu isə 320 manat olur.

VİP kotteclərin qiyməti isə həftəiçi 1 750 manat, həftəsonu isə 1 900 manat arasında dəyişir. Kotteclər 3 nəfərlikdir. Bu qiymətlərə səhər yeməyi  və SPA xidmətlər daxildir. Bundan başqa əgər Tufandağ qış və yay kompleksində kanatdan istifadə etmək istəsəz o zaman əlavə olaraq 50 manat ödəməli olacaqsız.

“Qafqaz Riverside Hotel”

5 ulduzlu hotel Qəbələdə dağların arasında yerləşir. Hoteldə əksər Qəbələ hotellərində olduğu kimi, həftə sonu və həftə içi qiymətlər fərqlidir. Hoteldən verilən məlumata görə, həftəiçi standart otaqların qiyməti 140 manat, həftəsonu isə 160 manatdır. Göstərilən qiymətə səhər yeməyi və spa xidmətlər daxildir. Mehmanxanada junior suit otaqlar  həftəiçi 190 manat, həftəsonu isə 210 manatdır.

“Qafqaz Sport Hotel”

“Qafqaz Sport Hotel” Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beş ulduzlu rezort tipli hoteldir. Mehmanxana 117 nömrədən ibarətdir. Hotelin ərazisində qonaqlar həm də kotteclərdə ailəvi istirahət edə bilərlər. Digər Qəbələ hotellərindən fərqli olaraq həftə sonu və həftə içi qiymətlər eynidir. Hoteldə bir nəfərin gecələməsi 90 manatdır. İki nəfərin standart otaqda gecələməsi isə 105 manatdır. Göstərilən qiymətlərə SPA xidmətlər də daxildir.

“Qafqaz Karvansaray hotel”

Hotel Qəbələdə yerləşən butik tipli beşulduzlu hoteldir. Hotel Qafqaz dağlarının ətəyində şəhər mərkəzinə yaxın olan ərazidə yerləşir. Karvansaray hoteli qonaqların istirahəti üçün 159 otaq təqdim edir. Hoteldə həftəiçi bir nəfərin gecələməsi 80 manatdır. Həftəiçi iki nəfərlik standart otaqların qiyməti 95, həftəsonu isə 100 manatdır. Junior suit iki nəfərlik həftə içi 120 manat, həftəsonu isə 185 manatdır. Qiymətlərə səhər yeməyi və SPA xidmətlər daxildir.

“Qafqaz Thermal & Spa Hotel”

Qəbələ şəhərində yerləşən dördulduzlu hotelin yerləşdiyi ərazi mineral və termal suları ilə  məhşurdur. Hotel öz qonalarına 61  otaq təqdim edir. Mehmanxanada nəin ki, gecələmək həmçinin müalicə də almaq olar. Belə ki, burada müştərilərə isti su vannaları və naftalan istisu vannaları təqdim olunur. Müalicəvi vanna seansları 10-15 dəqiqə davam edir. Hər seans isti su  üçün 10 manat, naftalan isti su vannaları isə 15 manatdır.

Qeyd edək ki, “Qafqaz Thermal & Spa Hotel”dəki müalicəvi vannalar oynaq, revmatizma, prastat xəstəliklərinin müalicəsi üçün çox faydalıdır. Tam müalicə üçün 5 kurs keçmək lazım olduğu bildirilir. Bir nəfərlik standart otağın qiyməti 90 manat, iki nəfərlik otağın qiyməti isə 110 manatdır. Junior suit otaqlar isə iki nəfər üçün 145 manatdır.

“Duyma hotel”

“Duyma” istirahət və sağlamlıq mərkəzi Qəbələ rayonunun Vəndam kəndində yerləşir. Otel 4 mərtəbəlidir. Mehmanxanada eyni vaxtda 120 nəfər qonaq gecələyə bilər. Qiymətlərə gəlincə isə standart iki nəfərlik otaqlar 50 manat, junuior suit otaqlar isə 80 manatdır. Göstərilən qiymətlərə səhər yeməyi və bilyard ,karaoke kimi əyləncə xidmətlərindən istifadə daxildir.

“Karvan hotel”

Qəbələ şəhərinin mərkəzində yerləşən “Karvan” hotel iki nəfərlik, yarılüks və lüks olmaqla 28 yerlik 14 otaqdan ibarətdir. Hoteldə restoran, bar,  avtomobil parkı, internet xidməti mövcudur.

Qiymətlərə gəlincə, standart bir nəfərlik otaqlar 30 manat. İki nəfərlik standart otaqlar isə 50 manatdır. Junior suit otaqların qiyməti isə 70-80 manat arasında dəyişir.

Qeyd edək ki, göstərilən qiymətə otaqlardan başqa heç bir xidmətin qiyməti daxil deyil. Səhər yeməyi üçün də əlavə 5-10 manat ödəmək lazım olacaq.

Onu da deyək ki, sıralamada sonuncu iki hotel ulduz səviyyəsi aşağı olduğundan qiymətlərdə də bu özünü göstərib. Hotellərdən verilən məlumata görə, bəzi mehmanxanalarda yerlərdə doluluq sayı yüksək idi. Bəzilərində isə indi kifayət qədər boş nömrələr var.

Mehmanxanalardan həmçinin o da bildirildi ki, yay mövsümünə yaxın aylardan etibarən hotellərdə dolluluq səviyyəsi artacaq. Buna görə də mart və aprel aylarında hoteldə qonaq olmaq istəyənlər yaxşı olardı ki,  öncədən istədikləri nömrələri bron etsinlər.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR