Bir neçə turizm şirkətinin təşkilatçılığı ilə Balakən rayonunda paraşutla tullanma üzrə infotur keçirilib. “Regea Travel” turizm şirkətinin daxili turizm meneceri Valeh Cəfərovun seyyah.az-a verdiyi məlumata görə, infoturda məqsəd ekstrimal turizmin bir növü olan paraşutla tullanma turizm xidmətini ictimaiyyətə tanıtmaq və inkişafına dəstəkdir: “İnfoturda bir neçə turizm sirkətinin daxili turizm rəhbərləri və nümayəndələri iştirak edib. Səfər çox uğurlu keçdi və turizmçilər hündürlüyə meydan oxuyaraq 1200 metr yüksəklikdən paraşutla tullandılar. Biz düşünürük ki, adrenalin sevərlər üçün parasutla tullanmaq əla fürsətdir”.
V.Cəfərovun sözlərinə görə, paraşutla tullanma 10 nəfərlik qruplar üzrə həyata keçirilir. Bu əyləncə, bir nəfər üçün 150 manata başa gəlir. Paraşurdan tullanmaq üçün iştirakçılara 5 saatlıq təlim keçirilir və sonra hər bir iştirakçıya beynalxalq sertifikat verilir.