Hər il adətən iki nəfərlik təşkil etdiyimiz ölkə xarici və daxili turlarımıza bu ildən etibarən özümüzdən başqa insanları da dəvət etmək qərarına gəldik. İlk çoxnəfərlik turumuzu da yeni ili Tiflisdə qeyd etməklə gerçəkləşdirdik. Bu günə qədər məndə yaranan qərəzli fikirlər səbəbindən Şahdağa heç vaxt getməmişdim, getməyi də düşünmürdüm. Bəylə və turun təşkilində mənə çox kömək edən rəfiqəmlə uzun müzakirələrdən sonra orda dikdaban ayaqqabı geyinib gələn,toyda taxılan qızıl dəstini taxıb açıq havada oturan, Sədərəkdən 7 min manata aldığı şubasını nümayiş etdirən xanımları və xanımlarını ora gətirməklə öz aləmində “mən həyat yoldaşıma belə baxıram, hələ qayğısına da qalıram, gəzdirirəm” deyirmiş kimi gərilib, gövdə nümayişi edən qaqaşları görmək bahasına da olsa, Şahdağa getməyə qərar verdik.
Yanvarın son günləri “Event” yaratdıq. Ödənişi hər iştirakçı üçün 19 azn müəyyənləşrdik və yol pulunu çıxmaq şərtilə qalan pulun hamısına Şahdağda ac qalmayaq deyə xeyli sayda soyuq qəlyənaltılar hazırladıq. Ordakı restoranlarda qiymətləri gördükdən sonra necə də doğru addım atdığımızın fərqinə varacaqdım. Biz də daxil olmaqla 20-21 nəfərin iştirakı nəzərədə tutulmuşdu və ilk gündən 20 nəfər qeydiyyatdan keçmişdi. Sonradan heç kimə rədd cavabı verməmək üçün qeydiyyatı bağladıq, lakin iki nəfər dostun ödəniş edilmədən imtina etməsi, bir nəfərin isə hətta ödənişi etdikdən sonra imtinası, işimizi biraz çətinə saldı. Əslində azərbaycanlı olduğumuz üçün bu addım mənim üçün yenilik deyildi, gözləyirdim kimdənsə belə bir cavab gələcəyini, reservdə olan müraciətçilərlə 19 nəfəri tamamlaya bildik.
Fevralın 5-i, gecə saat 03:00-dək çantaları, yeməkləri və səyahət boyu bizə lazım ola biləcək bütün ləvazimatları hazırladıqdan sonra gözümüzü yuma biləcəyimiz 3 saatlıq yuxu Bəyin telefonundakı əsəblərə toxunan iyrənc səsli siqnalı ilə sona yetdi. Hər kəsə 06:45-də orda toplaşmaq lazım olduğunu desək də, təşkilatçı olaraq 10 dəqiqə gecikmişdik.İştirakçılara gecikməyin mümkünsüzlüyünü əvvəldən bildirdiyimiz üçün, daha sonra, gecikməmək üçün taksi ilə gələn və 4 manat yol pulu verən turumuzun iştirakçısı Kamranın dilinə düşəcəkdik. Kamran toplanış yerinə birinci gələnlərdən olduğu üçün kinayəsi də günü bu gün də bitmir və ömrümüzü çürütməkdə davam edir, onun əslində istəyi taksiyə verdiyi 4 manatı qaytarmağımızdır, amma yığılan pulun hamısı tura xərcləndiyi üçün ona qaytarmağa pulumuz da qalmayıb. Əminəm ki, o hələ çox danışacaq.