Hotellərin cəmi 22 faizi ulduz alıb – MÜSAHİBƏ

Xəbərlər 10 Fevral 2017 00:00 942
Hotellərin cəmi 22 faizi ulduz alıb – MÜSAHİBƏ

DAİR Hotellər və Restoranlar Assosiasiyasınınsədri Samir Dübəndi Seyyah.az-a otellərin təsnifləndirilməsi və ulduzların verilməsi qaydaları və problemləri ilə bağlı müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

- Mehmanxanalar nə üçün və necə təsnifləndirilir?

- Təsnifat mehmanxananın xidmət bazarında mövqeyini, onun təklif etdiyi xidmətlərin çeşidini və keyfiyyətini müəyyən edir. Bu, potensial müştərilər üçün seçim imkanları yaradır və müəsissənin onlara loyallığını nümayiş etdirir. İndi otel işi  qonaqpərvərlik ənənələrini əks edərək turizm sənayesinin ən iri və aparıcı seqmenti hesab edilir. Mehmanxanaların və mehmanxana tipli müəsissələrin təsnifatı olduğu kimi yenə də gündəmdədir. Ümümdünya Turizm Təşkilatının səylərinə baxmayaraq dünyada vahid təsnifat sistemi tətbiq edilmir. Hər bir ölkə öz milli təsnifat sistemi yaradır. Yalnız Təşkilatın və digər beynəxalq təşkilatların bu sahədə tətbiq edilən tövsiyə xarakterli sənədlərinə istinad edilir.

- Hotellərə ulduzların verilməsi turistlərə nə verir?

- Mehmanxanaların təsnifat sisteminin tətbiqi güvənli, təhlükəsiz və keyfiyyətli yerləşdirmə, qidalanma və s. xidmətlərin səyahətçilər üçün təmin edilməsində mühüm rol oynayıb. Son 50-60 ildə qonaqpərvərlik sənayesinin sürətli inkişafı nəticəsində milli təsnifat sistemlərinin vacibliyi istehlakçıların müdafiəsi ideyasından daha çox onların məlumatlandırılması ideyasına üstünlük verir. Mehmanxanalar üçün təsnifat təklif edilən xidmətlər, hotellərin infrastrukturu və digər imkanları haqqında qonaqlara zəruri olan məlumatların çatdırılması, şəffaflıq və loyallıq imkanları yaradır.

- Hotellər hansı kriteriyalar əsasında seçilib ulduz alırlar?

- Hotellər bir sıra kriteriyalar əsasında təsnif edilirlər. Onların sırasında komfortun səviyyəsi, otaq fondunun tutumu, mehmanxananın funksional təyinatı, yerləşdiyi məkan, iş saatları, qidalanma xidmətlərinin çeşidi, qiymətlər, əlavə xidmətlərin təklifi və sairlərini sadalamaq olar. Əgər bir qədər də bunları xırdalasaq məlum olar ki, komfortun səviyyəsi kompleks kriteriyaların toplumudur: otaqların ölçüsü, bir və çox otaqlı nömrələrin ümumi nömrə fondunda payı, mebel, məişət avadanlıqları, sanitariya ləvazimatları, binanın vəziyyəti, parkinq imkanları, informasiya təminatı, qidalanma və əlavə xidmətlər və s.

- Hotellərin təsnifat növləri hansılardı?

- Hazırda dünyada hotellərin 30-dan artıq təsnifat sistemi mövcuddur. Bununla yanaşı digərləri də var. Misal üçün, hərf, tac və ballar sistemləri də tətbiq edirlər. Daha geniş tanınan HOTREC tərəfindən hazırlanmış “Mehmanxanaların təsnif edilmə sisteminin kriteriyaları” və Avropanın bir sıra dövlətlərində tətbiq edilən sənədi demək olar. Bu sistemə Avropa İttifaqına yeni qoşulmuş ölkələr də istinad edirlər. Bunların sırasında Litva, Estoniya, Latviya və eyni zamanda Malta, Belçika, Danimark, Yunanıstan, Lixtenşteyn, Luksemburq kimi ölkələri də sadalamaq olar.

- Ölkəmizdə hotellərin təsnifləndirilməsi necə aparılır?

- Azərbaycanda hotel və mehmanxana tipli  müəssisələrin təsnif edilməsi 1994-cü ildən tətbiq edilib. O zaman biz Rusiyanın müvafiq standartlarına istinadən öz milli təsnifat sistemimizi hazırlamışdıq. Sonralar bu sistem bir neçə dəfə dəyişib və təkmilləşib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 745-2015 "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi" dövlət standartını 2015-ci ildə yeniləyib və tətbiq edib. Hazırda təsnifat 272 bənddən ibarət, minimal tələblər və əlavə ballar əsasında qurulmuş “Mehmanxana və mehmanxana tipli yerləşdirmə obyektlərinin ulduz dərəcələrinin müəyyənləşdirilməsi üçün qiymətləndirilmə meyarlari” sənədi əsasında aparılır.

- Bu gün mehmanxanaların təsnifatını Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir və könüllü xarakter daşıyır. Nazirliyin internet səhifəsinə istinadən ölkə ərazisində fəaliyyət göstərən 550-dən artıq hotel və mehmanxana tipli obyektlərin cəmi 121-i təsnif edilib və ulduz dərəcəsi alıb. Bu da ümumi sayın  22%-ni  təşkil edir. Bu məlumat ötən ildən yenilənməyib. Həqiqətdə 127 obyekt təsnifat sisteminə qoşulub. Gördüyümüz kimi, fərq bir o qədər də çox deyil. Əminik ki, Nazirlik məlumatı yaxın günlərdə yenilənəcək. DAİR Hotellər və Restoranlar Assosiasiyasının turizm bazarında apardığı monitorinqlərin nəticəsin görə, təsnif edilmiş mehmanxanaların 26-sı 5* ulduzlu, 66-sı 4* ulduzlu, 26-sı 3* ulduzlu, 2-si 2* ulduzlu və 1 mehmanxana 5+* ulduzludurlar. 1* ulduz kateqoriyasında isə təsnif edilmiş mehmanxanamız yoxdur. Gördüyümüz kimi, mehmanxanaların yarısından çoxu 4*  kateqoriyasına aiddir. Cəmi 2% 2* mehmanxanalar təşkil edirlər.

- Təsnifatın tam aparılmamasının səbəbi nədir?

- Qeyd etmək zəruridir ki, bu heç də ürəkaçan mənzərə deyil. İlk növbədə, ölkədə fəaliyyət göstərən mehmanxanaların çox az faizi təsnif ediliblər. Hesab edirik ki, bu sahədə geniş təşviqat və təbliğat işi aparılmalıdır. Təsnifat sisteminə qoşulmaq və ulduz dərəcəsinin alınması könüllü olduğundan bu iş ləng gedir.

 

- Turizm və otelçilik fəaliyyəti ilə məşğul olmaq lisenziyalar ləğv edilib. Yalnız mehmanxanaların təsnif edilməsi icbari xarakter daşısa biz yaranmış mənzərəni tez bir zamanda dəyişə bilərik. Baxmayaraq ki, sonuncu meyarlar beynəlxalq nüfuzlu HOTREC təşkilatının və onun tətbiq etdiyi Hotel Stars Criteria (Otellərin Ulduz Kriteriyaları) adlı sənədə istinadən yaranıb, bu qanunda bəzi boşluqlar da var. Misal üçün, monitorinqlar nəticəsində aşkar edilən xidmət keyfiyyətsizliyi və digər meyarların pozulması mehmanxanaların ulduz dərəcəsinin azaldılmasına imkan verməlidir. Bununla yanaşı ulduz dərəcəsi təklif edilən xidmətlərin qiyməti ilə uzlaşdırılsa bu dəyişiklik də göstərilən xidmətlərin keyfiyyət baxımından təkmilləşməsinə gətirə bilər. Beynəlxalq təcrübədə mehmanxanaların təsnif edilməsi prosesi bir qədər uyğun olduqları ulduz kateqoriyasının artıq göstərilməsi kimi faktlarla müşahidə edilir. Bu, turistlərin mehmanxana seçiminə təsir edir və bir növ cəlbedici faktorla əlaqələndirilir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR