Hotellərin ulduz “xəstəliyi”nə necə son qoymaq olar?

Xəbərlər 13 Fevral 2017 00:00 696
Hotellərin ulduz “xəstəliyi”nə necə son qoymaq olar?

Azərbaycanda xeyli sayda hotellər və hostellər olmasına baxmayaraq bu sektorda bir çox promlemlər yaşanmaqdadı. Bunlardan biri də ulduz təsnifatı az olan hotellərin olmamasıdır. Seyyah.az-a müsahibə verən DAİR Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi  bu sahədə bəzi işlərin görülməli olduğunu bildirdi.

- Biz dünya turizm bazarında yeni destinasiya olaraq hələ ki özümüzü tanıdırıq, bu istiqamətdə bir çox işlər görməliyik. Digər tərəfdən əgər kütləvi turizmın inkişafına nail olmaq istəyiriksə bu halda mütləq 1,2,3 ulduzlu mehmanxanaların, hostellərin sayını artırmalıyıq. Bu isə yalnız biznesi bu istiqamətdə həvəsləndirməklə realizə edilə bilər. Hamıya məlumdur ki, hər bir iqtisadi sektorun aparıcı qüvvəsi kiçik və orta müəssələrdirlər. Bizim isə təsnifat sistemimizdə hostel, qonaq evi, fərdi yerləşdirmə obyektləri və digər bu kimi müəssisələrin kateqoriyalaşması nəzərdə tutulmayıb.

- Ölkəmizdə mövcud olan nömrə fondu tusitlər üçün yetərlidir?

- Son bir neçə il ərzində ölkəyə səfər edən turistlərin sayının artması, ekonom seqmentdə fəaliyyət göstərən mehmanxanaların isə ümumi nömrə fondunun çatışmamazlığı xüsusən Bakı şəhərində mənzil fondunun aktivləşməsinə gətirib. Yəni, turistlərə müxtəlif mənzillərin apartamentlər kimi, bəzilərinin isə hostel adı daşıyaraq təklifləri ortaya çıxıb. Bu fakt həm mehmanxanalara ciddi zərbə vurur və eyni zamanda turizm bazarında keyfiyyətsiz və turistlərin təhlükəsini şübhə altına salan xidmətlərin təklif edilməsi kimi qiymətləndirilir. Digər tərəfdən mənzil sahibləri kütləvi şəkildə vergidən yayınırlar. Bunları tənzimləmək lazımdır, yerli mehmanxanaların marağları qorunmalıdırlar. Əgər kimsə öz mənzilini turistlərə və yaxud ölkəyə səfər edən qonaqlara və eyniliklə yerli turistlərə, ezamiyyətdə olan şəxslərə icarəyə vermək istəyirsə, bu əmlak mütləq müvafiq standartlara cavab verməlidir. Təsnifat sistemində dəyişikliklərlə və yaxud digər normativ-hüquqi sənədlərlə bu məsələni qaydaya salmaq olar.

- Hotellərin saxta təsnifat göstərilməsinin qarşısı necə alınır?

- Təsnifləndirilən mehmanxanalar sırasında minimal tələblərə cavab verən və bunlara fəaliyyətlərində riayət edən müəsissələrin sayı olduqca azdır. Əgər bizim 4*  kateqoriyasındakı hotellərimiz çoxluq təşkil edirlərsə, bunların timsalında bir neçə məsələyə toxunmaq olar. Biz əminliklə bilirik ki, bu kateqoqiyalı mehmanxanalarda xidmət  minimal tələblərə cavab vermir. Məsələn, onlarda qonaqların rəy və təkliflərini öyrənmək üçün sistem yoxdur, personalın təlim və hazırlığı üzrə plan aparılmır, baxmayaraq ki, bütün kateqoriyalar üçün minimal tələb hesab edilən personalın ən azı 50%-nın müvafiq peşə sertifikatının olmasına riayət edilmir, İSO 22000 Qida Məhsullarının Təhlükəsizliyi Sistemi tətbiq edilmir, naməlum və yaxud gizli qonaq sistemi tətbiq edilmir və s. Nəticə etibarilə bütün bunlar göstərilən xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Bunlarla yanaşı digər bir uyğunsuzluqla da üzləşirik. Bildiyimiz kimi turistlər arasında populyar olan bir sıra beynəlxalq bronlaşdırma sistemləri var. Bunlar www.booking.com; www.tripadvisor.com; www.hotels.com  və sairlərini sadalamaq olar. Bu sistemlər həm turistlər üçün əlverişli resurs hesab edilirlər, həm də hotellərə əlavə müştəri bazarını təmin edirlər. Turistin səfər etdiyi məkanda mehmanxananın seçilməsi bir sıra parametrlərlə yanaşı onun ulduz göstəricisinin də əsasında baş verir. Demək olar kı, ulduz sayı turist üçün birinci seçim meyarıdır. Assosiasiya tərəfindən aparılan müşahidələrdə aşkar olub ki, ən populyar olan www.booking.com  bronlaşdırma resursunda bir çox mehmanxanalar göstərilən ulduz dərəcəsi olmadan yalnış məlumatların yayılmasına yol verirlər. Biz hesab edirik ki, bu hal həm mehmanxana rəhbərliyinin,  həm də həmin saytın səhlənkarlığından irəli gəlir. Bir sıra mehmanxanalar təsnifatdan keçmədən və yaxud keçmişdə təsnif edilmiş və sonralar bunun zamanı bitdikdən sonra yanlış məlumatlar verirlər. Misal üçün Nemi Hotel, Riva Hotel, Amber Hotel, Jasmine Hotel, Villa Hotel, Swan Hotel, Shams Hotel, Bayil Inn, Baku Palace Hotel, Sea Port Hotel, Empire Hotel, City Center Hotel, AEF Hotel, Boyuk Gala Hotel, Old East Hotel kimi mehmanxanalar təsnif edilmədən bronlaşdırma sistemində 3* və 4* ulduzlu kimi göstəriliblər, Alstadt Hotel 2*  kimi təsnif edilib sistemdə isə 3*ludur, Askar Hotel 3* ulduzlu kimi təsnif edilib sistemdə isə 4* ulduzlu kimi göstəriliblər. Assosiasiya booking.com  şirkətinə bir daha müraciət edib mehmanxanaların ulduz kateqoriyasına düzgün göstərilməsini xahiş edəcək. Bu çox sadə bir yolla həll edilir – sistemə düşən hər bir mehmanxana təsnif edildiyi haqqında dövlətin rəsmi sənədini təqdim etməlidir.

- Sadalanan problemlərin aradan qaldırılması üçün nə təklif edirsiz?

- DAİR Hotellər və Restoranlar Assosiasiyası mütəmadi olaraq bu suallar ətrafında müzakirələr aparır, mehmanxanalara iradlarını bildirir və nöqsanların aradan qaldırılması üçün hər cür vasitələr təklif edir. Yalnız biz bu proseslərin pozulmasını aşkar etdikdə artıq bu və ya digər müəsissə təsnif edilmiş və müvafiq ulduz dərəcəsi almış olur. Əgər bizim ekspertlər təsnifat sisteminin tətbiqi proseslərində yaxından iştirak edə bilsələr və monitorinq qruplarında təmsil olunsalar biz əminliklə deyə bilərik ki, belə halların qarşısı vaxtında alınar və nöqsanlar bilavasitə aradan qaldırılar. Bu isə yalnız dövlət qurumlarının ictimai birliklərlə daha sıx əməkdaşlığı əsasında qurula bilər.

 

Hər bir mehmanxana sahibi və idarə edənlər unutmamalıdırlar ki, onlar turizm sənayesinin ən iri və iqtisadi cəhətdən vacib tərkib hissəsini təmsil edirlər, ölkəmizə səyahət edən turistlər və qonaqlarla bilavasitə ünsiyyətdə olurlar, onlara əyani xidmətlər göstərirlər və bunların keyfiyyəti nəticə etibarilə ölkəmiz haqqında formalaşan fikirlərə və imicə mühüm təsirini göstərir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR