Abbas Atilay İsveçrənin “Göy Göl”ündən, Hallwyl-dən yazır. Deyir, əslində bu bənzətmə şərtidir. Çünki İsveçrədə addımbaşı qarşınıza bir-birindən gözəl elə göllər çıxır ki, Hallwyl onların yanında yalan olur.
Təbiətsevərlər və ya səyahətçilər yaxşı bilər. Tektonik mənşəli göllə, adi gölün gözəlliyi eyni olmur. Necə ki, Göy Göllə Hacıqabul gölünün gözəlliyinin müqayisəsi yersizdir. Hallwyl də tektonik mənşəli deyil, amma dumduru, gömgöy suyu ilə ən sevilən göllərdəndir.
Hallwyl İsveçrənin iki vilayəti Aargau və Luçern arasındadır. Sahilləri boyunca sadə insanlar məskunlaşıb. “Sadə insan” ona görə yazıram ki, axı bizdə belə adət yoxdur. Misal üçün orta statistik vətəndaş belə bir yerdə məskunlaşa bilməz. Ancaq dünya pulunun təmərküzləşdiyi bu ölkədə siz varlı ilə nisbətən yoxsul insan arasında ciddi fərq görə bilməzsiniz. Bu ölkədə insanın normal yaşaması üçün lazım olan hər şey ədalətlə bölünüb.
Göl ətrafında bir qarış boş ərazi tapmaq olmaz. Hava azacıq isinən kimi insanlar bura axışır, göldə üzür, balıq tutur, piknik edir, qayıqla üzür, həyatın dadını çıxarırlar. Gedəndə isə gəldikləri kimi, göl və ətrafı tər-təmiz qalır. Niyə..? Çünki insanlar buraların onlara məxsus olduğunu bilirlər.
Xatırlayırsınızsa, Göy Göl xalqın istifadəsinə verildikdən dərhal sonra “insanlar gölü zibillədilər”, – kimi xəbərlər yayıldı. Göy Gölü insanlar “batırdı” kimi xəbərlərlə insanlar qınandı.
Sizcə bu, normal deyilmi? Dostlar, bu, kültür sorunundan daha çox, insanların şüuraltına işləmiş “yadlıq” sindromundan qaynaqlanır. Bizim ölkəmizdə insanlar nəyəsə sahib olduqlarını ağıllarından belə keçirmirlər. Onlar bilsələr ki, bu istifadə etdikləri şey onlarındır, onda qədrini də bilərlər.
Sizə bir misal çəkim: Hallwyl gölünə də əksəriyyət balıq tutmaq üçün gəlir. İsveçrədə balıq tutmaqla bağlı qaydalardan biri budur ki, 20 santimetrdən kiçik və həddən artıq çox (təqribən 3-4 kiloqram) balıq tutmaq olmaz. Siz bir dəfə də olsun, kiminsə bu ölçüdən kiçik və qoyulan normadan artıq balıq tutduğunu görə bilməzsiniz.
Niyə də etsin? Axı balıqçı ilin istənilən vaxtı, istədiyi zaman gölə rahat gəlib, balıq tuta bilir. Heç kim onu narahat etmir. O zaman niyə ehtiyacından qat-qat artıq balıq tutsun ki..?
Balıqçı yaxşı bilir ki, 20 santimetrdən kiçik balıqları tutarsa, sabah balıq tükənəcək və o, növbəti dəfə gəldiyində zənbili boş qayıdacaq.
Sizi inandırım ki, üçüncü dünya ölkələrindən gəlib, burada yaşayanlar da qısa zaman sonra bu qaydalara əməl edir.
Deməli, problem insanlarda deyil, sistemdədir.
Mənbə: seyahetciblog