2016-cı ildə Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Buktreyler Festivalı təsis edilib və uğurla həyata keçirilib. 

Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhz bu səbəbdən layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır.

Festivalın münsiflər heyətinə Çingiz Abdullayev (yazıçı), Ramiz Fətəliyev (rejissor-ssenarist), Elxan Cəfərov (rejissor), Nadir Mehdiyev (operator) və Ülviyyə Könül (rejissor) daxildir.

Festival barədə ətraflı məlumatı rəsmi saytdan və  Facebook səhifəsindən əldə etmək olar. Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2017@booktrailer.az