Milyonçular ən çox hansı ölkələrə köçür? – SİYAHI

Xəbərlər 28 Fevral 2017 00:00 668
Milyonçular ən çox hansı ölkələrə köçür? – SİYAHI

Adətən insanlar ölkələrində iqtisadi vəziyyət çətinləşdikdə başqa ölkələrə üz tuturlar. Amma bu dəfə Seyyah.az oxucularına varlı insanların daha çox hansı ölkələrə miqrasiya etmələri barədə məlumat verəcək.

New World Wealth-nin araşdırmalarına görə varlı insanların miqrasiyası durmadan artır. 2016-cı ilin statistikasına görə, 82 min milyonçu öz ölkəsindən köçüb. 2015-ci ildə bu göstərici 64 min olub.

Niyə Avstraliya?

New World Wealth  xəbər verir ki, Avstraliya artıq ardıcıl  ikinci ildir ki, milyonçuların üz tutduğu ölkələr arasında liderdir.  2016-cı ildə Avstraliyaya 11 min milyonçu köçüb. Siyahının ikinci pilləsində 10 min milyonçu ilə ABŞ qərarlaşıb. Böyük Britaniyaya isə 3 min milyonçu köç edib.

Milyonçuların Avstraliyanı seçməsi heç də təsadüfü deyil. Belə ki, Avstraliya dünyada ən yaxşı səhiyyə sisteminə malik olan ölkədir. Bundan başqa, isti iqlim də burada yaşamaq istəyənlərin sayına təsirsiz ötüşmür. Qeyri-stabil siyasətdən uzaq olması və Avropa kimi küllü miqdarda miqrant axınına məruz qalmaması Avstraliyaya milyonçuları cəlb edən əsas səbəblərdəndir.

Varlıların seçdiyi ölkələr

Bundan başqa Avstraliyadan inkişaf etməkdə olan  Asiya ölkələri - Çin, Cənubi Koreya, Sinqapur, Hindistan və Vyetnamla iqtisadi əlaqələr qurmaq daha asandır.

Araşdırmalardan o da bəlli olub ki, bu ölkə vətəndaşlarının maddi göstəriciləri son bir neçə ildə 85 faiz artıb. Halbuki  bu göstərici ABŞ və Böyük Britaniyada 28-30 faiz olub. Deməli, hər bir orta Avstraliya vətəndaşı ABŞ və Böyük Britaniya vətəndaşından daha varlıdır. Avstraliyada nəsildən nəsilə ötürülən var-dövlətdən tutulan vergi haqqı da çox aşağıdır.

Qeyd edək ki, milyonçuların üz tutduğu digər ölkələr bunlardır:

Kanada,

Birləşmiş Ərəb Əmirliyi,

Yeni Zelandiya

İzrail.

Onlar bu ölkələrdən qaçırlar

Varlıların tərk etdiyi ölkələr əsasən, Fransa və Braziliyadır. Hesablamalara görə, 2016-cı ildə Fransanı 12 min milyonçu tərk edib. Ümumilikdə 2000-ci ildən bu günə kimi Fransanı 60 min milyonçu tərk edib. Ekspertlər bu sayın bundan sonra da artacağını bildirib.

Varlıların Vətənlərini tərk etmələrinin səbəblərdən biri də öz ölkələrində cinayətkarlığın yüksək səviyyədə olması, iqtisadi əngəllər ,yüksək vergilər və hətta milyonçuların öz övladları üçün yaxşı  təhsil ocaqları tapa bilməməsidir.

Ən çox milyonçu hansı ölkədədir?

“Forbes”in məlumatına görə, milyarderlərin 75 faizi cəmi 10 ölkənin vətəndaşlarıdır. Milyarderlərin 38 faizi ABŞ-vətəndaşlığı olan insanlardır. Onlardan 79 nəfərinin var-dövləti 364,6 milyard dollar təşkil edir və bu şəxslər Nyu-Yorkda yaşayırlar. 28 nəfər milyarder isə San-Fransisko şəhərində yaşayır.

Siyahının ikinci pilləsində Çin qərarlaşıb. Pekində 1 milyard dolları olan 68 nəfər yaşayır. Şanxayda 31 nəfər, Şencjendə isə 30 nəfər milyarder yaşayır.

Məlumata görə, milyarderlər ölkəsində sıralama üçüncü pillədə Rusiya qərarlaşıb. Şimal qonşularımız arasında 77 nəfər milyarderin yaşadığı məlum olub. Onların ümumi varidatı isə 217,6 milyard dollar təşkil edir. Milyarderləri olan ölkələr arasında həmçinin Almaniya, Hindistan, Böyük Britaniya, Türkiyə,  Honkonq və Yaponiya da yer alıb.

Ən çox əhali sıxlığı olan Banqladeş vətəndaşlarından isə milyarder olmayıb. Ən az milyonçu isə Tropik Afrikada yaşayır.

Mənbə: Turizm.fins

 

 

OXŞAR XƏBƏRLƏR