Dünyanın ən ucuz bilet satan aviaşirkətlərindən biri “Ryanair” Gürcüstan bazarına girir.
Şirkətlə Gürcüstan hökuməti arasında danışıqlar hələ keçən il başlayıb. 2016-cı ilin fevralında “Ryanair”in kommersiya direktoru David O’brien-lə görüşən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkəsinin aşağı büdcəli aviaşirkətlərlə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdi. Giorgi Kvirikaşvili bunun həm Gürcüstanda inkişaf edən turizm biznesi, həm də azad viza rejimindən sonra Gürcüstan vətəndaşlarının ucuz qiymətə şengen ölkələrinə gedə bilməsi üçün vacib olduğunu qeyd etmişdi.

“Ryanair”in uçuşları Tbilisi yaxud Kutaisi şəhər aeroportundan həyata keçirəcəyi haqda hələ ki, heç bir məlumat verilməyib. Travelinggeorgia.ge yazır ki, yaxın günlərdə şirkətin bu haqda rəsmi açıqlama yayacağı gözlənilir.