Böyük Britaniyaya vizanı haradan almaq olar? - YENİLİK

Xəbərlər 24 Aprel 2014 00:00 1251
Böyük Britaniyaya vizanı haradan almaq olar? - YENİLİK

Bu gün Bakıda Böyük Britaniya səfirliyinin Azərbaycanda Viza Müraciət Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirib ki, mərkəz Azərbaycan vətəndaşlarının Britaniyaya daha asan, daha rahat səyahət etməsini təmin etmək məqsədilə yaradılıb. Səfir deyib ki, bu məsələ ilə bağlı bəzi anlaşılmazlıqlar var: “Bəzi insanlar deyir ki, səfirlik bağlanır, viza almaq mümkün olmayacaq, bunun üçün başqa bir ölkəyə getmək lazım gələcək. Amma bunlar həqiqətə uyğun deyil. Viza prosedurunda heç nə dəyişmir. Sadəcə, səfirlik əvəzinə siz bu rahat və böyük ofisə gəlirsiniz. Bu mərkəzdə viza üçün sənədlərin təqdim olunması prosesi asanlaşıb. Eyni zamanda mərkəz səfirliklə müqayisədə daha çox müraciət qəbul etmək imkanına malikdir. Yeni şirkət Azərbaycan vətəndaşlarına daha keyfiyyətli xidmətlər göstərmək məqsədilə yaradılıb".


İ. Sıddıq qeyd edib ki, Britaniya hökuməti Azərbaycan vətəndaşlarına və Britaniyaya səfər etmək istəyən hər kəsə rahat xidmət göstərmək istəyir, xidmətlər çox operativ şəkildə göstəriləcək: “Səfirlikdə təhlükəsizlik baxımından gələnlər daha çox yoxlanılırdı, sənət qəbulu üçün xüsusi günlər var idi, vaxt təyin olunmalı idi. İndi isə sənəd təqdim etmək istəyən vətəndaş istənilən gün rahat şəkildə şirkətə gəlib sənədlərini verə bilər”.


Diplomatın sözlərinə görə, vizanı tez almaq üçün sənədləri daha tez təqdim etmək lazımdır. Vizanın rəsmi verilmə müddəti isə 15 iş gündür: “Azərbaycandan Britaniyaya çox insan səyahət edir, biz istəyirik ki, səyahət edənlərin sayı daha da artsın. Mənim əsas mesajım budur ki, heç nə dəyişmir, əksinə, viza almaq daha da asanlaşır və bu, insanlar arasında əlaqələrin möhkəmlənməsi üçün növbəti addımdır”.


Qeyd edək ki, hazırda “Teleperformance LLC” şirkəti Böyük Britaniya səfirliyinin Azərbaycanda Viza Müraciət Mərkəzinin idarə edilməsi ilə məşğuldur.

OXŞAR XƏBƏRLƏR