Farsca “yeni gün” anlamına gələn Novruz 5000 ildir qeyd edilir. Bu bayramı Azərbaycan da daxil olmaqla 7 ölkə keçirir. İran, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan.
İranda Novruzun qeyd edilməsi ilə bağlı bir neçə əfsanə mövcuddur. Bunlardan ən çox yayılmışı odu tapdığına inanılan Cəmşidin rəvayətidir. Bir başqa rəvayət isə Tanrının Adəmi Novruz günü yarattığı və ulduzların o gün bürclərinə ayrıldığı haqdadır. İranda bayram 13 gün olur. Bayram süfrəsinə “s” hərfi ilə başlayan 7 nemət qoyulur.
Qazaxıstanda Novruzda dualar oxunur, evlər təmizlənir. Hər kəs ən yaxşı paltarını geyinir. Adətə görə, bayram ərəfəsi evdə divarlara gil qablar atılaraq parçalanır, od qalanır. Qazaxların bayram süfrəsində Novruza özəl “Nevruz-köcö” yeməyi olur. Novruz şorbası yeməyini isə bayram günü qonşulara paylayırlar.
Qırğızlar Novruzun ilk gününə “Nooruz” deyirlər. Bu gün onlar da qazaxlar kimi “Nevruz-köcö” yeməyi bişirirlər. Yemək darı yarması yaxud, bulqurdan hazırlanır. Qırğızlar üçün il gecə ilə gündüzün bir olduğu gündə keçirilən Novruz festivalı ilə başlayır. Yeni il isə martın 21-də qeyd edilir.
Özbəkistanın Səmərqənd, Buhara, Andican tərəflərində Novruz tədbirləri Novruz günü başlayır və bir həftə davam edir. Özbəklər bayram əyləncələrinə “Seyil əyləncələri” deyirlər. Seyil yerlərində musiqiçilər, karusellər, küçə satıcıları olur. Bayramın birinci günü insanlar çadır-çadır gəzərək bayramlaşırlar. Qonaqlara plov, çay və meyvə verilir. Güləş, at yarışları, xoruz döyüşləri də bu bayrama rəng qatan adətlərdir. Teatrlarda Novruzla bağlı əsərlər səhnələşdirilir.
Türkmənlər isə Novruzdan 1 həftə öncə evlərində bayram təmizliyi edir. Bayram üçün Türkmən çörəyi, şekşekə, koko, bovursaq, Türkmən plovu bişirilir. Tərkibində buğda, su, un, şəkər olan Novruza özəl Səməni yeməyi hazırlanır. Bir gün əvvəldən pişirilməyə başlanan Səməni 21 Mart səhəri hazır olur.
Əfqanstanda bayram süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Əfqanlar bunu ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” – ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da yumurta döyüşləri olur. Novruz şənliklərinin mərkəzi Məzari–şərif şəhəridir – əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, orda xüsusi sərgilər, mərasimlər, şoular, oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır, 3-4 ay da davam edir. Çərpələng uçurtma kimi oyunlar da bayramın əsas əyləncələrindəndir.
Türkiyənin bəzi bölgələrində də Novruz fərqli adlarla qeyd edilir. Məsələn; Gaziantep və ətrafında 22 mart gününə Sultan Novruz adı verilir. Xalq arasındakı inanca görə, Sultan Novruz 21 martı 22 matra bağlayan gecədə qərbdən şərqə doğru köç edən gözəl bir qızdır. Bir başqa inanca görə isə o, quş cildində uçan bir dərvişdir. Novruz gecəsi Sultan Novruzun keçdiyi saatda oyaq olanların bütün arzularının gerçəkləşdiyinə inanılır. Türkiyənin bir başqa bölgəsində, Malatyada Novruzu “Qış bitdi bayramı” olaraq qeyd edirlər. Giresunda “Mart bozumu” adı verilən bayramda yaxınlıqlardakı axarsulardan su gətirilir və heyvanların üzərinə səpilir. Türkiyənin Edirne bölgəsində isə köhnə həsirlər yandırılaraq, “Mart içeri, pire dışarı” deyib üzərindən tullanırlar.