1 il Avropada yaşamaq və səyahət üçün - PULSUZ PROQRAM

Xəbərlər 16 Mart 2017 00:00 5544
1 il Avropada yaşamaq və səyahət üçün - PULSUZ PROQRAM

Səyahət etməyə pulun və başqa imkanların olmamasına sadəcə təəssüf eləmək hələ heç kimin vəziyyətini yaxşılaşdırmayıb. Səyahət və özünü inkişaf arzularını reallaşdırmaq üçün daha ucuz variantlar, hətta pulsuz proqramlar var. Qərara gəldim ki, bu haqda bilməyənlər və heç vaxt eşitməyənlər üçün vaxtaşırı paylaşımlar edim, ip ucu verim. Beləliklə, bu mövzuda ilk yazı EVS haqqındadır.

Dresden, Almaniya
Drezden, Almaniya

Tamamilə pulsuz şəkildə xaricdə yaşamaq, müxtəlif şəhərləri gəzmək, ingilis dilini inkişaf etdirmək, əlavə dil öyrənmək və xarici dostlar qazanmaq deyəndə ilk ağla gələn proqramlardan biri EVS olur. Özü də bu proqrama müraciət üçün heç bir xüsusi istedad, mükəmməl ingilis dili bilmək və qapı-qapı düşüb imtahan vermək, sənəd düzəltmək lazım deyil.

EVS nədir?

European Voluntery Service (EVS) – “Avropa Könüllülük Xidməti” Avropa Komissiyası tərəfindən yaradılmış beynəlxalq könüllülük proqramıdır. Bu proqramda könüllünün viza, könüllü olduğu şəhərdə ev, nəqliyyat, yemək-içmək daxil bütün xərcləri qarşılanır. Proqramın müddəti 15 gündən bir ilə qədər dəyişir. Əksər proqramlar 6-12 aylıq olur. EVS-ə 18 yaşından 29 yaşına qədər hər kəs müraciət edə bilər.EVS nədir

Könüllülər nə iş görürlər?

Bu könüllünün qatıldığı proqramdan və təşkilatdan asılıdır. Proqramdan asılı olaraq könüllülər  sosial, mədəniyyət və ətraf mühitlə bağlı işlər görə, yaxud hansısa bağçada uşaqlarla məşğul ola, kitabxanada nəzarətçi, teatrda köməkçi ola bilər.

Yuxarıdakı misalları müəyyən təsəvvür yaratmaq üçün qeyd etdim, amma siz könüllü olaraq ən müxtəlif işləri görə, hətta ixtisasınıza uyğun proqram da tapa bilərsiniz. Onu da qeyd edim ki, bu proqramda könüllü olmaq 24 saat işləmək anlamına gəlmir, həftənin 3-4 günü müəyyən olunan saatlarda işinizi görüb, qalan vaxtı da istədiyiniz kimi sərf edə bilərsiniz.

Bu proqramla hansı ölkələrə getmək olar?

  • Bütün Avropa Birliyi ölkələri
  • Avropa Azad Ticarət Asosassiyası üzvü olan ölkələr (Norveç, İslandiya və Lixtenşteyn)
  • Namizəd ölkələr (Türkiyə, Xorvatiya)
  • Şərqi Avropa və Qafqaz ölkələri

Xarici dil bilmək vacibdirmi?

İşlədiyi ölkənin dilini öyrənmək könüllüyə pulsuz kurs təşkil edilir. Kursun bütün xərcləri isə təşkilat tərəfindən ödənilir, amma dil öyrənməklə bağlı heç bir məcburiyyət yoxdur, bu daha çox könüllünün həvəsindən asılıdır. Ümumi ünsiyyət üçünsə orta səviyyədə ingilis dilini bilmək kifayətdir.  Orta səviyyədə ingilis dili deyəndə, burada söhbət xarici ölkədə normal ünsiyyətdən gedir. Amma bu məsələdə özünüzə qarşı vicdanlı olmalısınız, çünki getməmişdən qabaq sizin dil bacarıqlarınızla maraqlanacaqlar.

Könüllülərin cib xərcliyi nə qədərdir?

Bu ölkədən və həmin ölkənin iqtisadi vəziyyətindən asılıdır. Bu məbləğ Türkiyədə 1000 lirə, Avropa ölkələrində isə 350 euro-ya qədər dəyişə bilir. Müəyyən olunan cib xərcliyinə isə könüllünün yemək-içmək, nəqliyyat və başqa xərcləri daxildir, bircə ev pulundan başqa, evin pulunu təşkilat özü verir. Bundan əlavə cib xərcliyi könüllünün öz hesabına köçürülür, bu pulu necə və nə qədər xərcləmək onun onun öz işidir, yəni heç kim ayın sonunda həmin xərcliyin hesabatını istəmir.

Necə müraciət etmək olar?

EVS proqramları tapmaq üçün Azərbaycanda EVS-ə könüllü göndərən təşkilatlara yaza, onların Facebook səifələrini, qruplarını izləyə bilərsiniz. Çünki proqram olanda bu haqda elan yazırlar. İkinci yol isə EVS-in öz saytını izləməkdir. Bundan başqa “findevs.com” adlı sayt var, bu sayt çox tez-tez yenilənir və maraqlı proqramlar paylaşır.EVS-nədir_1

Müraciət üçün xüsusi heç nə lazım deyil, hər təşkilatın öz müraciət forması olur, onu doldurub göndərirsiniz. Eyni zamanda sizdən CV, “İstək məktubu” da (Bu məktubda niyə bu proqramda iştirak etmək istədiyinizi yazırsınız) tələb oluna bilər.

Təəssüf ki, EVS-ə bir başa özünüz müraciət edə bilməzsiniz. Mütləq sizi göndərən təşkilat olmalıdır. Siz Azərbaycanda təşkilat tapıb müraciət edib mövcud proqramlarla maraqlana, ya da istədiyiniz proqramı tapıb, sonra həmin təşkilata müraciət edə bilərsiniz ki, sizi həmin proqrama göndərsin.

Azərbaycanda hansı təşkilatlar EVS-ə könüllü göndərir?

Azərbaycanda üç təşkilat EVS-ə könüllü göndərir. Bunlar “Sağlam Düşüncə“, “Gələcəyə Körpü” və “Yaddaş” gənclər təşkilatlarıdır.

EVS-ə qəbul tamamilə pulsuzdur, heç bir təşkilat EVS qəbulu üçün namizədlərdən pul tələb edə bilməz. Yuxarıda adını çəkdiyim təşkilatların EVS-ə görə pul tələb etdiyini heç vaxt görüb, eşitməmişəm. Belə bir şey olsa da, bunu ictimailəşdirə, şikayət edə bilərsiniz, sadəcə əmin olun ki, bu proqram pulsuzdur.

Sırf gənclərlə bağlı proqram olduğu üçün EVS-də könüllülərin çoxlu dost qazanmaq, müxtəlif şəhərlərdə müxtəlif təlimlərə getmək, maraqlı aktivitələrə qatılmaq şansı olur. Mənim EVS könüllüsü olmuş 4 dostumdan 2-si  hələ də bu proqramı davam etdirirlər, onlardan biri Türkiyə, digəri isə Finlandiyadadır. Bu proqramı artıq bitirmiş dostlarım isə həmişə bu haqda çox yaxşı şeylər danışıb, çox şey qazandıqlarını deyirlər.

EVS özünü inkişaf və səyahət etmək üçün yaxşı proqramdır. Qarşıdakı bir ildə heç bir xüsusi planınız yoxdursa şansınızı dəyərləndirin.  Xüsusilə də ilin sonu və əvvəli yeni elanlar çox olur və siz asanlıqla istədiyiniz ölkədə proqram tapa bilərsiniz.

 Mənbə: Samrastravel

OXŞAR XƏBƏRLƏR