“Şirniyyatı qara çayla içmək olmaz” - NƏYİ NECƏ YEYƏK?

Xəbərlər 20 Mart 2017 00:00 1071
“Şirniyyatı qara çayla içmək olmaz” - NƏYİ NECƏ YEYƏK?

Bayram günlərinin, tətillərin sevinc bəxş etdiyi qədər qayğılı tərəfləri də var. İstirahət günlərini həvəslə gözləyənlərin bəziləri bolluca yatmağı düşünür, bəziləri qonaqlıqlara, digərləri səfərlərə hazırlaşır. Lakin bunların arxasında bir də qidalanma dayanır.

Məhz bayram günlərində qidalanma rejimi sıxlaşır və çox zaman yeməyə nəzarəti itiririk. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır. Bəs bayram günlərində necə qidalanaq? Tətillərdə həyat tərzimizi öz axarı ilə davam etdirməyi bacara bilərikmi?

Seyyah xəbər verir ki, Aile.lent.az bütün bunlarla bağlı dietoloq-mütəxəssis Leyla Zülfüqarlının fikirlərini öyrənib.

Dietoloq bayram günlərində qidalanmamıza xüsusi diqqət etməyimizi tapşırır. Bu baxımdan Novruz bayramı ikiqat məsuliyyət tələb edir:

“Novruzu daha çox şirniyyat bayramı kimi xarakterizə edə bilərik. Şirniyyatlardan təkcə bir şəkərbura bir pay kalorili yemək qədərdir. Məsələn, bir boşqab yağlı ətli aşqarası ilə plov təqribən bir şəkərburanın kalorisi ilə ekvivalentidir. 1 şəkərbura 650 kaloridirsə, bir qab plovda da təqribən bu qədər kalori var”.

Bayram süfrələrini plovsuz və şirniyyatsız təsəvvür etmək mümkün deyil. Hələ ikinci köməkçi yeməklər və salatları demirik. Təntənəli yemək mərasimindən sonra süfrəyə cürbəcür dadlı şirniyyatlarla çay gəlir. Dadlı yeməkləri yeyirik, lakin təəssüf ki, ondan sonra yediyimiz şirniyyatların kalorisini nəzərə almırıq. Halbuki elə əsl kalori də budur.

L. Zülfüqarlı ağır yeməklərdən sonra çayla şirniyyatların orqanizm üçün ikiqat təhlükə mənbəyi olduğunu deyir:

“Nəzərə almalıyıq ki, azərbaycanlılar metabolik xəstəliklərdən əziyyət çəkən xalqdır. Burada əsasən şəkərli diabet, zob xəstəlikləri nəzərdə tutulur. Belə xəstəliklərə meylli olan insanlar xüsusilə şirniyyat sarıdan ehtiyatlı olmalıdırlar. Bu cür insanlar Novruz bayramında istədikləri kimi, kifayət qədər şirniyyat qəbul etsələr, artıq risk qrupuna daxil ola bilərlər. Novruz bayramını nə qədər sevsək də, özümüzə və qidalanmamıza qarşı bir o qədər tələbkar olmalıyıq”.

Bayram günləri, tətil və istirahətin sevinci yalnız yeməkləri dadmaqdan ibarət deyil. Bu sevincə deyib-gülüb, əylənməyi də əlavə edə bilərik.

Dietoloq bu günlərdə orqanizmə də qidalanmada istirahət verməyin də vacib olduğunu əlavə edir:

“Özümüz istirahət etdiyimiz kimi, orqanizmimizə də dinclik verməliyik. Məsələn, bir gün günün birinci yarısı şirniyyat qəbul etsək, o biri gün şirniyyatdan imtina etməliyik. Hər gün bir-birinin ardınca şirniyyat yemək orqanizm üçün doğru deyil. İstirahət günlərində hesablamadığımız hipodinamik həyat tərzini də nəzərə almaq lazımdır. Şirniyyatı adət etdiyimiz qara çayla içmək məsləhət deyil. Bu günlərdə bitki çaylarına, əsasən yaşıl çaya və darçın çubuğu ilə dəmlənmiş çaylara üstünlük verilməlidir”.

Təəssüf ki, bizdə bayram günləri yalnız yeməklə ölçülür. Çünki bizim üçün bayram adət-ənənəsi yeməklərdən aldığımız zövqdür. Dietoloq bildirir ki, bunu əylənmək, şənlənmək, deyib-gülmək, oynamaqla tamamlasaq, yəni fiziki aktivliyi də əlavə etsək, normal yemək və şirniyyatlardan da zövq ala bilərik: “Bayram günlərində yemək paylarına mütləq nəzarət etməliyik. Yemək paylarımız kiçik olmalıdır. Novruz bayramında digər bayramlara nisbətən qidalanma proqramı zəngin olduğu üçün daha çox məsuliyyət tələb edir. Qurban bayramında bir başqa tərzdə qidalanırıq, Yeni ildə bir başqa. Ən təhlükəli qidalanma isə Novruz bayramına düşür”.

Bayram günlərində pəhriz saxlayanların üzərinə daha çox məsuliyyət düşür. Pəhriz saxlayanların çoxu demək olar ki, bayramı doyaraq yaşamadıqlarını etiraf edirlər. Çoxları isə hətta dadlı yeməklər, müxtəlif şirniyyatlara süfrədən qıraqda baxmaqla kifayətlənir.

L. Zülfüqarlının isə pəhriz saxlayanlara xoş xəbəri var: “Düzdür, pəhriz saxlayanlar üçün bayram günləri sıxıntılı keçir. Amma pəhrizlərini də davam etdirirlər. Təbii ki, yemək və şirniyyatlardan da dadaraq. Üstəlik, heç bir problem də yaşamırlar. Bu şərtlə ki, nəzarəti itirməsinlər. Əgər bir gün bir paxlava və bir şəkərbura yeyirlərsə, həmin gün kalorili yeməkdən imtina etmək lazımdır. Bu cür etsələr, ciddi xətalardan qoruna bilərlər”.

 Mənbə: Qafqazinfo

OXŞAR XƏBƏRLƏR