Martın 29-da Vergilər Nazirliyində ticarət festivallarının təşkili ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mədəniyyət və Turizm Nazirliyinin və bankların nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov görüş iştirakçılarına Bakıda ilk dəfə olaraq keçiriləcək ticarət festivallarının («shopping festival») əhəmiyyəti və onların təşkili ilə bağlı məsələlər barədə məlumat verib.
Bildirilib ki, ticarət festivalı ildə iki dəfə keçiriləcək. Məqsəd turistlərin ölkəmizə cəlb edilməsi, sahibkarların həvəsləndirilməsi və satışların artırılmasıdır.
Qeyd edək ki, bir qədər əvvəl prezident İlham Əliyev ticarət festivalları zamanı alınmış mallara görə vergilərin qaytarılması qaydasını təsdiqləyib. Nazir müavini bildirib ki, prezidentin həmin fərmanına uyğun olaraq “Baku Shopping Festival”ının iştirakçısı olan iri ticarət mərkəzlərində işlər başa çatmaq üzrədir.
Ticarət festivalları dövründə alınan mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə ilkin mərhələdə “Park Bulvar”, “Port Baku Mall”, “Nərgiz Mall”, “Metropark”, “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzində xüsusi köşklərin qurulması planlaşdırılır. Ehtiyac olarsa, bu köşklərin sayı artırıla bilər.
Festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün xidmət göstərəcək işçi heyətinin bayram və istirahət günlərində də işləməsi təmin olunacaq. Alıcıların rahatlığının təmin edilməsi üçün ticarət festivallarına cəlb olunacaq bankların filialları ƏDV qaytarılması sisteminə qoşulacaq.
Görüşdə bankları maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, Vergilər Nazirliyinin aidiyyatı qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən bankların nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.