Xəzər sahilindəki çimərliklərdə əhalinin dənizə çıxışına qoyulan maneələr aradan qaldırılacaq. Seyyah.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planında bildirilir.
Tədbirlər planında deyilir ki, çimərlik operatorları (yəni çimərlikləri idarə edən şirkətlər) əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görüləcək. Bu işin həyata keçrilməsi Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
Sənədə əsasən, çimərliklərin mühafizəsi sahəsində qaydaları pozan şəxslərə qarşı tədbirlər göürüləcək və bu barədə qanun layihəsi hazırlanacaq.
Tədbirlər planında Xəzərin sahilində yeni çimərliklərin yaradılması da əksini tapıb. DÖvlət qurumları bu çimərliklər üçün yer ayırmalı və sahibkarlara təkliflər verməlidirlər. Bu məsələ ilə Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, və yerli icra hakimiyyəti orqanları məşğul olacaqlar. Çimərliklərin salınmasına bələdiyyələr də cəlb olunacaq və böyük ehtimalla bələdiyyə çimərlikləri də yaradılacaq.
Bundan başqa, hökumət çimərliklərin işləyə bilməsi üçün dəniz sahibinə lazımi infrastruktur - yol, su, kanalizasiya, elektrik, rabitə və digər xidmətlər çəkəcək.
Əhalinin və sahibkarların çimərliyə marağını artırmaq üçün sahil boyu ərazilərdə lazımi obyektlər tikiləcək, eləcə də sahibkarların təklif etdiyi layihələrə dəstək veriləcək.
Mühüm yeniliklərdən biri olaraq çimərlik ətrafında pulsuz avtomobil dayanacaqlarını yaradılacaq.
Ən maraqlı yeniliklərdən biri dənizdə qayıqla gəzmək imkanının yaradılması olacaq. Tədbirlər Planına görə, çimərlik ətrafında ən azı 200 metrdən bir olaraq su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqlar yaradılacaq.
Çimərliklərin təmiz qalması üçün bura çirkab sularının axıdılması dayandırılacaq. Çirkab suları kanalizasiya xətlərinə axıdılacaq, bu mümkün olmadıqda isə həmin suların təmizlənməsi üçün dəniz sahilində təmizləyici stansiyalar qurulacaq.