İki paxlava 10 manata – BULVARDA QİYMƏTLƏR

Xəbərlər 10 Aprel 2017 00:00 1755
İki paxlava 10 manata – BULVARDA QİYMƏTLƏR

Bakının bəzi ərazilərində yerləşən iaşə obyektlərində qiymətlərin əsassız olaraq yüksək olması hamıya məlumdur. Belə ərazilərdən biri də Dənizkənarı Bulvardır. Bir qayda olaraq bulvardakı restoran və kafelərdə qiymətlər şəhərin digər ərazilərindən bir neçə dəfə yüksək olması ilə seçilir. Əslində əhalinin bir qismi bu qiymətlərə öyrəşib, amma bəzən bu obyektlərdə müştərilərə elə hesablar təqdim olunur ki, təəccüblənməmək olmur. Belə hallardan biri Ruslan Dadaşov adlı Facebook istifadəçisinin başına gəlib.

 

Bulvarda o qədər də dəbdəbəli olmayan çay süfrəsi üçün müştəriyə 36 manat «oxuyublar». Çay sürəsinə 2 çaynik çay, iki mürəbbə, iki ləpə və iki paxlava daxil olub. Digər yerlərdə cəmi 10-12 manata başa gələcək bu menyuya görə müştəriyə 36 manat hesab təqdim olunub.

Maraqlıdır ki, çayın özünün qiyməti burada cəmi 4 manat təşkil edib. Əsas pul aparan hissələr çayın ətrafında təqdim olunan dəsgah olub – bir qab mürəbbə 5 manatdan, bir qab ləpə 6 manatdan, bir paxlava isə 5 manatdan hesablanıb.

 

Hesab müştərini o qədər hiddətləndirib ki, alınan çeki sosial şəbəkədə bölüşməyi qərara alıb: «İki çayhik çay, iki mürəbbə, iki ləpə, iki paxlava=36 manat. Bu gün Dənizkənarı Milli Parkda milli çay süfrəsinə alınan pul».

 

Müştəri qeyd edir ki, bu olay Park Bulvarla Hökümət evi arasındakı günbəzli çayxanada baş verib. Şəkildən göründüyü kimi, bu çayxana Hüseynov Sahib adlı fiziki şəxs tərəfindən idarə olunur.

 

Ən maraqlısı odur ki, həmin kafenin qaydalarına görə, çayın yanındakı şirniyyatlar stola məcburən verilməlidir. Yəei daha sadə çay süfrəsi sifariş etmək mümkün deyil: «Stola məcburən bunlar verilməli və ödənişi də bu rəqəmlərlə alınmalıdır. Bunu tənzimləyən bir qurum varmı» deyə müştəri sual edir. 

OXŞAR XƏBƏRLƏR