Dənizlərin xilas etdiyi ölkə - FOTOLAR

Xəbərlər 12 Aprel 2017 00:00 830
Dənizlərin xilas etdiyi ölkə - FOTOLAR

Yunanıstanda heç vaxt "günəş böhranı olmur!" Bu ölkədə ilin 250 günü günəşli keçir.

 

Yunanıstan zəngin tarixi və mədəniyyəti ilə hər il milyonlarla turisti cəlb edən ölkədir. Təbiətində insanı valeh edə biləcək bütün gözəlliklər cəmlənib. Bu qədim sivilizasiyası olan möcüzəli ölkə dünyaya bir çox tarixi abidlər və böyük şəxsiyyətlər bəxş edib. Yunanıstan qiymət və keyfiyyət nisbətinə görə də ən yaxşı turistik istiqamətlərindən biridir. Bu ölkədə baş verən ciddi iqtisadi böhranlara baxmayaraq, statistikalar göstərir ki, turistlər Yunanıstan səfərindən doymur. İlin bütün fəsillərində turistlərin üz tutduğu bu yerlər avqust ayının 45 dərəcə istisində, qışın az qala adamı kəsən şaxtasında da ziyarət olunur.

Çimərlikləri

 

Yunan adaları yayın son günlərini keçirmək üçün ən yaxşı məkandır. Yunanıstanda dincələ biləcəyiniz yüzlərlə adalar var. Yunanıstanın qumlu çimərlikləri uzunluğuna görə Avropada birinci yeri tutur. Ən gözəl çimərlik isə Zakinfdəki Navayo çimərliyi sayılır. Burada 1980-ci ildə qəzaya uğramış Panayotis gəmisinin lövbəri indiyədək mənzərəni gözəlləşdirir. Beş kilometr uzunluğunda ağappaq qumlu Busulas çimərliyini Xalkidiki yarımadasının vizit kartı adlandırırlar. Mikonos adasındakı Psaru çimərliyi isə dünya ulduzlarının burada dincəlməyi özlərinə borc bildiyi ən populyar yerdir. Burada çimmək üçün əvvəlcədən şezlonq və"Hermes”-in bikinisini geyinmək tələb olunur. Əks halda sizi içəri buraxmayacaqlar. Halbuki yeni qanuna görə, Yunanıstanda bütün çimərliklər ictimai və pulsuzdur. Sizə bütün çarpayıların məşğul olduğunu desələr, sahildə öz dəsmalınızın üstündə istədiyiniz qədər uzanıb günəş vannası qəbul edə bilərsiniz və heç kimin  sizə mane olmaq hüququ yoxdur.

İstiqaməti seçin

 

Əgər pulunuzu qənaətlə xərcləmək istəyirsinizsə, onda stereotiplərdən uzaqlaşmaq və Santorini ilə Minkonosdan başqa adaları nəzərdən keçirmək lazımdır. Başqa yerlərdə qiymətlər nisbətən aşağıdır. Bəli, başqa adalara getmək üçün bərə tələb oluna bilər, lakin bunun əvəzində siz daha böyük təcrübə qazanacaqsınız. Hava limanından nə qədər uzaq olsanız, həyat tempi daha ahəngli olacaq.

Mənzərəli otaqlar

 

Əgər siz super-dəbdəbəli hotellər axtarmırsınızsa, onda bir günü 50 və 60 avroya (mövsümün ən qızğın çağında bir qədər bahadır) kifayət qədər mənzərəli, pəncərəsi dalğalı dənizə və ya dağlara açılan iki nəfərlik otaqlar tapa bilərsiniz. Münasib variant tapmaq çətin deyil. Baza xidmətlərinə əlavə olaraq nömrədə adətən mətbəx və eyvan, o cümlədən yunan şampan və şərabını soyutmaq üçün soyuducu da var. Daha bir variant isə Tilosa və Eristosa kimi çimərliklərdir. Bu çimərliklərdə çadır üçün pulsuz yerlər təklif olunur. Yayda cütlüklər və hətta uşaqlı ailələr də pulsuz xidmətdən istifadə edib bir aya yaxın çadırda yaşayır. Axı məhz burada - dünyanın ən yaxşı mənzərələrini sonsuzadək seyr etmək mümkündür. Gündüzlər masmavi sular, gecə isə dənizi işıqlandıran ulduzlu və aylı cığır...

Xarabalıqda yanına yollanın

Акрополь

Yunanıstan arxeoloqlar üçün cənnətdir. Afinada arxeoloji qazıntılar istənilən başqa ölkədən çoxdur. "Yunanıstanın hər tərəfində tarix var. Hansı şəhərə, hansı məhəlləyə getsəniz, orada tarixlə üzzə qalacaqsınız”. Yunan müdriklərindən birinin nə vaxtsa söylədiyi bu fikirləri qədim Ellada torpağına ayaq basan hər kəs təsdiq edirDünyanın ən böyük muzeylərindən bir neçəsi də Afinada yerləşir. Yeri gəlmişkən, bu ölkəyə səfər biletlərinin elə də dəyəri yüksək deyil.

Tarixi məkanları gəzmək istəyən turistlər isə heç şübhəsiz, Akropolu görməyə tələsir. Bütün dünyada incəsənətin rəmzi hesab olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi məkanlar arasında Akropol xüsusi yer tutur. Qədim sivilizasiya ilə müasirlik arasında körpü rolunu oynayan Akropol və Arxeologiya muzeyini minimum qiymətə gəzə və Yunanistan tarixi ilə tanış ola bilərsiniz. Akropol Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngin açıq muzeydir. Bura qədim Afina dövlətinin həm dövlət, həm də dini mərkəzi sayılırdı. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına, qorunub saxlanmasına ciddi fikir verib. Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə sənətkar və qul cəlb edilmişdi. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə ərsəyə gəlib.

Yunan şərabı

Вино. Греция

Şərab tanrısının vətəninə gəlib, bu içkinin dadına baxmadan getmək əlbəttə ki, olmaz! Yunan içkiləri dünyada çox məşhurdur. Ən geniş yayılmış və ucuz şərab Reçinadır. Bu şəraba şam qozaları orijinal dad verir. Yunanlar onu koka-kola ilə qarışdırıb tündlüyünü zəiflədirlər. Daha nəfis içki həvəskarlarına "Carras Portovə ya "Biblia Hora” şərablarını məsləhət görürük. Afonada ağ Kormilitsa şərabı istehsal olunur. Yeri gəlmişkən onu ancaq bahalı restoranlarda və milyarder süfrələrində təqdim edirlər. Tünd içkilər arasında yunanlar yerli anis  arağına üstünlük verir. "Metaksa” ən məşhur yunan spirtli içkisidir. Onu ya qatqısız, ya da kokteyllərdə içirlər.

Musiqi dinləmək

Yunan musiqiləri də təbiəti kimi insana terapiya təsiri göstərir və unudulmaz həzz yaşadır. Xalkidiki yarımadasında hər yay Yunanıstanın ən iri musiqi festivalları keçirilir. Burada həm etnik yunan, həmçinin caz və klassik musiqiləri sizə şəhərin yorucu səs-küyünü tamamilə unutduracaq. Təxminən eyni zamanda musiqi festivalları Odisseyin vətəni İtaka adasında da keçirilir. Samotraki adasında isə lazer işıq şoularının müşayiəti ilə reyv festivalı guruldayır. Mahnılar elə bərkdən oxunur ki, onun səsi hətta qitənin o tərəfində və yaxın şəhərdə eşidilir.

Romantik evlilik təklifi

Yunanlar şənlənməyi sevirlər, elə buna görə də dünyanın hər yerindən  insanlar təmtəraqlı məclisləri qeyd etmək üçün buranı seçir. Məsələn, Yunanıstanın Krit adası romantik evlilik təklifi və toy üçün əla yerdir. Xüsusi qeyd etmək lazımdır ki, Yunanıstanda evlənmək istəyən məşhurların çoxu qeyri-adi gözəlliyinə görə Santorini və Mikonos adalarını seçir.

Yunan mətbəxi

 

Dünyada ən məşhur yunan yeməyi təbii ki, yunan salatıdır. Onun hazırlanmasında yeganə sirr - təzə tərəvəzlər, üstəgəl yaxşı zeytun yağıdır. Yunan salatını yol kənarındakı kafelər və bahalı restoranlar daxil olmaqla hər yerdə sifariş etmək olar. Digər məşhur yunan yeməkləri çaçiki (yoqurt ilə sarımsaq və xiyar), musaka (badımcan ilə zapekanka) və suvlakidir (kabab). Əgər şık restoranda şam yeməyi istəyirsinizsə, onda siz Mikonos adasına yollanın. Belə ki, Psaru çimərliyindəki "Nammos” restoranı ölkənin ən dəbdəbəli  məkanı sayılır. Ümumiyyətlə, yunan mətbəxində tərəvəz və zeytun yağından çox istifadə olunduğu üçün onların yeməkləri ləzzətli olduğu qədər faydalıdır. Burada müxtəlif balıq növlərinin də dadına baxmaq mümkündür. Yunanıstan mətbəxi yağlı və ətirli yeməkləri üstünlük təşkil edir. Milli yeməklərin əksəriyyətinə əsas qoyun və dana əti xidmət edir. Geniş çeşiddə balıq və ət yeməkləri süfrəyə müxtəlif souslarla təqdim olunur. Yunanıstanda yayılmış ən məşhur sous isə mezedir. Yunanlar sağlam qidalansalar da, fastfodları da çox sevir. Məsələn, hamının tanıdığı şaurma burada da çox məşhurdur. Amma dadlar əlbəttə ki, kəskin fərqlənir. Çünki onun tərkibində keyfiyyətli ət istifadə olunur. Ümumiyyətlə, yunanların fastfoodları Avropada ləzzəti və keyfiyyəti ilə tanınır.

Şirniyyatlar cənnətinə xoş gəlmisiniz!

Yunanıstanı cəsarətlə şirniyyatlar cənnəti adlandırmaq olar. Odur ki, Yunanıstanda pəhrizləri unudun getsin. Şirniyyatların dadına gəldikdə ögeylik hiss etməyəcəksiniz. Belə ki, yunan şirniyyatlarının əksəriyyətinin türk taamları ilə yaxın qohum olduğunu demək olar. Hər halda halva, paxlava və revaninin türk mətbəxinə də aid olduğunu hamımız yaxşı bilirik. Dondurma və ya qaymaqla servis edilən mastika isə daha sərtdir.

 

Küləyi yaxalayın

May ayından sentyabr ayınadək Egey dənizinin bütün adalarında güclü şimal-şərq küləyi əsir. Paros adasında hər yay beynəlxalq sörfinq yarışı keçirilir. Naşılar isə öz gücünü sakit küləkli Kos adası sahillərində  sınasın.

Sahildə at sürmək

 

Krit adasında ata minsəniz, sizin qarşısında tamam başqa həyat canlanacaq... Adanın qərbində atla gəzinti üçün müxtəlif variantlar təklif edilir. Həvəskarlar cıdır yarışlarında da iştirak edə bilər.

Yunanıstandan nə gətirməli?

 

Əlbəttə ki, təmiz zeytun yağı! Zeytun yağı bu ölkənin ən dəyərli təbii sərvəti hesab olunur. Ən yaxşısı ənənəvi soyuq üsulla sıxılmış zeytun yağı sayılır. Zeytun yağını qadınlar əsrlərdir ki, gözəllik vasitəsi kimi də istifadə edir. Və zeytun yağının bu gün bir çox məşhur kosmetik məhsulların tərkibində istifadə olunması təsadüfi deyil.

Alış-verişsiz səyahət olmaz!

Afinada dünya brendlərinin qiymətləri İtaliyadakı kimidir. Yunanıstanda duty-free Avropada ən ucuz mağazalar sayılır. Hətta dəb həvəskarlarının alış-veriş ehtirasını öldürə biləcəyi istənilən sayda brend mağazaları var. Hər addımbaşı rast gəlinən dükanlardan sizə buranı xatırladacaq suvenirlər ala bilərsiniz. Bütün ən tanınmış markalar Vukurestino və Stadio küçələrində yerləşir. Sözsüz ki, Yunanıstandan xəz almağı unutmayın. Bütün xəz fabrikləri Kastoriya şəhərində cəmləşib. Bu şəhərə turlar və ya taksi ilə gedə bilərsiniz. Naomi və Avanti isə Kastoriyada iki yaxşı fabriklərdir.

Yunanıstan iqtisadiyyatını dəstəkləmək üçün

 

İqtisadi böhranın səbəblərinə varmadan, demək olar ki, turizm Yunanıstan gəlirlərinin əsas hissəsi olaraq qalır. Və niyə də dünyaya Sokrat, Platon, Aristotel, Herodot kimi dahilər bəxş edən, üstəlik  mükəmməl təbiəti və qonaqpərvər əhalisi olan ölkənin iqtisadiyyatını dəstəkləməyək? Bunun üçün sizdən heç bir əlavə xərc tələb olunmur, sadəcə Yunanıstana gedin və istirahət edin. Axı insanı bu dünyaya gözəl təbiət, masmavi dəniz və dadlı yeməklərdən başqa nə bağlaya bilər? Hər halda bu ölkənin gözəlliyi və tarixi ilə canlı şəkildə tanış olmadan ölmək həm təbiətə, həm də özünüzə qarşı böyük haqsızlıq olar.

OXŞAR XƏBƏRLƏR