Şəkidə ucuz istirahətin ünvanı - YENİ AÇILAN "CANAL HOSTEL" DƏN REPORTAJ

Xəbərlər 16 Aprel 2017 00:00 1973
Şəkidə ucuz istirahətin ünvanı - YENİ AÇILAN "CANAL HOSTEL" DƏN REPORTAJ

Bütün dünyada böyük tələbat olan ucuz gecələmək məkanları ölkəmizdə də yayılmağa başlayıb. Bunun üçün ən münasib seçim isə hostellərdir. Yəni az büdcə ilə səyahət edən səyyahlar, ailələr, şagird və tələbələr üçün ucuz qalmaq imkanı təmin edən kiçik yataqxanalardır. Gecəsi 3 ulduzlu otellərin yarı qiymətinə olan, amma heç də onlardan geri qalmayan bu obyektlər Bakıda kifayət qədər fəaliyyət göstərsə də, gəzməli və görməli regionlarımızda barmaqla sayılacaq qədərdir. Elə bu səbəbdən də 3 dost – Müşfiq, Fərid və Asim birlikdə Şəki şəhərində “Canal hostel” açmaq qərarına gəliblər.

Bu barədə məlumat tutan kimi Seyyah.az komandası olaraq hostel rəhbərliyinin dəvəti ilə birbaşa həmin məkana üz tutduq. 4 saatlıq yoldan sonra Şəki avtovağzalında bizi qarşılayan taksiyə sadəcə 1 AZN  ödəməklə düz Şəki Şəhər İcra Hakimiyyətinin arxasında yerləşən hostelə yollandıq.

15894369_402155416785997_8420645978033584981_n

94293177-min

Məkana daxil olarkən ilk diqqəti “qaydalar lövhəsi” çəkir. İki mərtəbə və 11 otaqdan ibarət olan hostel sadəcə bir aydır ki, fəaliyyət göstərməsinə baxmayaraq, artıq əks-səda doğura bilib. Belə ki, sözügedən məkan həftəsonu Şəkiyə üz tutan yerli turistlərlə yanaşı, dünya turuna çıxan xarici qonaqların da seçiminə çevrilə bilib.

unnamed-min

Özlərini “3 muşketyor” adlandıran bu gənclərin sözlərinə görə, əsas məqsəd turizmin inkişafına dəstəklə yanaşı, ölkədə hostel anlayışını insanlara aşılamaqdır. Dediklərinə görə də, yavaş-yavaş ümidlər özünü doğrultmağa başlayıb.  Belə ki, Novruz bayramında hosteldə boş otaq olmayıb.

unnamed (4)-min

İxtisasca həm alpinist, həm də hostelin icraçı direktoru olan Müşfiqin sözlərinə görə, burada gecələməklə yanaşı, ekstrim idman növü ilə də məşğul olmaq istəyənlərə fürsət yaradılıb:

“Hostelimiz bir aydır ki, fəaliyət göstərir. Çalışırıq ki, bizə üz tutan qonaqların istirahətini daha səmərəli və əyləncəli keçirək. Bunun üçün yaylaqlara səfərlər, zirvələrə yürüş təşkil edir, velosiped və düşərgə ləvazimatları icarəyə götürmək istəyənlərə kömək edirik”.

Hostelin hüquqi və iqtisadi məsələləri isə digər həmtəsisçi Asimə həvalə olunub:

“Tamamilə qanuni fəaliyyət göstəririk. “Hostel İnternational”da qeydiyatdan keçmişik. Bizi booking.com-dan da tapa bilərsiniz. Bildiyiniz kimi, xanımlar və kişilər üçün ayrı otaqlar fəaliyyət göstərir. Cütlüklər üçün də tək otağımız var. Otaqlarımız bir nəfərə (səhər yeməksiz) 10 AZN, cütlüklər üçün olan otağımız isə 30 AZN təşkil edir. Evli cütlüklərin nikah şəhadətnamələrinin olmasına isə xüsusi diqqət yetiririk. Çünki bizim üçün etibar çox önəmlidir”.

94286228-min

Bu məkanın ideya müəllifi isə digər həmtəsisçi Fəriddir. Onun sözlərinə görə, gələcəkdə imkanı az olan turistlər üçün qiymətləri 5 AZN-ə qədər azaltmaq fikirləri var:

“İlk dəfə bu ideyanı dostlarımla məsləhətləşəndə “Niyə də yox?!” dedilər və bir yola çıxdıq. Öz arzularımızın ardınca iri addımlarla irəliləməyə başladıq. Gələcəkdə bir çox yeniliklər və planlarımız var. İmkanı olmayan tələbələr və gənclər üçün xüsusi endirimlər etmək arzusundayıq. Əminliklə söyləyə bilərik ki, siz özünüzü hostelimizdə qonaq yox, sakin kimi hiss edəcəksiniz. Geniş bağımızda kabab çəkə, dadlı yeməklər hazırlaya bilərsiniz. Günün yorğunlunu isə ətirli samovar çayı ilə atmaq fürsəti əldə edəcəksiniz. Onu da xatırladım ki, burada kitabsevərlər üçün də bir guşə yaradılıb ki, bəyəndiyiniz kitabı seçib oxuya bilərsiniz. Hətta qonaqlarımızı evlərinə qayıdarkən nəqliyyatla bağlı məlumatlandırmağa da çalışırıq. Bir sözlə, bizə müraciət edənlərin könlünü xoş etmək əsas prinsipimizdir”.

94283671-min

Bizi isti qarşılayan və qonaqpərvərliyini əsirgəməyən  bu gənclərlə reportajımızı bitirdikdən sonra birlikdə yollanırıq şəhərin tarix qoxan küçələrinə.

Yeri gəlmişkən, Şəki haqqında qısa məlumat verək. Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlardandır. 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Şəki özünün çox zəngin mətbəxi, ilk növbədə Şəki pitisi, halvası, paxlavası və şirniyyatları ilə məşhurdur.

Yolboyu söhbətləşdikdən və şəhərin məftunedici gözəlliyini fotoaparatlara həkk etdikdən sonra Şəkinin o bənzərsiz mətbəxinə xas olan yeməklərlə də yaxından tanış olduq. Buraya yolunuz düşsə, olduqca münasib qiymətə mərkəzi küçələrdə fəaliyyət göstərən kafe və restoranlara üz tuta bilərsiniz. Lakin şəhərin qədimliyinə və şahənşahlığına qapılıb diqqətsiz olsanız vay halınıza. Belə ki, buradakı avtomobil sürücülərinin sürəti qarşısında səyahətiniz faciə ilə də sonlana bilər. Söhbətləşdiyim turistlərin qənaətinə görə, buradakı avtomobil sürücülərindən olduqca narazılıq var.

Əlqərəz, Şəkiyə gəlib evə hədiyyəsiz və şirniyyatsız getmək olmaz. Məlumat üçün bildirək ki, turistlər üçün cəlbedici məkanlardandan sayılan “Sənətkarlar evi” ndə bir-birindən qiymətli əl işləri satılır. Bu “ev”də təkəlduz, şəbəkə ustaları, rəssam, dekorativ tədbiqi sənətlə məşğul olanlar və digər əl işləri hazırlayanlar toplaşıb. Bu sənətlərin əksəriyyətinin yüz illərlə yaşı var. Buraya daxil olduqda sanki özünü sənətkarlar diyarına düşdüyünü zənn edirsən.

Hədiyyəmizi və Azərbaycan şiniyyatının baş tacı hesab olunan Şəki paxlavasını da aldıqdan sonra yollandıq hosteldə bizi gözləyən çay süfrəsinə. Yol yorğunluğunu atmaq və sabaha daha relax oyanmaq üçün otağımızla da tanış olduq. Heç şübhəsiz, bir çoxlarımızı gecələyəcəyimiz məkanda otağın və yataqların təmizliyi maraqlandırır. Burada gördüyümüz mənzərə bizi çox sevindirdi. Təmiz yataq dəsti və səliqəli otaqlarda ürək rahatlığı ilə gecələdikdən sonra səhəri quşların səsi və otağımıza əks olunan günəşin parlaq şəfəqləri ilə qarşıladıq.

unnamed (3)-min

94295220-min

Əminliklə deyə bilərik ki, pəncərəmizdən açılan mənzərə bir vaxtlar köks ötürdüyümüz İsveçrənin dağlarından heç də geri qalmır. Siz də səhər idmanınızı hostelin həyətində edə və günə daha gümrah başlaya bilərsiniz. Səhər yeməyi üçün isə Şəkinin ən dadlı şirniyyatçılarına getməyi unutmayın.

Qısa bir şəhər turundan sonra hostelin terasında dillərə dastan olan pomidor-yumurta qonaqlığından sonra yola düşmək zamanı gəlib çatdı. Hosteldə qaydalarla yanaşı, bir adət də var ki, buraya gələn qonaqlar istəklərinə görə ürək sözlərini yazıb yapışdırırlar. Biz də bu üçlüyə uğurlar arzulayıb Bakının yolunu tutduq.

Mənbə: Sey-yah

OXŞAR XƏBƏRLƏR