Təyyarənin salonuna daxil olmazdan əvvəl hava limanının təhlükəsizlik xidməti sərnişini diqqətlə yoxlayır. Bu təhlükəsizlik tədbiri hər bir hava limanında məcburidir və sərnişinlər bu qaydalara ciddi surətdə riayət etməlidirlər.
Bir çox hava limanlarında turistləri hələ binaya girişdə yoxlayırlar: baqaj skanerdən, insanlar isə metal axtarıcı qurğudan keçir. Daha sonra gömrük və pasport nəzarəti həyata keçirilir.
Gömrük nəzarətindən keçməzdən əvvəl əl baqajına hansı əşyaların qoyula biləcəyini, hansı əşyaların isə qadağan edildiyini aydınlaşdırmaq lazımdır. Mayeləri təyyarənin göyərtəsinə tutumu 100 ml-dən artıq olmayan qablarda aparmaq, yoxlama zamanı şəffaf paketdə təqdim etmək lazımdır. İstənilən kəsici və deşici əşyalar, eləcə də narkotik, partlayıcı maddələrin aparılması yolverilməzdir.
Gömrük nəzarətindən keçən zaman kəməri açmaq, telefonu və istənilən digər metal əşyaları cibdən çıxarmaq lazımdır. Əgər təhlükəsizlik xidmətinin əməkdaşı ayaqqabını çıxarmağı xahiş edirsə, onun xahişinə əməl etmək lazımdır. Bütün əşyalar xüsusi qutuya qoyulur və əl yükü ilə birlikdə transportyor zolağının üzərinə qoyulur. Əşyalar skanerlə yoxlanana qədər siz özünüz metal axtarıcı qurğudan keçirsiniz.

Baxış keçirilən zaman təhlükəsizlik xidmətinin əməkdaşlarının sizdə olan əşya və maddələrlə bağlı suallarına “bu bombadır” və ya “bu narkotik maddədir” kimi zarafatlarla cavab vermək yolverilməzdir.
Bu cür cavablara təhlükəli maddələrin və əşyaların olması haqqında sərnişinin bəyanatı kimi baxılır və reysdən çıxarılmasına və sonrakı araşdırmanın aparılmasına və cinayət məsuliyyətinə cəlb edilməyə gətirib çıxara bilər.
Beynəlxalq reyslərdə qeydiyyatdan əvvəl bütün sərnişinlər gömrük nəzarətindən keçməlidirlər. Gömrük nəzarətindən keçərkən siz iki dəhliz görəcəksiniz: “qırmızı” və “yaşıl”.
Yaşıl dəhliz mütləq yazılı şəkildə bəyan edilməli mallar aparmayan sərnişinlər üçün nəzərdə tutulmuşdur.
Qırmızı dəhliz – mütləq yazılı şəkildə bəyan edilməli mallar, yəni gömrük rüsumu tutulan, qiymət və say məhdudiyyəti qoyulan mallar aparan sərnişinlər üçün nəzərdə tutulmuşdur.
Problemlərin qarşısını almaq üçün hansı malların bəyan edilməli olduğunu əvvəlcədən hava limanının saytında aydınlaşdırmaq lazımdır.
Triponline.az