Mənfiləri müsbətə çevirən adam

Xəbərlər 23 Aprel 2017 00:00 747
Mənfiləri müsbətə çevirən adam

Bir çox uğurlu insan haqqında "hər şeyi 0-dan əldə edib" cümləsini istifadə edirik. Hüseyin Özerin qismətində isə daha da geridən, lap mənfilərdən başlamaq var imiş.

Reportaj rubrikamızın növbəti qonağı Avropanın ən tanınmış türkü, dünyaca məşhur qurman, Sofra CookBook kitabı ilə Discovery kanalına qədər ad-sanı ucalmış Hüseyin Özerdir.

Həyata mənfidən başlamaq

1953-cü il Tokatda anadan olub. Uşaqlığı olduqca ağır keçib. Məktəb yaşlarında valideynləri boşanmış, atası tərəfindən tərk edilmiş, ögey atası tərəfindən təhsil almasına icazə verilməmişdi. Kənd illərini babasının yanında keçirmiş, keçi sürüsünü otarmaqla məşğul olmuşdu. Oxumaq, təhsil almaq istəyini elə çoban olduğu zamanlarda daşlara yazaraq reallaşdırmışdı. Anasından miras qalacaq tarlaya görə hətta qardaşı tərəfindən zəhərlənmiş və bir möcüzə ilə həyatda qalmışdı. Bir sözlə istənilməyən övlad idi.

11 yaşında Atasından intiqam almaq üçün Anası tərəfindən tapança almaq və qətli törətmək üçün Ankaraya göndərilir. Əziyyəti daha da artır. Yemək tapmaqda çətinlik çəkir, çöldə-bayırda gecəliyir. Amma bu səfər onun həyatında bir dönüş nöqtəsi olur. Geriyə qayıtmır. Bütün çətinliklərə sinə gərir, kömürlükdə gecələyir, meyxanalarda çalışır və "həyat məktəbini" uğurla bitirməyə can atırdı. Bir hədəfi vardı - Yaxşı insan olmaq!

Əsgərliyini çəkir, 19 yaşında ailə həyatı qurur və çox keçməmiş bir "şillə"-də yoldaşından alır. Boşanır. İngilis dilini öyərnməyə çalışır və ilk fürsətdə Londona səfərini həyata keçirir. Çətin səfərdən sonra həyatının ikinci və uzun müddətli bir dövrünə qədəm qoyur. Londonda dönərçidə çalışmağa başlayır. Çətinliklər, əziyyətlər davam etsə də Hüseyin Özerin restoran biznesinin qığılcımları da elə o dövrdə atılır. Əldə etdikləri ilə öncə dönərçiyə ortaq olur, daha sonra kafeni satın alır və yavaş-yavaş bu gün bir çoxumuzun artıq bildiyi, tanıdığı məşhur Sofra restoranlarının sahibi Hüseyin Özer fenomeni formalaşmağa başlayır.

Restoranların sayını artırır və iki marka ilə İngiltərədə fəaliyyət göstərir. Tezliklə 7 restoran sahibinə çevrilən Hüseyin bəyin bir restoranının illik dövriyyəsi təxminən 4 milyon dollar idi.



Amma Hüseyin bəyin qismətindəki "mənfilər" onun yaxasından əl çəkmir. Restoranları müsahibədə haqqında danışacağımız məsələlərə görə əlindən alınır və bu gün üçün sadəcə iki restoranla yoluna davam edir. Davam edir, amma zərrə qədər heyifslənmdən, əsla şikayət etmədən.

İşçilər övladım, müştərilər isə dostumdur

Biz Hüseyin bəylə İngiltərədə, Londondakı restoranlarından birində görüşdük. Onun məşhurluğu, alicənablığı barədə eşitmiş və müsahibə almağa qərar vermişdik.

Müşahidələrimiz, söhbətlərimiz əsasında fərqinə vardıq ki, qarşımızda həyat və sevgi dolu, insanarlı sevmək bir kənara dursun, onlara qibtə edən və yaxşılıqları üçün dəridən-qabıqdan çıxan bir insan əyləşib. Nə söhbətindən doymaq olur, nə də belə bir insanın varlığına inanmaq. İnsanlıq nədir sualına canlı cavab idi Hüseyin Özer.



Restoranında yer tapmaq müşkül məsələdir. Yeməklərinin ləzzəti, Hüseyin bəyin "insanlığı" dillər əzbəridir. Hətta görüş əsnasında ABŞ-dan gələn bir turist dostlarını da götürərək sırf Hüseyin bəylə görüşməyə, ləziz yeməklərindən dadmağa gəlmişdi.

Uzatmadan keçid alaq müsahibəmizə.

1. Hüseyin Özer kimdir? Özünüzü azəri oxucularımıza necə təqdim edərdiniz?

Hüseyin Özer Azəridir. Atamı bir dəfə görmə fürsəti olub. O da azəri olduğunu demişdi. Ondan sonra isə görməmişəm (gülür). 

Mən insanları sevirəm. İnsan sevgisi ilə yoğrulmuşam. Onlara düşkünəm. Yardım sevərəm. Amma kiməm sualına ən yaxşı cavabı elə insanlar, ətrafım, dost və tanışlarım verə bilər. 

2. Həyatınız çox enişli-yoxuşlu olub. Bəlkə də bir çoxlarımızın tab gətirə bilməyəcəyi bir uşaqlıq, gənclik dövrü keçiribsiniz. Bu halınızdan şikayət edibsinizmi?

Yox. Əsla! Uşaqlığım çox əziyyətli keçib. Döyülmüşəm, alçaldılmışam, əziyyətlərə məruz qalmışam. Amma özümdən daha çox mənə bunları edənlərə yazığım gəlib. Aldığım zərbələrdən daha çox onların bu halına təəssüflənirdim. O vaxtlar tez-tez özümdən soruşardım ki, axı niyə bu insanlar bu cür davranır və insanlıqlarını unudurlar? Söz vermişdim ki, böyüyəcəm və onlara qarşı əsla kin saxlamaycam. Əksinə yardımlarımı əsirgəməyəcəm. 

Hər dəfə qeyd edirəm və yenə takrarlayacam. Əgər bir daha bu həyata gəlsəm və seçim qarşısında qalsam bütün əziyyətlərinə, çətinliklərinə baxmayaraq yenə də yaşadığım bu həyatı seçərəm, çünki məni "mən" edən çətinliklərdir.

3. Londona səyahət bəlkə də həyatınızın dönüş nöqtəsi oldu. Bu qərarı necə və nə üçün verdiniz?

Boşandım və ayrılıqdan sonra dərhal ingilis dilini daha yaxşı öyrənmək üçün İngiltərəyə gəlməyə qərar verdim. Bir çox dil öyərnmək istəyirdim və fikrimdə digər Avropa ölkələri də vardı.

4. Tamamilə yad bir mədəniyyət və bir Anadolu yeniyetməsi. İngiltərəyə uyğunlaşmanız necə oldu? Bu dövrü qısaca danışa bilərsinizmi?

Gəldiyim ilk gündən bu ölkəyə, təbiətinə heyran qaldım. Çox sevdim. Qısa zaman kəsiyində çoxlu ingilis dostlarım oldu və demək olar ki, yadlıq çəkmədim. İngilis dilini öyrənib qayıtmağı düşünürdüm, amma London mənim sevgilimə çevrildi. Mənim nəzərimdə London dünya gözəlidir və mən də onun məcnunuyam. Bu "gözəldən" ayrılmaq isə mümkün deyil.

5. Bu gün Londonda məşhurluğunuz Restoranlarla bağlıdır. Nə üçün resroran biznesi? Hardan başladız və necə böyüdüz?

Əslində yeməkxana, restoranla və yemək bişirməklə heç aram olmayıb. Sadəcə həyatımda hansı işi görmüşəmsə onu şərəfimlə, canla-başla və yaxşı şəkildə etməyə çalışmışam. Bir dönərçinin yanında başlamış, məcburən yemək bişirməyi də öyərnmiş və elə o dövrlədrdən işimdə yavaş-yavaş püxtələşmişəm. 

Dönərçidə çalışdığım zaman bu işin, kafe işçiliyinin çox da sevilmədiyini düşünürdüm. Sonradan anladım ki, əslində məsələ kafe və restoran biznesində deyilmiş. İstənilən işi yaxşı, yüksək səviyyədə yerinə yetirdikən sonra insanların rəğbətini qazanmaq mümkündür. Mən də özümə söz verdim ki, türk mətbəxini ən gözəl və layiqli şəkildə İngilislərə tanıdacam. 

Dönərçiyə ortaqlığım, sonra o kafeni almağım da bununla əlaqəli idi. Məqsədimi həyatə keçirməyə can atırdım. İngilislər tərəfindən bəyənildikcə restoranların sayını artırmağa başladıq.

6. Restoranlarınızın özəlliyi nədədir? Nə ilə fərqlənirsiniz?

Yeməklərdə istifadə etdiyimiz məhsulların keyfiyyətinə həddindən çox əhəmiyyət verir və hər boşqaba "sevgi" əlavə edirik. Sağlam və ən yaxşı yeməkləri hazırlamaq üçün dietoloqlarla birgə çalışırıq. Aşbazları özüm yetişdirirəm. Bildiyim nə varsa onlarla bölüşürəm. 

İddialıyıq, çünki hər zaman daha yaxşısını etməyə çalışırıq.



Qeyd: Sofra markası Michelin-dən ulduz alan ilk türk restoranıdır. 

7. Aldığımız məlumatlara görə işçilərinizə qarşı çox həssasınız. İşçilərinizi necə məmnun edirsiniz?

İşçilərim mənim övladlarımdır. Hər şeyimdir. Çalışıram nə xətirlərinə dəyim, nə də qəlblərini qırım. Onları daim ruhlandırır, motivasiyalarını yüksək tutmağa çalışıram. Dərdləri dərdim, sevincləri sevincimdir.

8. Türkiyə mediasında yayılan xəbərlərə görə restoranlarınızın bir çoxunu satmaq məcburiyyətində qalıbsınız. PKK əlindən alıb şayiələri belə var. Bu haqda danışmaq istərdinizmi?

Bəli, doğrudur. Restoranlarım əlimdən alınıb, yandırılmağa cəhd göstərilib. Haqqımda şikayətlərin, şantajların, böhtan və şərlərin sayı-hesabı yoxdur. Onların namussuzluğuna, əclaflığına boyun əymədim. Əyməyəcəm də. 

Çox danışmaq istəmirəm və bütün bunları bir kənara qoyur və insan qalmağa çalışıram. Dövlətimin və millətimin yanındayam, dəstəkçiləriyəm.

9. Biznesiniz haqqında sizdən eşitmək istərdik. Neçə restoranınız var və İngiltərədən kənarda fəaliyyət göstərirsinizmi? Doğma Türkiyənizdə restoranınız varmı?

Bu gün üçün sadəcə iki restoranım fəaliyyət göstərir. Dost-tanış dəfələrlə bu işi yenidən böyütməyimi və sayın çoxaldılmasını tövsiyyə edirlər. Mənə görə isə kifayətdir. Çünki hədəfim geniş və böyük biznes yox hərtərəfli insan olmaqdır. 

Türkiyədə restoranlarım yoxdur. Orda sadəcə xeyriyyəçilik təşkilatları ilə əməkdaşlıqlarımız var. 

10. Hüseyin Özeri araşdırdıq. Orta məktəb təhsiliniz belə yoxdur. Amma Westminster Universitetinin fəxri doktorsunuz. Bu məsələyə aydınlıq gətirin, zəhmət olmasa.

Universitet rektorunun istəyi üzrə mühazirə vermək üçün dəvət olundum. 4 saatlıq çıxışım oldu. Böyük ehtimal bəyəndilər. Yoxsa o diplomu niyə mənə versinlər? (gülür)

Daba sonra məni və uğurlarımı bəyənməyən, ləkə düşürmək istəyən kütlə bu hadisəyə də müdaxilə etdilər. Rektoru məhkəməyə belə verdilər. Amma rektorun fikri qəti idi. Haqqımdakı düşüncələri isə belə idi: Onun 4 saatlıq çıxışı mənim həyatıma bərbərdir. Sözün düzü bu sözləri məndə fəxarət hissi oyatdı.

Image result for university of westminster

11. Sonda bu müsahibəni oxuyacaq gənclərə, yeniyetmələrə nə kimi tövsiyyələriniz olacaqdır?

Dürüst olun. Əsla yalan danışmayın. Hansı şəraitdə, kimlərlə olmağınızdan asılı olmayaraq hər zaman doğruları söyləyin. Gördüyünüz işin ən yaxşısını etməyə çalışın, ən yaxşısı olun. 

Dürüstlük bir nemətdir və övladlarınıza ən gözəl mirasdır. Şərəfli yaşayın. Kasıb, ya da varlı bunun heç bir fərqi yoxdur. Həyatın dəyəri, qiyməti şərəfdədir. 

OXŞAR XƏBƏRLƏR