Balkanların Qüdsü - OHRİD

Xəbərlər 24 Aprel 2017 00:00 1429
Balkanların Qüdsü - OHRİD

Mirvari dalğalı Orhid

Skopyaya səyahət edərkən  Ohridə getmək imkanımız olduğu halda səfəri təxirə salmışdıq. Elə o vaxtdan tətil olan kimi Ohridə səyahət etmək fikri hər an ağlımda idi. Nəhayət ki, 2 gunluk boş vaxtı dəyərləndirmək üçün vizasız, görmədiyimiz və görmək istədiyimiz  yer olaraq Ohridi seçdik. “Yolçu yolda gərək”— deyib yol aldıq Ohridə.

BİR AZ OHRİD HAQDA

Ohridə “Balkanların Qüdsü” də deyilir. Müqəddəs yerlərinin, kilsələrin çoxluğuna görə bu adı qazanıb Ohrid. Cəmi 60000 əhalisi olan bu şəhərdə 365 ədəd kilsə var. Təsəvvür etmək çətindir bir az, amma, ilin hər gününə bir kilsə düşür. Bu qədər tarixi abidənin qorunması 1979-cu ildən UNESCO tərəfindən həyata keçirilir. 

Makedoniyanın cənub qərbində yerləşən Ohrid şəhəri paytaxt Skopyadan 3 saatlıq məsafədə yerləşir və buraya hər gün avtobus səfərləri təşkil olunur. Ohridi cazibədar edən əsas amil isə Ohrid gölüdür. Ohrid Avropanın ən təmiz, dərin krater gölü, dünyanın isə 4 büllur sulu gölündən biridir.

OHRİDƏ NƏ VAXT SƏYAHƏT ETMƏLİ?

Ohridə səyahətin ən gözəl vaxtı yay aylarıdır təbii ki. Aprel-oktyabr aralığında buraya axın edən turistlərin sayəsində Ohriddə insan sayı 2-3 dəfə çox olur. Makedoniyanın dəniz sərhəddi olmadığına görə Ohridin Ljubaništa və Labinoçimərlikləri makedonları və turistləri sərinlətmək üçün yeganə su hövzəsidir. Biz noyabrda səyahət etdiyimiz üçün Ohridin dupduru suyunda sərinləyə bilmədik.

Oteli həmişəki kimi booking.com saytından seçdik.(4* House Jovan, 30€) Ohrid münasib qiymətli otellərlə boldur. Yay aylarında, turistlərin bol vaxtında belə tur şirkətləri qonşu Yunanıstan və Xorvatiyaya nisbətən daha ucuz turlar təşkil edirlər Ohridə. Şəhərə girərkən turist olduğunuz anlaşılan kimi velosipedli şəxslər yaxınlaşıb kirayə ev təklif edirlər. Əgər əvvəlcədən otel və ya ev tutmasınıza, bu təklifi dəyərləndirə bilərsiniz.

OHRİDDƏ GƏZİLMƏLİ YERLƏR

Ohridə çatanda artıq gün batmaq üzrə idi. Velosipedçilərdən yenicə uzaqlaşmışdıq ki, sahildə qayıq turu təşkil edənlər türk dilində: “adambaşı 15 € verin sizi dolaşdıraq göldə” dedilər. Biz: “hələ indi çatmışıq. Səhər gələrik”- dedik, amma, israr etdilər. Yol yorğunluğndan qayıq turunu səhərə təxirə saldıq. Kaş ki, salmazdıq, çünki səhər hava çox əlverişsiz oldu, külək, dalğa, yağış.Otelə yerləşdikdən sonra şəhərlə tanışlığa çıxdıq. Qədim bazarda bir qrup türk turistlə rastlaşdıq. Təxmini 20 turist, yaşları 50-65 arası olardı, toplaşıb Balkan turuna çıxıblar. Rəhbərə yaxınlaşıb turun səhəri gün də olub-olmayacağını soruşurduq ki: “Gəlin, qoşulun bizə” – dedi. Həm də, pulsuz, parasız. Sağ olsun həm rəhbər, həm də buna etiraz etməyən, hətta bizə “qucaq açan” qrup!

OHRID QALASI

İlk gün qrupla birgə şəhərin mərkəzini – Qədim bazar bölgəsini gəzmışdik. Söhbətə isə Ohridin ən yüksək bölgəsindən – qalasından başlayıram. Bazara isə yavaş-yavaş gələcəm.

Qala (yerli dildə Самуилова тврдина)  X əsrdə – Tsar Samuel dövründə ilk Bolqar İmperiyasının paytaxtı olan Ohridin əsas  qoruyucu mövqeyi olub. Ümumilikdə 3 km uzunluğa malik Ohrid qalası 2003-cü ildə bərpa olunub və o gündən bu yana turistlərin ilk baş çəkdikləri nöqtədir. Qaladan Ohrid gölünə, şəhərə çox gözəl mənzərə açılır. Qalanın qarşısında suvenir satıcıları var. Qalaya giriş biletlədir, qiyməti 30 denardır.

ANTİK TEATR

Ohrid qalasından enərkən yol üstündə qədim antik teatra rast gələcəksiniz. Antik teatr qədim yunan mədəniyyətinin izidir və e.ə. 200-cü ildə tikilib. Teatr iki təpənin ortasında tikildiyinə görə təpələr onu aşınmadan qoruyub. Roma imperiyası dövründə teatr qladiatorların döyüş məkanı kimi istifadə olunub. Elə məhz döyüş yeri olduğu üçün yerli insanlar tərəfindən teatr tərk edilib və bu tərkedilmə sayəsində teatrın aşağı hissəsi günümüzə qədər gəlib çıxıb. Teatrda yay aylarında festivallar, konsertlər, tamaşalar təşkil olunur. Performans olmadığı vaxt teatra giriş sərbəstdir. Teatrın yaxlnlığında “Gladiator” restoran yerləşir. Ancaq aprel-oktyabr aralığında işləyirmiş. Qapısına elə yazılmışdı.  

MÜQƏDDƏS JOVAN KANOE KİLSƏSİ

Siz də razılaşarsınız ki, bir şəhərdə 365 kilsəni gəzmək, onlar haqda yazmaq qeyri-mümkündür. Skopyada gördüyüm həddən artıq heykəli, Ohriddə kilsələrdə gördüm. Ona görə də mən ən məşhurları və mənzərəsini ən bəyəndiklərimdən söz açacam.

Bunların başında Müqəddəs Jovan Kanoe kilsəsi gəlir.

Bu qədər gözəl mənzərəli kilsəyə hər yerdə rastlanmaz. Kilsə Kanoe çimərliyində bir qayanın üzərinə tikilib. Tikilmə tarixi dəqiq məlum deyil, ancaq, təxminlər 1447-ci ili göstərir. Məşhur Oscar mükafatlı “Before the rain” filmi də məhz burada çəkilib. Kilsəyə giriş ödənişlidir. Ümumiyyətlə, Ohriddə kilsələrin əksəriyyəti pulludur və bu heç ürəkaçan vəziyyət deyil. Məhz bu kilsəni və təpədən açılan mənzərəni görmədən Ohriddən dönməyin.

MÜQƏDDƏS CLEMENT VƏ PANTELEJMON KİLSƏSİ

Müqəddəs Clement və Pantelejmon kilsəsi Ohridin növbəti gözəl mənzərəli, tarixi xristianlığın ilk illərinə təsadüf edən əsas memarlıq nümunəsidir. Samuel qalasından 250 m aşağıda – Plaoşnikdə yerləşən kilsə həmçinin X əsrdə Avropada  açılan ilk universitet ərazisi olub.X əsrə – Müqəddəs Klement buraya gələnə qədər kilssənin ərazisi çox kiçik olub. Sonralar onun və başqa rahiblərin sayəsində kilsə ərazisi genişləndirilib. Müqəddəs Klement ölmədən əvvəl isə öz qəbrin kilsədə qazıb. Turklər bu bölgələrə gəldikdən sonra isə burada məscid tikilib. Hazırda da məscidin qalıqları kilsənin ərasində qalmaqdadır. Kilsənin ərazisində Roman bazilikası da yerləşir. Kilsəyə giriş ödənişlidir (100 denar). Biz kilsəyə yağışlı, küləkli havada taksiylə getdik. Ancaq, günəşli yay havasında ayaqlarına güvənən hər bir səyyah piyada da  qalxa bilər kilsəyə.

Ohridin qədim memari evləri – ROBAEVİCİ VƏ URANİJA

Ohridin özünəməxsus memarlığı var. İki-üç mərtəbəli evlərdən ibarət binalar şəhərə xüsusi gözəllik bəxş edir. Evlər çöldən ağ boya ilə boyanıb, bu da qızmar yay günlərində güclü günəş şüalarını əks etdirmək üçün olunub. Türk turistlər Ohridi dolaşa-dolaşa: “bizim Safranboluya, Amasraya bənzəyir” deyirdilər.

Ohridin ən yüksək yerlərində xristianlar yaşayır, daha düz, gölə yaxın yerdə isə müsəlmanlar məskunlaşıblar. Robevici və Uranija evləri Ohrid evlərinə ən gözəl nümunədirlər. Bu iki varlı ailənin evləri hazırda muzey kimi fəaliyyət göstərir. İstəyənlər 100 denar qarşılığında evi görə bilərlər. Biz çölü ilə kifayətləndik.

QƏDİM KAĞIZ SEXİ

Robevici evlərinin yanında, Car Samoil küçəsində qədim kağız sexi yerləşir. Sexdə köhnə üsulla siz də mənim kimi kağız hazırlaya bilərsiniz. Həm də pulsuz. Sadəcə sudan və ağacdan hazırladığınız kağız quruduqdan sonra isə onu ala bilərsiniz.Ancaq quruma prosesi 2-3 gün vaxt aparır. Elə ona görə də biz hazır kağız üzərihdə Ohrid mənzərəli bir rəsm aldıq (15€) Daha ucuz rəsmlər də vardı. (1€-dan üzü yuxarı) Sexin çıxışında isə barlar küçəsi yerləşir. Gənclərin axşam saat 10-dan sonra axın etdiyi bölgədir barlar küçəsi.

QƏDİM BAZAR

Ohridin ən canlı, qaynayan küçəsi Qədim bazardır. Bazar– kənd təsərrüfatı məhsulları bölməsindən sahilə qədər uzanır. Bazarda bir də Ohridin məşhur 1000 illik Çinar ağacı var. Yaxınlığında da saat qülləsi.Bazardan suvenirlər, məşhur markaların kopyaları, Ohridin simvolu gölün dərinliklərindən çıxarılan mirvarilərini ala bilərsiniz. O mirvariləri ki, Kraliça II Yelizaveta və şəhzadə Diana da taxırdı. Bu mirvariləri hal-hazırda iki ailə – “Talevi” və “Filevi” hazırlayırlar. Qalan dükanlarda isə saxta mirvarilər satılır. Yəni, tur şirkətləri sizi başqa dükanlara yönləndirəcək. Siz aldanmayın, adını çəkdiyim dükanlardan alış-veriş edin mənim kimi. Qiymətlər də fərqlidir. Ən ucuz mirvari 20€ dur.  “Talevi” dükanının sahibi Diananın, Kraliça Yelizavetanın mirvarilərinin diametrindın tutmuş hər detalını danışdı. Qədimdən bu mirvari işi görən ailələrdə bir adət varmış. Mirvari sənətini ancaq oğlan uşaqlarına öyrədirmişlər ki, biznes sirri ailədən kənara çıxmasın. Ohrid mirvarisi Plaşica adlı balıqdan hazırlanır. Bu balığın mənşəyi qorunur və Avropada nadir növlərdəndir.

OHRİDDƏ NƏ YEMƏLİ?

Ohrid mətbəxi bizim ağız dadımıza yaxındır. Yəni Ohridə gedib ac qalmaq mümkün deyil. Bütün Balkanlarda məşhur Çevapcici–nin dadına baxın deyərdim. Biz cevapcici-nin dadını bildiyimizə görə seçimimiz başqa yeməklər oldu. Ohridin məsləhət görülən bir neçə restoranına baş çəkdik.

İlk olaraq başlayım sahildə yerləşən “ÇUN” restoranından. Bu restoran həm gözəl ambiansı, həm dadlı yerli mətbəxi, həm də yaxşı xidməti  ilə bizdən “5” aldı. (Ohrid üslubu çömlək, toyuq şiş kababı və  ljutenica və portağal şirəsi 24€).Əgər balıq yemək istəsəniz, o zaman “Dalga” restoranına baş çəkin. Ohrid gölündən  tutulmuş təzə balıqları bişirmədən əvvəl gətirib göstərirlər. (30€, 2 nəfərlik yemək).Arada aclığı yatırmaq üçün Pekarna-lardan burek alıb çayla ləzzətlə yeyə bilərsiniz. Çox doyumlu olur.

Şirniyyatlara gəldikdə isə bizə türk mətbəxindən taniş olan tulumbi, revanijasütljacipalaçinke və belçika vaflisi təklif edir kafelər. Kafelər demişkən, sahildə yerləşən “Porto” nu məsləhət görürəm. (2çay, 2 revanija 5€) Hə bir də, Ohridin halvası məşhurdur. (0,50€) Yolunuz düşsə alın dadına baxın, sevəcəyinzə əminəm.

Bir qısa, ancaq, təəssürat dolu səfəri bacardığım qədər detallı anlatmağa çalışdım. Əgər sizdə hər hansı bir təəssürat yarada bildimsə, rəyinizi açıqca bildirin. Tənqid və təkliflərə açığam 

Mənbə: Gezdunyani.com

OXŞAR XƏBƏRLƏR