Min illərdən bəri mövcud olan və Qədim İpək yolu, onun tarixi və keçdiyi ölkələrin əlaqələri həmişə böyük maraq doğurub. Yol boyunca türk dövlətlərinin yerləşməsi isə «İpək yolu»na doğmalıq qatıb. Qədim yoldan bir daha keçmək, bu ölkələrin bir-birinə tarixi mənəvi bağlılıqlarını göstərmək və əlaqələri daha da gücləndirmək üçün yeni böyük bir layihəyə start verilib.
Ənənəvi İpək Yolu üzərində yerləşən tarixi yerləri kəşf etmək məqsədi ilə Türk Dilində Danışan Ölkələr Şurası tərəfindən "Modern İpek Yolu Ortaq Tur Paketi" layihəsi tərtib edilib. Ortaq tur paketinin ilk istifadəçiləri mətbuat nümaynədələri olub. Aprelin 21-də İstanbuldan başlayan və mayın 5-dək davam edəcək türkdilli səyahətdə seyyah.az-ın müxbiri də iştirak edir.
4 ölkədən keçən səyahət
Modern İpək Yolu Ortaq Tur Paketi layihəsinin tanıdılması məqsədi ilə təşkil olunan bu gəzintilər üzv ölkələrin yuxarı dövlət orqanlarının, xüsusilə Xarici İşlər Nazirlikləri və Turizm Nazirliklərinin dəstəyi ilə təşkil olunub.
Layihə çərçivəsində Türk Şurasının 4 üzv ölkəsinin-Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanın İpək Yolu üzərində yerləşən tarixi və mədəni abidələri ilə tanışlıq nəzərdə tutulur. Bu günədək artıq ilk ölkə - Türkiyə turu başa çatıb. Türkiyə səyahəti zamanı iştirakçılar Kayseri, Nevşehir (Kapadokya), Ağsaray və Konya bölgələrinin qədim mərkəzləri, karvansaraylar, müxtəlif tarixi muzeylər, məscidlər və digər obyektlərlə tanış olublar.
İpək Yolu turunda ilk məntəqə - Kayseri
Kayseri şəhəri Osmanlı və Bizans mədəniyyətlərinin birlikdə təsvir edilə bildiyi karvansaraylar diyarı sayılır. Üstəlik bura zəngin mətbəx köklərinə malik olan və tarixi aurası ilə insana dərindən təsir edən gözəl bir şəhərdir.
Kayseridə ilk gedilən yer Gevher Nesibe Darükşifasıdır. Vərəm xəstəliyi nəticəsində vəfat edən Gevher Nesibe Xatundan sonra qalan bu şəfaxana yüzlərlə xəstəyə dərman olub və hal-hazırda tarixi qapılarını gələn qonaqlar üçün açıb.
Mağaralar diyarı Nevşehir
Aprelin 22-də, səyahətin ikinci günü İpəkyolunun mühüm dayanacaqlarından biri olan Kayseridən mağaralar diyarı Nevşehirə keçid edildi.
Nevşehirin Pəri bacaları, kilsə mağaraları, yeraltı şəhərləri İpək Yolunda əhəmiyyətli mədəni irs olaraq tanınmaqdadır. Qədim ruhun insan mənəviyyatına işlədiyi Nevşehir turistlər üçün unudulmaz gəzinti imkanları təqdim edir.
Kappadokyanın hava şarları
Dünyaca məşhur, hava şarları ilə tanınan Kappadokya da Nevşehir ərazisindədir. Şəhər mağaraları ilə yerin altından, hava şarları ilə göy üzündən və muzeyləri ilə yerin üstündən üç istiqamətdə gəzilə bilən bir şəhərdir. Aralarında ən təsirlisi isə UNESCO Ümumdünya Mədəniyyət İrsi siyahısına salınmış Göreme Açıq Hava muzeyidir ki, bu muzey xristiyanların 100 illər əvvəlki kilsə motivlərini görmək imkanı yaradır.
İpək Yolu karvansarayları
Nevşehirdən Konya istiqamətində gedərkən marşrut xəttində bir birindən gözəl Tepesidelik Han, Alay Han, Ağzıkara Han və Sultan Han karvansaraylarını görmək mümkündür. İpək yolu mədəniyyətinin insanın ruhuna işlədiyi bu karvansaraylar da kəşf edilməyi gözləyir.
Mevlana şəhəri - Konya...
Mevlana Cəlaləddin Ruminin uzun illər öncə yaydığı fəlsəfənin hüzurunu Konya havasında hiss edə bilir insan. Mevlana muzeyində Mevlana şagirdlərinin yaşayış tərzi, ilahi yüksəkliyə çatmaq üçün çəkdikləri əziyyətlər göstərilir. Mevlananın qəbrinin olduğu bu muzeyi hər gün yüzlərlə insan ziyarət edir.
Şəhərlər şəhəri İstanbul
24 aprel 2017-ci il tarixi Modern İpək Yolunun ən əsas keçid nöqtələrindən biri olan İstanbulun dünya mədəniyyət irsində öz izini qoymuş ən önəmli məntəqələrin gəzintisi ilə yadda qalıb. İştirakçılar həmin gün Türk Şurasının Baş Katibi Ramil Həsənov tərəfindən təşkil edilən mətbuat konfransında iştirak ediblər.
İstanbul- tarixin, mədəniyyətin beşiyi...
İstanbul dedikdə insanın ağlına ilk Sultanahmet məscidi gəlir ve deyə bilərik ki, işləmələri və motivləri ilə insanı heyran qoyan bu abidə İpek Yolu turunda turistlərin ən çox maraq göstərdiyi yerlərdəndir. Eyni bölgədəki, 100 illər boyunca ayaqda qalan, həm kilsə həm də məscidə çevrilən və kim tərəfindən tikildiyi bilinməyən 4-cü əsrdə inşa edilən Ayasofya isə sirli dizaynı ilə insanı sanki əfsunlayır.
Türk sultanlarının sarayı - Topkapı
İstanbulda sonuncu gedilən yer Topkapı sarayı oldu. Bir zamanlar Osmanlı İmperatorluğunun mərkəzi İstanbulda ən önəmli nöqtələrdən biri sayılan bu saray Osmanlı sultanlarının həyat tərzini canlandırır. İstanbul boğazının möhtəşəm mənzərəsinə baxan saraya hər gün yüzlərlə turist ziyarət edir.
Tur çərçivəsində gedilən ilk ölkə olan Türkiyə səfəri valehedici boğazda gəmi turu ilə bitib.
(Ardı var)