Azərbaycanda miniven tipli avtomobillərlə bağlı sifarişlər xeyli artıb. Bunu Seyyah.az-a açıqlamasında “Quliyev MOTORS” şirkətinin rəhbəri, avtomobil eksperti Rəşad Quliyev deyib. Ekspert bunu ona daxil olan sifarişlər və ölkəyə gətirilən avtomobillərlə bağlı müşahidələrə əsasən bildirir. R.Quliyev bildirib ki, bundan əvvəl daha çox sedan tipli “Mercedes”lər sifariş edilirdisə, indi bütün müraciətlər adı çəkilən modellərlə bağlıdır. Onun sözlərinə görə, turizm mövsümünün başlaması ilə iri tutumlu “Mercedes”lərin sifarişi xeyli artıb. Söhbət istehsal tarixi 2007-ci ildən yuxarı “Mercedes Vito”, “Viano”, “V Class” və “Sprinter” modellərindən gedir. Bu avtomobilləri əsasən turizm şirkətləri alır. Miniven tipli avtomobillər arasında şirkətlərin yalnız “Mercedes”ləri seçməsi isə ərəb turistlərin bu markaya sevgisi ilə bağlıdır: “Turizm şirkətləri bölgələrdə ailəvi istirahət etmək istəyən ərəb turistlər üçün 7-8 nəfərlik belə avtomobillər təqdim edirlər”. R.Quliyev deyib ki, iri sərnişin tutumlu “Mercedes”lərin gəlirli olması adi vətəndaşlar arasında da bu avtomobillərə marağı artırıb:“Əvvəllər 7-8 sərnişin yerlik “Mercedes”ləri ailəvi avtomobil kimi alırdılar. İndi isə bu maşınlar gəlir mənbəyinə çevrilib. Məsələn, bu maşınlarla bölgələrə turist daşımaqla və ya taksi fəaliyyəti ilə məşğul olmaqla ayda 2500-3000 manat qazanmaq mümkündür”.
Mənbə: Fins