Artıq iş həftəsi başa çatmaq üzrədir. Bu isə o deməkdir ki, həftəsonunu iş və ev mühitindən ayrılıb fərqli məkanda keçirmək olar. Havaların mülayimləşməsi də səyahət etmək üçün xoş əhval-ruhiyyə yaradır.
Bəs həftəsonunu harada və necə daha maraqlı keçirmək olar? Bu suala seyyah.az cavab verir.
“Şəki-Qəbələ”, “Quba”, “Lahıc”
“Turda.Az” şirkəti bazar günü bir neçə istiqamətdə 1 günlük tur təşkil edir. Bunlar Şəki-Qəbələ, Quba və Lahıc turlarıdur. Hər üç turun bir nəfər üçün qiyməti 23 manatdır. Qiymətə nəqliyyat, restoranda səhər yeməyi, çay süfrəsi, bələdçi, ekskursiya və fotosessiya daxildir.
Həmçinin şirkət iki günlük turlar da təşkil edir. Onlardan biri də Şəki-Qəbələ-Tufandağ turudur. Tur iki gün - 6-7 mayda baş tutacaq. Səyahət paketinin qiymətləri iki cürdür. Ekonom və Full paket. Ekonom paket 69 manatdır. Bu paketi sifariş edənlər yalnız iki dəfə səhər yeməyi ilə təmin ediləcəklər.
Full paketin qiyməti isə 89 manatdır və bu paketi sifariş edənlər 2 dəfə səhər 1 dəfə nahar və 1 dəfə şam yeməyi ilə təmin ediləcəklər. Ümumilikdə tura nəqliyyat, 5 ulduzlu “Şəki Palace” hoteldə yerləşmə, mehmanxana xidmətlərindən istifadə, qidalanma (paketə uyğun olaraq), yolda çay süfrəsi, bütün tur boyu fotosessiya və bələdçi daxildir.
Məktəblilər üçün tur
İndi ibtidai sinif şagirləri tətildədir. Elə bu səbəbdən də turizm şirkətləri məktəbliləri də unutmayıblar. Belə ki, “Gerso travel” məktəblilər üçün həftəsonu turlar təşkil edir. Məktəbli turlarına aşağıdakı istiqamətlər daxildir.
Bakı və İçərişəhər Turu - 9 manat
Suraxanı Atəşgah Məbədi turu - 9 manat
Qobustan Turu - 10 manat
Binə Atçılıq Turu - 15 manat
Qala turu - 10 manat
Mərdəkan Qalasi və Dendra park turu - 10 manat
Qala - Atəşgah turu - 12 manat
Qala İnteraktiv turu - 18 manat
Zirə Eko Park Turu - 18 manat
Şamaxı turu - 19 manat
Quba Turu - 19 manat
Qəbələ turu - 20 manat
İsmayıllı turu - 20 manat
Qəbələ-Şəki turu - 22 manat
Quba - Qusar Laza turu - 22 manat
Qiymətə nəqliyyat, yalnız rayon turlarında səhər yeməyi, çay süfrəsi, fotosessiya, uşaqlar üçün muzeylərə giriş bileti daxidir. Müəllimələr və valideynlərin muzeyə girişi qiymətə daxil deyil.
Qrup turlarında minumum 18 nəfər iştirak etməlidir. 5 yaşa qədər uşaqlar və uşaqlarla iştirak edən qrup rəhbəri turda pulsuz iştirak edə bilər.
Camping turu
Ekstrim həvəskarları “Camping Azərbaycan”ın təşkil etdiyi turlarda da iştirak edə bilər. Bu turlar zamanı dağ kəndlərinə səfərlər təşkil olunur.
Ölkəmizdə kifayət qədər məşhurlaşan “Camping Azərbaycan” da bu həftəsonu 3 istiqamətdə tur təşkil edir.
İsmayıllı-Köhnədaxar
Kənd dəniz səviyyəsindən 1 400 metr hündürlükdə yerləşir. Kənddə 30-40 ailə yaşayır. Kənd əhalisi milliyyətcə tatarlardır. Daha sonra Dərə kəndinə səfər olunur. Kənd dəniz səviyyəsindən 1 200 metr hündürlükdədi. Kənddə 8 ailə yaşayır vo oraya maşın yolu yoxdur. Kəndə atlarla qalxırlar. Burada məktəb yoxdur.
Tur zamanı Kənəyə kəndinə də səfər olunur. Kənəyə dəniz səviyyəsindən 1 400 metr hündürlükdədir. Kəndin sakinləri 3 qardaş və onların ailəsidir. Bura maşın yolu yoxdur, ən yaxın kənd Namazgah kəndidir.
Turun planı
1. Gün
07.30 - Yola başlanır
11.00 - Gəndov kəndinə çatdıqdan sonra tur iştirakçıları maşınla Köhnədaxar kəndinə qalxırlar
11.30 - Köhnədaxar kəndində nahar fasiləsi olur.
13.00 - Dərə kəndinə yürüş başlanır.
14.30 - Dərə kəndində çay fasiləsi olur.
15.00 - Kənəyə kəndinə2 saat vaxt sərf etməklə yürüş olur.
17.00 - Kənəyə kəndində olur tur iştirakçıları.
18.00 - Namazgah kəndində şam yeməyi (Gəndov kəndində)
19.00 - Bakıya yola düşülür
22.30 - Tur iştirakçıları Bakıda olur.
Qeyd edək ki, qida və fasilə Köhnədaxar və Gəndov kəndlərində evlərdə olacaq.
Turun qiyməti 50 manatdır. Tura 7 may saat 7:30-da toplandıqdan sonra başlanılacaq.
Həftəsonunu bir qədər də uzaqda keçirmək istəyənlər isə ölkə xaricinə təşkil olunan turdan yararlana bilərlər.
Gürcüstan turu
Gürcüstana iki günlük turu “AFN travel” təşkil edir. Tura 5 mayda saat 08:00-da “28 may” metrostansiyasının qarşısında toplanmaqla başlanılacaq. Tur zamanı Tiflis-Mcxeta-Qori-Borjomiyə səfər olunacaq.
Tura oteldə gecələmə, 1 dəfə səhər yeməyi, nəqliyyat, yolboyu əyləncəli və hədiyyəli oyunlar, fotosessiya daxildir. Bundan başqa Tiflisdə gəzinti, kanat, sevgililər körpüsü, qədim Tiflis, qədim hamama ziyarət, eləcə də alış-veriş daxildir. Turun qiyməti 89 manatdır.
Mənbə: fins.az