Qarşıdan yay mövsümü gəlir. Bu isə o deməkdir ki, bir çoxları məzuniyyətə gedəcəklər. Lakin məzuniyyətə çıxmaq işin birinci hissəsidir . Məzuniyyət dövrünü harada, necə keçirmək isə ikinci həm də əsas məsələdir.
Bəs istirahət etmək üçün pulu necə əldə etmək olar? Müəyyən bir qism istisna olmaqla əksər insanlar səyahətə çıxmaq üçün lazımı pulu öncədən toplamalı olurlar. Turizm.fins.az səyahət pulunun necə toplanmasını təqdim edir.
Mövsüm öncəsi, yəni aprel may aylarında səyahətlərlə bəzən qiymətlərin yüksəkliyindən şikayətlənirlər. Hərçənd diqqətlə fikirləşəndə məlum olur ki, insanlar əvvəlcədən pul yığmaqla səyahət üçün tələb olunan pulu asanlıqla toplaya bilərlər. Bunun üçün sadəcə səliqəli olmaq kifayətdir.
Əgər səyahətə çıxmaq istəyənin aylıq məvacibi azdırsa mütləqdir ki, səfərə başlamamışdan bir il öncə səfər pulu toplanmağa başlansın.
Birinci üsul – BANK ƏMANƏTİ
Səyahətə pul yığmağın maraqlı üsullarından biri banka depozit yatırmaqdır. Belə ki, müştəri ən yüksək əmanət faiz verən banklardan birini seçib bura hər ay vəsait yatırır. Səyahət vaxtınadək burada xeyli pul toplanır, üstəlik, onun üzərinə əmanət faizi də gəlir. Yayda bu pula tur almaq olar.
İkinci üsul – «SƏYAHƏT BANKASI»
Banklara inamı olmayanlar pulu evdə də saxlaya bilərlər. Bu vəsaitlər qapalı bir qaba yığılmalıdır ki, insanlar istənilən zaman ondan istifadə edib pulu dağıtmasınlar. Yaxşı olar ki, toplanılan pulu gediləcək ölkənin valyutasında saxlasınlar. Bu səyahətçinin əlavə problemlərdən yan keçməsinə imkan verəcək.
Üçüncü üsul – CƏMİ 5 DOLLAR
Hesablamalar göstərir ki, 3-4 nəfər üzvü olan ailənin orta səviyyəli, amma unudulmaz səyahətə çıxması üçün 1500-2000 dollar tamamilə kifayət edir. İlk baxışdan böyük rəqəmdir. Amma gəlin, hesablayaq. İldə 365 gün olduğunu nəzərə alsaq, bu pulu toplamaq üçün gündə cəmi 5 dollar kənara qoymaq olar. Bu üsulla ilin sonunadək 1825 dollar yığmaq mümkündür ki, bu da əla istirahət üçün kifayətdir.
Dördüncü üsul – BANK KREDİTİ
Bəli, təəccüblənməyin. Ucuz səyahıt üsullarından biri də məhz bank kreditidir. Söhbət nədər gedir? Siz hələ mövsüm başlamazdan xeyli əvvəl bankdan kredit götürüb özünüzə səyahət marşrutu seçir və pulunuzu hissə hissə ödəyirsiniz. Bunun 2 üstünlüyü var. Əvvəla, turu erkən aldığınıza görə, qiymətlər o qədər endirimli olur ki, kreditə ödədiyiniz faizləri də ompensasiya edir. İkincisi, pul hər ay qrafikə uyğun ödənildiyinə görə, ağır yükə çevrilmir.