Qarşıdan yay mövsümü gəlir. Bu isə o deməkdir ki, turizm sahəsi bir qədər də canlanacaq. Bəs görəsən yayda əcnəbi və yerli turistlər ən çox Azərbaycanın hansı bölgələrinə üz tuturlar?
Suala aydınlıq gətirmək üçün seyyah.az turizm şirkətlərinə müraciət edib.
Turda.Az turizm şirkətinin daxili turlar üzrə meneceri Azər Mustafazadə yerli turistlərin yay mövsümündə ən çox səfər etdikləri istiqamətin Quba-Qusar –Laza və Qəçrəş olduğunu bildirdi. Onun sözlərinə görə, buna bir neçə səbəb var. Belə ki, ilk öncə adıçəkilən istiqamətin Bakıya daha yaxın olmasıdır. Digər bir səbəb isə yayda bu bölgələrdə havaların sərin keçməsidir ki, bu da yerli turistlərin diqqətini çəkir.
Digər bir turizm şirkətinin in coming üzrə meneceri Zaur Hacıbalayev isə xarici turistlərin ən çox üstünlük verdiyi bölgənin Qəbələ olduğunu bildirdi. Onun sözlərinə görə, ölkəmizə gələnlər arasında üstünlüyü ərəblər təşkil edir ki, onların da ən çox görmək istədikləri təbiət mənzərəsidir. Məhz bu səbəbdən Qəbələnin təbiətinə heyran olan ərəb turistlər daha çox bu rayona üstünlük verirlər.
Qəbələdə ərəblərin ən çox üz tutduğu məkan isə Tufandağ hesab olunur. Belə ki, kanatdan istifadə edən ərəblər Qəbələnin yuxarıdan mənzərəsinə tamaşa etməyi sevirlər.
Bundan başqa xarici turistlər arasında Qubaya üstünlük verənlər də var. Belə ki, Qubada Afurca şəlaləsi xarici turistlərin xüsusi diqqətini çəkib.
Mənbə: fins.az