Avtobus 1,50 avro, 1 boşqab makaron 12 avro - BAZELDƏ BİR GÜN

Xəbərlər 13 May 2017 00:00 907
Avtobus 1,50 avro, 1 boşqab makaron 12 avro - BAZELDƏ BİR GÜN
Daha təyyarə eniş üçün aşağıya enərkən fərqi hiss edə bilirsiz, İsveçrə xəritəyə baxdığımızda Avropa qitəsinin mərkəzində yerləşən kiçik bir ölkə olaraq qarşımıza çıxır. Kiçik bir ölkə dediyimə baxmayın; həyat səviyyəsi, inkişafı, iqtisadi gücü, adam başına düşən milli gəlir və s. bir çox mövzuda dünyanın ən etibarlı və inkişaf etmiş ilk ölkələrindən biridir.
 
İstanbuldan 3 saata yaxın vaxtda Bazel hava limanında oldum, həqiqətən Bazel olduqca kiçik şəhərdir. Həftəiçi olduğundan şəhərdə çox az adam vardı. Şəhərdə şəhər mərkəzi xaricində ümumiyyətlə bir insan olmur amma ilk günün həyəcanıyla küçələrdəki bir çox evlərdən gözümü ala bilmədim.
 
Bazelin mərkəzindən keçən Reyn çayında üzmə imkanınız var ki, bu da şəhərin ən maraqlı əyləncəsidir. Belə ki, həftəiçi axşamüstü və ya həftə sonları öz paltar və sukeçirməz çantanızı götürüb gedirsiz çaya. Bazeldə üzmənin üsulu bir az fərqlidir, əslində üzmək deyil, özünü axıntıya buraxmaq demək daha düzgün olar. Ona görə bəhs etdiyim sukeçirməz çantalar çox mühümdür. Çaya tullanarkən bütün geyimlərinizi və əşyalarınızı çantanın içinə qoyur, ağzını möhkəm-möhkəm bağlayır, sonra çantanı da götürüb çaya elə atılırsız. Çay sizi həzin-həzin aparır, sonra istədiyiniz yerdə təkrar sahilə çıxırsız.
 
Önəmli bir şeyi deyim, Bazel havalimanından 3 ölkəyə aid ayrı-ayrı çıxışlar var. Buna xüsusi önəm vermək lazımdır, çünki başqa ölkə istiqamətinə çıxa bilərsiz. Bazeldə ümumi olaraq,  almanca danışılır. Lakin tez-tez ingilis, fransız və italyan dillərini də eşitməniz mümkündür.
Aeroportdan şəhər mərkəzinə ən yaxşı asan yol birbaşa mərkəzə gedən (Bahnhoff SBB) 2 nömrəli avtobusdur – 1.50 avro. Çıxışda gözləyən taksilər vardı ancaq onlara yaxınlaşmağı belə düşünmədim. Bu qədər bahalı bir ölkədə taksi qiymətləri nədir, düşünmək belə istəmirəm.
 
Yemək zövqü təbii ki, bizdən olduqca fərqlənir, ağız dadımız başqadır. Yaxşı ki, Avropalı türklər İsveçrədə bol-bol kababçı və dönərxanalar açıblar. Qiyməti 5-8 avro arasıdır, biraz ağız dadımıza uyğun bir boşqab makaron sifariş etmək istəsəz, təxmini 17 Frank (12 avro) ödəməlisiz.
 
Məndən Bazel haqda soruşsaz, deyərdim ki, əsl istirahət yeridir: avtomobil tıxacı yox, küçədə və evlərdə təmir səsləri yox, siqnal səsləri yox… Əhalisi avtomobil tıxacı nədir bilmirlər. İnsanları yolun tamamən boş olmasına baxmayaraq, yenə də svetoforun piyadalar üçün yaşıl işığını gözləyirlər.
 
Bazeldə kafelər isə təxmin etdiyimin əksinə, çox bahalı deyildi. Bir qəhvə ilə şirniyyat yediyinizdə ödədiyiniz pul Bakıda Starbucks-a verəcəyinizdən çox yüksək deyil. Ona görə yorulduqca gözəl mənzərəli kafelərdə istirahət edə bilərsiz. Hər dayanacaqda bir sonrakı tramvayın gəlməsinə neçə dəqiqə qaldığını göstərən elektron tablolar var. Bazeldə keçirdiyim bir həftə ərzində gec qalana rast  gəlmədim.
Jalə Orucova 
OXŞAR XƏBƏRLƏR