Adriatik dənizinin incisi - DUBROVNİK

Xəbərlər 18 May 2017 00:00 1022
Adriatik dənizinin incisi - DUBROVNİK

Bir şəhər var dünyada. Ovuc içi boyda, qala divarları ilə dövrələnmiş, Adriatikin hirsləndiyi zaman sahillərini döyəclədiyi bir şəhər. O şəhəri görmədən köçməyin bu dünyadan deyiblər. Əgər deyilibsə, bu deyimi böyük məmnuniyyətlə dinləmək və ona əməl etmək lazımdır. Bunu əlimizdə bayraq edib düzəldik yola. (07.09.2016). Maşınla 10 saatlıq yol, 32 tunel (sadəcə Bosniyada saydığımdır) çay, göl, dağ meşə və nəhayət, 2 ölkənin sərhədini aşaraq catdıq Dubrovnikə. Bir az yorucu, ancaq gözəl mənzərələri kameranın yaddaşına həkk edə-edə mənzil başına vardıq. Sən demə, mənzərələrin şahı gözləyirmiş bizi Dubrovnikdə.

Dubrovnik, köhnə adı Ragusa, xorvatca “dubrava” sözündən götürülüb, mənası palıd meşəliyi deməkdir. Vaxtilə sıx palıd meşələrinə sahib olub bu bölgə, ancaq, zamanla meşəliklər məhv olub və günümüzə  sadəcə  adı gəlib çatıb.

Dubrovnikə nə vaxt səyahət etməli?

Dubrovnikə səfərin ən gözəl vaxtı aprel-sentyabr aralığıdır. Sadəcə tarixi yerləri görüb,şəhəri gəzəcəksinizsə, aprel-iyun aralığı ideal vaxtdir. Ancaq, “illah mən dənizə də girəcəm, Adiatikin dalğalarında özümü sınayacam”- deyirsinizsə, onda Dubrovnikə yayda – iyul, avqustda gəlin. Həmin aylarda həddindən artıq turist olduğuna görə çox sıxlıq olur, təbii ki qiymətlər də göylərdə. Dubrovnikə Azərbaycandan birbaşa uçuş yoxdur. İstanbuldan Zaqrebə, oradan isə Dubrovnikə səyahət etmək olar. Onu da qeyd edim ki, Xorvatiya Azərbaycan vətəndaşlarından viza tələb edir (rüsum 35€). Əgər çoxgirişli şengen vizanız varsa, heç bir problem yaşamadan bu ölkəyə səyahət edə bilərsiniz.

Dubrovnik 1 gündə görülə bilən, 2 gündə gəzilə bilən, 3 gündə kəşf edilən, 4 gündə isə istirahət edilə bilən bir şəhərdir. Yaxınlıqdakı Lokrum və Cavtat adalarına da gediləcəksə, bu müddət bir az daha uzadıla bilər.

Dubrovnikdə harada qalmalı?

Adətən, Old Town bölgəsində qalmaq məsləhət görülür. Ancaq buradakı otellərdə qalanlar əllərini ciblərinə yaxşıca salmalıdırlar, xüsusən də, yay aylarında. Ancaq, büdcəyə uyğun hostel, kirayə otaq da (yerli dildə “sobe”) tapmaq olur. Bir də bu bölgəyə maşınların girişi qadağan olduğuna görə, taksi və avtobuslar qədim şəhərin əsas qapısı Piledə saxlayırlar. Qapıdan sonrakı qismi otelə və ya hostelə piyada getməli olursunuz. Nəzərə alsaq ki, Dubrovnik başdan ayağa pilləkənlərdən ibarətdir,  çamadanla onları qalxmaq asan deyil, Old Town fikri bir daha düşünülmılidir məncə. Biz həmişəki kimi, booking.com saytından Lapad bölgəsində (Old Town-a 2,5 km məsafədə)  “Jelly apartments”dən  (günlük  70€)  ev tutduq və yaxşı ki, də elə oradan kirayələdik. Məhz Lapad Dubrovnikdə ən gözəl çimərliyə malikdir.

Bir az Dubrovnikin tarixinə səfər edək

VII əsrdə qurulmuş Ragusa, indiki Dubrovnik kiçik müstəqil dövlət olub. Hələ də yerli sakinlər bunu hər söhbətdə fəxrlə vurğulayırlar. Əvvəl Bizans, sonra Roma imperiyasının himayəsinə keçib. Fatih Sultan Mehmetin hakimiyyəti illərində ildə 15000 qızıl ödəyərək Osmanlıya muxtar vilayət olaraq bağlanıb. Dənizçilik, ticarət və yürütdüyü siyasətilə tarix boyu savaşlardan boyun qaçırmağa çalışıb, qismən də olsa buna nail olub. Daha sonralar isə Fransa və Avstriya-Macarıstan imperiyasının tərkibində olub.

1667-ci ildə güclü zəlzələ nəticəsində şəhər yerlə yeksan olub, lakin iki ilə ən sadə şəkildə bərpa edilib. Bunu şəhərin arxitekturasında da görmək olur. Binaların dizaynı həddən artıq sadə, hətta balkonsuzdur. 1979-cu ildə UNESCO- nun mədəni irsi siyahısına daxil olub. Lakin 1991-ci ildə serblərlə müharibə vaxtı şəhərə böyük ziyan dəyib, 2005-ci ildə bərpa edildikdən sonra turistlərin ixtiyarına verilib. O gündən bəri turistlərin axın etdiyi şəhərlərdən biridir. 42-cə min əhalisi olan bu şəhərin Old Town-unda 1000 cə nəfər yaşayır. Turizm sürətlə inkişaf etdiyinə görə, Old Town bölgəsi son illər həddindən artıq bahalaşıb (1kvm 5-10000€)  və yerli əhali də evlərini sataraq kənar yerlərə koçüblər.

Qayıdaq günümüzə

Deməli, Dubrovnikə gələn turistin ilk işi “Dubrovnik card” almaqdır. “Dubrovnik card” 1,3,7 günlük kartlardan ibarətdir. Bu kart sahibləri avtobusdan pulsuz istifadə edir, muzeylərə (bir hissəsinə) pulsuz girə bilir və bir çox dükan və restoranlarda az da olsa endirim əldə edir. Kartı online alsanız, 10% endirim  əldə edəcəksiniz.

Dubrovnikdə Old Town-dan kənarda qalsanız, avtobusdan istifadə etməli olacaqsınız. Taksilər bir az baha başa gəlir. Avtobus biletlərini  isə dayanacaq yaxınlıqlarındakı “Tişek” lərdən və ya avtobus sürücülərindən əldə etmək olar. Sadəcə bilet satış məntəqələrində 12 kuna (1,6€) , avtobusda isə 15 kuna (2€) ödəməli olacaqsınız. Digər Avropa şəhərlərindəki kimi biletsiz, qaçaq minmək burada işə yaramır. Hə, bir də onu demək yaddan çıxıb, Xorvatiyanın pul vahidi kunadır. Baxmayaraq ki, Xorvatiya Avropa Birliyinə daxildir, hələ ki, bu ölkənin pul vahidi avro deyil.

Dubrovnik turları

Old Town–un əsas girişi ilə  üzbəüz turlar satılır. Qiymətlər  turdan, bəzən havadan (xüsusən də, dəniz turları) asılı olaraq dəyişir. Biz “Dubrovnik tarixi” (adambaşı 100 kuna, 13€) və gəmiylə “Panoromic tour”a (adambaşı 75 kuna, 10€) qatıldıq. “Game of Thrones” fanatları isə filmin çəkildiyi yerləri xüsusi geyimli bələdçi müşayiəti ilə “Game of Thrones tour” almaqla  gəzə bilərlər.

Dubrovniki gəzməyə hardan başlamalı?

Əlbəttə ki, Old Towndan. Görüləcək bütün gözəlliklər, muzeylər, saraylar, monastırlar burada yerləşir. Yerli dildə Starı Grad. Old Town girərkən hansısa tarixi əsərin, filmin bir parçası kimi hiss edir insan özünü. Şəhərin kəşfi  Pile  gate (böyük qapı)-dən – qədim şəhərin giriş qapısından başlayır. Ümumilikdə isə, şəhərin 4 qapısı var: Pile, Ploce, Peskarija, Ponta.  Lakin Pile və Ploce qapıları daha önə çıxanlardır. Ploce isə şəhərin qədim limana açılan hissəsidir.

Şəhər divarları – Gradske zidine

Ümumilikdə 1950m uzunluğu, 1,5m qalınlığı olan Şəhər divarları isə şəhəri düşmənlərdən qorumaqçün tikilib. Şəhər divarlarına qalxmaq üçün bilet almaq lazımdır. Biletin qiyməti isə 120kn (16€). Bunun üçün səhər tezdən durmağınız, havanın sərin, turların hələ başlamadığı vaxtda getməyiniz məsləhətdir. Saat 10.00-dan sonra qalada addım-addım yerimək məcburiyyətində qalacaqsınız. Onu da deyim ki, qala divarları saat 8-də açılır.

Stradun küçəsi – Stradun Placa

Stardun Old Town-u ikiyə bölən, şəhərin əsas küçəsidir. Həmçinin ən düz  və mərmərli bölgəsidir. Mərmər mövzusunda bizə oxşayıblar bir az. Təxmini 300m uzunluqda olan bu küçədə Roma-Yunan dəsti xətti nəzərə çarpır. Bu 300 m-lik küçəni bəlkə 30 dəfə dolaşdıq biz. Küçə kafe, restoran, dükanlarla zəngindir. Bütün önəmli tədbirlər də məhz burada keçirilir.

Büyük Onofrio Bulağı – Velika Onofrijeva Fontana

1436–cı ildə məşhur italyan memarı Onforio tərəfindən tikilən Büyük Onofrio Çeşmesi Stardun küçəsinin başında yerləşir. Dubrovnikin içməli su qaynağı, turistlərin pilləkənlarında oturub yorğunluqlarını aldıqları bulaq. Dubrovnik Respublikası  dövründə içməli, təmiz  su təminatı əsas məsələlərdən biri olub. Bu məqsədlə bulaq, çeşmə, quyu tikintisinə xüsusi diqqət yetirilib. Böyük Onforio bulağına da su 116 m yüksəklik və 11.7 km məsafədən çəkilib.

Kiçik Onforio Bulağı – Mala Onofrijeva Fontana var ki, o da 1440–1442 –ci illər arasında Luza Meydanını su ilə təchiz etmək məqsədilə tikilib .

Müqəddəs Saviour kilsəsi – Crkva sv. Spasa u Dubrovniku

Büyük Onofrio Bulağı ilə üzbəüz Müqəddəs Saviour Kilsəsi yerləşir. Kilsə Allaha minnətdarlıq əlaməti olaraq tikilib. Belə ki, 1520-ci ildə baş vermiş zəlzələdən şəhər az xəsarətlə  çıxdığına görə əhali Tanrıya öz təşəkkürünü kilsə tikərək ifadə edib. Gotik üslublu kilsənin tikintisi yerli memar  Petar Andrijçə həvalə edilib və 1528-ci ildə  başa çatıb. 1667-ci ildəki dəhşətli zəlzələdə kilsə çox zərər görməyib, ilkin, orijinal vəziyyəti ilə bu günə gəlib.

Zəng qülləsi – Gradski zvonik u Dubrovniku

1444–cü ildə tikilən, 31 m hündürlüyü olan, Zəng qülləsi yerli sənətkarların əl işidir. İlkin versiyasında taxtadan istifadə olunsa da, sonralar bürünc detallar əlavə olunub. 1667-ci ildə baş verən güclü zəlzələdən sonra qüllə əyilib, ətrafa təhlükə yaaradıb.  1929-cu ildə isə sökülüb, yerinə orijinala sadiq qalaraq  yenisi tikilib.

Orlando sütunu – Orlando Stup

Zəng qülləsinin yanında, Stradun küçəsinin sonunda, Sponza sarayı ilə Müqəddəs Blaise kilsəsinin ortasında yerləşən sütun orta əsrlərin önəmli sərkərdəsi Orlandoya həsr olunub. 1418-ci ildə Antuan Dubrovca tərəfindən hazırlanmıb. Sütunun ayaqlarının yanında Orlandonun qolunun uzunluğunda (Orlando’s elbow) xətt yerləşir. Bu həmin dövrdə ölçü vahidi rolunu oynayıb. Mübahisəli ölçülər bu xətlə çözümlənib. Dubrovnik yay festivalının açılışı məhz bu sütunun yanında həyata keçirilir.

Sponza Sarayı – Palaça Sponza

Digər adı Divona – 1516-1522- ci illərdə Paskoje Miliçevİc Mihov tərəfindən Renessans və Qotik üslubda tikilib. 1667-ci il zəlzələsindən xəsarətsiz çıxan saray hazırda arxiv kimi istifadə edilir. Sarayda XI-XII əsrlərə aid sənədlər qorunur.

Fransiken monastırı – Franjevacki Samostan Dubrovnik

XIII əsrdə tikilən Fransisken Monastırı əvvəlcə hazırda Hilton otelinin yerləşdiyi yerdə tikilmiş, daha sonralar şəhərə çoxsaylı hücumlar olduğuna görə indiki yerinə-şəhər divarları daxilinə köçürülmüşdür. Gotik və Renesans tərzdə tikilmiş monastırda ən qədim aptek, muzey və kitabxana yerləşir. Kitabxanada 70000-dən çox kitab saxlanılır.

Müqəddəs Blaise Kilsəsi – Crkva Sveti Vlaho

Müqəddəs Blaise kilsəsi Dubrovnikin önəmli tarixi abidələrindəndir və şəhərin qaynar nöqtəsində yerləşir. Kilsə 1667-ci ildəki zəlzələdə ciddi xəsarət alıb, 1706-cı ildə yanğın nəticəsində kül olub, məşhur heykəltəraş Marino Gropelli tərəfindən Barok üslubunda yenidən inşa edilib.

Lovrijenac qalası –  (Tvrdjava Lovrijenac)

Dubrovnik qala divarlarınından sonra əsas baş çəkiləcək qala Lovrijenac qalasıdır. 1031-ci ildə tikildiyi təxmin edilən qala haqda yazılı məlumat sadəcə 1301 –ci illəri əhatə edir. Dəniz səviyyəsindən 37m hündürlükdə bir qayanın üzərində yerləşən bu qala şəhər limanına, idari və ticari bölgələrə yönəlik hər hansı təhlükəyə qarşı tədbir məqsədilə  tikilib. “Game of Thrones” filminin bir çox səhnəsi də məhz burada çəkilib.

Dubrovnik katedralı (baş kilsəsi) – Katedrala Velike Gospe

Katedral 1192-ci ildə ingilis kralı Richard tərəfindən tikdirilmişdir. Kral Riçardın gəmisi Lokrum adası yaxınlığında batmış. Özü isə  sağ qalmışdır. Tanrıya Şükr şükür əlaməti olaraq da bu katedralı tikdirmişdi. 1667-ci ildəki zəlzələdə katedral yerlə bir olmuş, sonradan bərpa edilmişdir. Dubrovnik senatı katedralın bərpasını italyan memar Andrea Bufaliniyə həvalə etmişdir.

Gundulica Meydanı – Gunduliceva Poljana

Gundulica meydanı Old Town –nun yeganə açıq bazarı ilə məşhurdur. Yerlilərin bazarda satdığı lavandaların qoxusu meydana daxil olan kimi adamı bihuş edir. Təzə meyvələr, portağal, incir qurulari, zeytun yağı, əl işləri, sabunlar, hədiyyəlik əşyalar və s.ni buradan dükanlardakından daha ucuz əldə etmək olar. Meydanın ortasında dubrovnikli şair İvan Gundulicin heykəli yerləşir. Bundan başqa meydanda balaca bir çeşmə, ətrafında isə restoran və kafelər də mövcuddur.

Dubrovnikdə nə yeyilir?

Dubrovnikdə restoran və kafe addımbaşı rast gəldiyiniz məkanlardır. Yeməklərdə italyan mətbəxi və dəniz məhsulları üstünlük təşkil edir. Qədim limanda balıqçı tərzi yeməklərlə bol restoranlar mövcuddur. Qoyun, dana ətli yeməklərə də (cevapi)  menyularda rast gəlinir.

Dubravka restoranı qala divarlarına soykənmiş, üzü dənizə gözəl bir axşam yeməyi üçün mükəmməl məkandır. Ancaq qonaqları çox olur, əvvəlcədən rezerv etmək məsləhətdir.(2 nəfərlik şam yeməyi 309 kuna, 42€.) Olivia restoranı isə  pizzası ilə məşhurdur. (2 pizza, meyvə suyu 214 kuna, 29€. Serbiyada eyni menyu 9€-ya başa gəlir) Əgər Dubrovniki ən yüksək nöqtədən izləyərək romantik bir axşam yeməyi yemək istəsəniz Panorama Restaurant Dubrovnik-i seçə bilərsiniz. Rezerv mütləqdir. (şam yeməyi 526 kuna, 70€.) Təpəyə kanatla və ya taksi ilə  qalxmaq mümkündür. (Kanat Adambaşı 17€.)

Şirniyyatlara gəldikdə  isə rozata, fritters, palaçinke (şirin blin) orahnjaca (qozlu keks) deyilən şirniyyatları sevilir. Bir də Dubrovnikin dondurması məşhurdur. Hətta dondurma dükanın önündə növbə də olur. Ancaq o qədər də fərqli dadı yoxdur. Daha dadlılarını dadmışıq.

Dubrovnikə gəlib buradan yaxınlıqdakı Lokrum və Cavtat adalarına getməmək olmaz. Biz Dubrovnikə gəmiylə 15 dəqiqəlik məsafədə yerləşən Lokrum adasını seçdik. Bu haqda daha ətraflı növbəti yazıda. Cavtat isə qaldı gələn səfərlərə.

Dubrovnik muzeyləri

Dubrovnik kartını alanlara bir neçə muzeyə giriş ödənişsizdir. Bu muzeylərdən Rector muzeyi, Etnografiya muzeyi, Tarix muzeyi, Dəniz muzeyi, Marin Drzic muzeyi, Fransiskan monastırı, İncəsənət qalireyası. Bu saydıqlarımın hamısını bir günə necə sığışdırmaq mümkündürsə, elə dolaşdıq. Üstəgəl axşam Lazaretidə folklor rəqs qrupunun 2 saatlıq konsertinə də çatdırdıq özümüzü.(adambaşı 100kuna,13€)  Auditoriya başdan ayağa avropalı təqaüdçülərdən ibarət idi. Bir də biz.

Gəldik yuxu kimi bir səfərin sonuna. Dubrovnik vəsf edildiyi qədər gözəl, dənizi, tarixi qalaları, divarları, qırmızı damlı evləri, muzeyləri, əyləncələri ilə yadda qalan bahalı bir şəhərdir. Buraya gəlmişkən, cəmi cümlətani 1,5 saatlıq məsafədə yerləşən gözəl Kotoru, 2 saatlıq məsafədə yerləşən Budvanı, hətta tarixi Mostarı görmədən dönməyin.

 

Mənbə: gezdunyani.com

OXŞAR XƏBƏRLƏR