Qara dənizin incisi və istirahət şəhəri - BATUMİDƏN REPORTAJ

Xəbərlər 22 May 2017 00:00 1919
Qara dənizin incisi və istirahət şəhəri - BATUMİDƏN REPORTAJ

Acarıstan Turizm və Kurortlar Departamentinin dəvəti ilə Azərbaycanın bir qrup mətbuat nümayəndəsi və blogeri Gürcüstanın Batumi şəhərində səfərdə olub. Qrup üzvləri üç gün sürən səfərdə şəhərin tarixi və əsas turisik məkanlarına baş çəkiblər. Seyyah.az Acarıstan Muxtar Respublikasının “dərin limanı”, Qara dəniz sahilində yerləşən və dünyanın turizm mərkəzlərindən sayılan Batumidən reportajı təqdim edir. 

 

Bir şəhərin tarixçəsi 

Əvvəlcə Batumi haqqında qısa xülasəni diqqətinizə çatdıraq: şəhər ərazidə yerləşən qədim yunan koloniyası Batisin adı ilə bağlıdır. Əsrarəngiz şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olub. Bu şəhərə səfər etmək üçün ilk növbədə Tiflisə getmək, ardınca da digər nəqliyyat vasitəsi ilə 6 saatlıq yol qət edərək turistlərin arzuladığı yaşıllıqlar diyarına çatmaq mümkündür. Şəhərə girən kimi sizi Batumi bulvarı qarşılayır. 8 km uzunluğu olan bulvar 1880-ci illərdən tikilməyə başlayıb. Bulvar ərazisində 1930-cı illərdə tikilmiş dəniz qırağına qapı sayılan Kalanada tikilisi var. Burada yay teatrı da mövcuddur. Teatr da həmin illərdə inşa edilib və hazırda təmir-bərpa işləri gedir.

 

Xüsusi velosiped yolu

Bulvar ərazisində velosiped sürücüləri də diqqətdən kənarda qalmayıb. Onlar üçün də xüsusi yol ayrılıb. Velosiped yollarını həm şəhərin bütün küçələrində, həm də sahil boyunca görmək mümkündür. Şəhərin mərkəzində möhtəşəm bir göl var. Bu gölün mənzərəsi belə istirahətiniz üçün yetərli ola bilər. Hətta bu göldə balıq da tuta bilərsiniz. Kurort şəhərində, ümumilikdə Acarıstanda leysan yağışlar xarakterikdir. Səfərdə olduğumuz müddətdə güclü yağışa düşdüyümüz vaxtlarımız da oldu.

Batumidə dənizkənarı bulvar ərazisində azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” romanının qəhrəmanlarının şərəfinə Əli və Nino heykəli ucaldılıb. Abidə heykəltəraşlıq baxımından tam fərqlidir. Heykəlin müəllifi Tamar Kvesitadze heykəli yaradarkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgidən bəhs edən “Əli və Nino” romanından ilhamlandığını, bu iki gəncin əbədi sevgisinə abidə ucaltmaq istədiyini bildirib.

 

Bir mövsümdə 800 min turist

Acarıstan Turizm və Kurortlar Departamentinin nümayəndəsi azərbaycanlı jurnalistlərə Acarıstan Muxtar Respublikası və onun turizm potensialı haqqında geniş məlumat verdi: "Acariya əhalisinin 73 faizini gürcülər təşkil edir. Acariyanın ərazisi 2,9 km-dir, 400 min əhalisi var. Onun 180 mini Batumidə yaşayır. Son illər Batumiyə gələn turistlərin sayı artır. Təkcə turizm mövsümü ərzində Batumiyə ümumilikdə 800 min turist gəlib. Ona görə də Batumidəki evlərin qiyməti də bahalaşıb. Hazırda bulvar ərazisinə yaxın binalarda evlər kavdratmetrə görə 1500 dollar, bir az kənarda 700-800 dollardır. Batumidən uzaqlaşdıqca isə evlərin qiyməti 300 dollara kimi düşür”.

Turistləri qəbul etmək üçün Acarıstanda 325 otel və 20 974 restoran var. Batumidə kino, caz və digər festivallar keçirilir, turistlər üçün müxtəlif şou proqramlar təşkil olunur.

 

 

DNT formasında qüllə

Bulvar ərazisində həmçinin gürcü əlifbasının 33 hərfinin insan DNT-si fomasında quraşdırılan qüllə var. Bu, vaxtilə türk qalasının yerində ispan memar Alberto Dominqo Kabo tərəfindən inşa olunub. Qüllənin yuxarı hissəsi 360 dərəcə fırlanır və içərisində restoran və televiziya studiyası var.

Bulvarda həm də mayak var. 1860-cı ildə Osmanlı imperiyası tərəfindən tikilən mayak hazırda işləkdir. Bulvar ərazisində türklərin 90-cı illərdə Batumidə tikdikləri məscid sonradan şəhər əhalisinin narazılığı ilə nəticələnib. Ona görə də həmin tikili sonradan məscid kimi fəaliyyətini dayandırıb. Həmin məscid “Çaça qalası” kimi istifadəyə verilib. Əvvəllər burada pulsuz “Çaça” (spirtli içki) verilirdi. Sonradan qalanın ətrafında sərxoşların sayı artdığından ənənəyə son qoyulub.

 

Donuz başına bənzəyən nikah evi

Bulvar ərazisində kənardan baxanda donuz başına bənzəyən simvolik nikah bağlamaq üçün yer də var.

Batumi çimərliyi özünəməxsus, ekoloji cəhətdən təmizdir. Burada insanlar sərbəst və çox rahat şəraitdə dincəlirlər. Çimərlikdə göstərilən əyləncə xidməti də istirahətə rəng qatır. Çimərliyin daha bir fərqi qumun olmamasıdır. Ancaq yerdə çınqıllı daşlar görmək mümkündür. 

 

İtaliyanı xatırladan meydan

Piazza meydanı (Piazza square) Batuminin mütləq görməli məkanlarından biridir. 2009-cu ildə tikilən meydan insana Avropa şəhərlərini, xüsusilə də İtaliyanı xatırladır. Təxminən 6000 metrlik ərazisi olan meydanda otel, kafe və pivəxanalar fəaliyyət göstərir. Meydanın girişində yaradılan səhnədə yay axşamlarında canlı musiqi oxunur. Bu günə qədər burada tanınmış dünya şöhrətli ifaçılar - Plasido Dominqo, Stinq, Mişel Leqran, Tamara Qverçiteli, Meysi Qrey, Kriss Botti və başqaları konsert veriblər.

Piazza meydanın yanında 1865-ci ildə yunanların Osmanlı sultanından xahiş edərək tikdikləri Müqəddəs Nikolay kilsəsi var. Kilsənin tikintisində istifadə olunan daşlar Trabzondan gətirilib. Kilsə 2012-ci ildə yenidən qurulub. Dar küçələrlə bir az irəli getdikdə 1866-cı ildə inşa olunan Orta Cami məscidi yerləşir. Cami Osmanlı imperiyasının dövründə iki məscid arasında tikildiyinə görə belə adlandırılıb. Gürcüstan SSRİ-nin tərkibində olduğu zaman bu məscid bağlansa da, hazırda qapısı nəinki müsəlmanların, hətta hər kəsin üzünə açıqdır. Məscid Acarıstan Dövlət Muzeyi tərəfindən qorunur. Şəhərdə müxtəlif dini konfessiyalar var və həmin nümayəndələrin rahat şəkildə ibadət etmələri üçün bütün şərait yaradılıb. Hətta Batumidə Bakı (Baku) küçəsi də var.

 

Əyləncə mərkəzi - Delfinari

Batumi parkının ərazisində yerləşən delfinari şəhərin ən çox ziyarət olunan məkanlarındandır. Burada delfinlərin hərəkəti adamı valeh edir. Delfinarinin amfiteatrı 4 sektordan ibarətdir və 703 tamaşaçı üçün nəzərdə tutulub. Bu əsrarəngiz məkan istənilən havada keçirilməsi mümkün olan şou elementləri ilə təchiz olunub. Şou isə üç - gürcü, ingilis və rus dillərində keçirilir. Şou istənilən yaşda olan izləyicilərdə maraq doğurur. Yayda delfinaridə ziyarətçi sayı çox olduğundan şou gün ərzində üç dəfə təşkil olunur. Əgər delfinlərlə üzmək istəyirsənsə, deməli, 150 laridən (təxminən 111 AZN) keçməli olacaqsan.

Gürcü mətbəxi dadlı, lakin bir az ağırdır. Acarlılar günə əsasən türklərin pidesinə bənzəyən acaruli xaçapuri ilə başlayırlar. Gürcülərin süfrəsində elarci (mçadi - qarğıdalı unundan bişirilən çörək), patlicani (pxali - qoz və pendirlə doldurulmuş badımcan), kartof qızartması, limonad və qrafində qoyulmuş bəyaz çaxır olur.

Gürcü rəqsləri izləmək üçün “Mergul-Lazuri” restoranları uğurlu seçimdir. Buraya gələn turistlər üçün hər axşam gürcü rəqslərindən ibarət şou göstərilir. Orta və azyaşlı rəqqaslardan ibarət qrup bizi darıxmağa qoymadı. 

 

I əsrə aid Qonio-Apsaros qalası

Növbəti görməli məkan Batumidən cənub istiqamətinə 12 kilometrlik məsafədə Çoroxi çayının sol sahilində I əsrə aid Qonio-Apsaros qalasıdır. Qalanın ətrafında isə Gürcüstanın qədim yaşayış məskənlərindən biri yerləşir. Qonio-Apsaros qalası unikal strateji əhəmiyyətə malik olmaqla, Cənub-Qərbi Gürcüstanla Qara dəniz sahillərini birləşdirən Çoroxi və Açaristsxali mağaralarını mühafizə edib. Relyefinə görə, Qonio qalası Qara dəniz regionunun Bizans və Osmanlı imperiyalarının istinad nöqtələrindən birinə çevrilib. Qonio-Apsarosun tarixi arqonavtlar barəsindəki miflə sıx əlaqəlidir. Qonio qalasının ərazisində İsa peyğəmbərin tərəfdarlarından olan apostol Matfeyin simvolik məzarı da yerləşir. Bəzi tarixi mənbələrə görə, apostol məhz bu ərazidə dəfn edilib. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində ellin dövrünə aid artefaktlar, ictimai tikililər, keramika, bürünc, gümüş əşyalar və I Yustinianın dövründən qalma gümüş sikkələr aşkar edilib.

 

Çariça Tamaranın körpüsü

Daha bir gözəl mənzərəsi olan məkan 50 metr hündürlüyü olan Maxunçeçi şəlaləsidir. Onun yanında isə XII-XIII əsrə aid daş körpü var. Bu körpü Gürcüstanın məşhur çariçası Tamaranın adı ilə bağlıdır. Körpü onun qoşununun buradan keçməsi üçün tikilib. Körpünün yanında həm də təmiz Çorox ilə çirkli Açaristsxali çayı qovuşur.

 

Şərabın vətəni

Batumidə şərab içmək üçün ən gözəl yerlərdən biri “Ajarian wine house”dur. Burada şərab yüksək keyfiyyətlə hazırlanır və elə zavodun həyətində olan kafedə müştərilərə təqdim olunur. Nadir olan şərablar da məhz burada hazırlanır. Hətta onu da öyrəndik ki, Stalinin ən çox xoşladığı Çxaveri şərabı da burada hazırlanıb. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da burada qonaq olub.

 

Cənnətin bir parçası – Botanika bağı

Səyahətimizin sonuncu günü Batumidə yerləşən dünyanın ən zəngin botanika bağlarından birinə getdik. Bağda dünyanın bir çox yerlərindən - Şərqi Asiya, Şimali Amerika, Yeni Zellandiya, Cənubi Amerika, Himalay, Meksika və Avstraliyadan gətirilən bitkilər, ağaclar əkilib. Hətta Botanika bağında dünyanın ən yaşlı ağacı belə qorunub saxlanır. Bu məkan 1912-ci ildə coğrafiyaşünas Andrey Krasnov tərəfindən salınıb. Botanika bağındakı floranın zənginliyi 111 hektarda yerləşən 9 bölmədə əks olunub. Botanika bağını həm piyada, həm də ekskursiya məqsədli elektromobillərlə seyr etmək mümkündür. Burada günəşli gecə xiyabanı var. Bunun da bir rəvayəti var. Patriarx II İliyaya həsr ediblər. Çünki onun əsas ibadətinin adı günəşli gecə adlanırmış. Həmin məkanın yanında İliyanın evi var. Hansı ki, o, burada qalıb. Botanika bağına giriş bileti 8 lari (5,5 manat), bələdçi ilə 30 lari (21 manat) təşkil edir.

Batuminin mərkəzində 1902-ci ildə tikilən Kafedral saboru sayılan Gürcü Pravoslav Baş Kilsəsi yerləşir. Vaxtilə bura katolik kilsəsi kimi fəaliyyət göstərib.

Batumidəki ən önəmli tədris qurumu 1990-cı ildə açılan Batumi Dövlət Universitetidir. Hansı ki, illik təhsil haqqı 3000 lari olan təhsil ocağında tədris rus, ingilis və gürcü dillərindədir. Universitetdə türk tələbələrinin sayı çoxluq təşkil edir.

Günün sonuncu görməli yeri Kabulettidə yerləşən Çiçinatela atraksionlar parkıdır. Kabulettidə hətta elə bir küçə var ki, bura SSRİ-də ən uzun küçədən biridir. Onun uzunluğu 13 km-dir. Bu, David küçəsidir.

 

Musiqili Park

Musiqili park dünya şöhrətli məşhurların konsert verdiyi “Black Sea Arena”nın qarşısında yerləşir. Bu park digər parklardan çox fərqlidir. Parkda Gürcüstanın məşhur bəstəkarlarının heykəlləri və qurumuş ağacların maraqlı formada yonulmuş kötükləri var. Ən maraqlısı isə odur ki, burada heykəllərin yaxınlığına gedib, onların qarşısında dayananda sistem avtomatik olaraq işə düşür və həmin bəstəkarın mahnıları səslənir.

Bununla da Batumiyə təşkil olunan üçgünlük səfərimiz yekunlaşır. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR