Türkiyə bələdiyyəsi necə işləyir? - SƏLCUQDAN REPORTAJ

Xəbərlər 22 May 2017 00:00 1317
Türkiyə bələdiyyəsi necə işləyir? - SƏLCUQDAN REPORTAJ

Kantaron festivalı: Toxum mübadiləsi, yerli yeməklər, təbii otlar”. Festivalın təşkilatçısı Səlçuk bələdiyyəsidir.

Bu, bələdiyyənin təşkil etdiyi ilk və son tədbir deyil, qurum il boyu müxtəlif mərasimlər düzənləyir, məqsədi bölgənin turizm potensialını daha da qabartmaq, yerli əhaliylə təmas imkanlarını gücləndirməkdir. Elə bu festivalın ardınca hansısa sərgi düzənlənəcək, ya yarmarka keçiriləcək.

Qonşu Türkiyədə bələdiyyə sistemi Azərbaycanla müqayisəyə gəlməz. Türkiyədə bələdiyə mənsub olduğu bölgənin bütün yerli problemləri ilə məşğul olar, bölgəni tanıtdırmaq, yeni iş yerləri açmaq üçün potensialını artırmağa çalışar.

“Türkiyə bələdiyyəsi necə işləyir sualına Türkiyənin ikinci şəhəri İzmirin 79 km-də yerləşən Səlçuk bələdiyyəsində cavab axtarmağa çalışırıq.

 

Səlçuk bələdiyyəsi: kiçik dövlət?

Təxminən 35 min əhalisi olan Səlcuk bələdiyyəsi Ege dənizinin 8 km-də yerləşir, ancaq dənizdən uzaq olsa da (Türkiyədə dəniz turizmi sahilyanı şəhərlərdə daha çox inkişaf edib), bölgə e.ə. 6-cı minilliyə aid tarixi yerləri ilə öz turistlik cəlbediciliyini qoruyub saxlayır. Elə Səlçukun bir neçə km-də yeləşən qədim Şirincə kəndində də (Azərbaycanın Lahıc-ına bənzəyir) ilin bütün mövsümü turist qaynayır.

Səlçuk bələdiyyəsinin mətbuatla əlaqələr üzrə məsul şəxsi Mehmet Durmuş öz işlərini belə təsvir edir: “Selçuk bələdiyyə başkanı Dahi Zeynel Bakıcının sözləri ilə desək, bizdə bələdiyyəçilik  beşikdən məzara qədərdi. Yəni, yeni doğulan bir körpənin ehtiyaclarını qarşılamaqdan tutmuş vəfat edən bir adamın ailəsinin duya biləcəyi bütün ehtiyaclar qarşılanır”.

Mehmet Durmuş deyir ki, bələdiyyə yerli və ərazi yollarını düzəldir, ona nəzarət edir, küçələrin təmizlən saxlanmasına, o cümlədən, məişət tullantılarının daşınmasına məsuliyyət daşıyır, parklar salır, ətrafın göz oxşayan olması üçün işlər görür (çiçəklər, ağaclar əkir, ona qulluq edir), mədəniyyət və idman sahələrini diqqətdən kənara buraxmır.

 

Qərarları Məclis qəbul edir, icrasına başkan baxır

Türkiyədə bələdiyyəsində qərarlar, əsasən, Bələdiyyə Məclisi tərəfindən verilir. Seçkidə qələbə çalan siyasi partiya təmsilçilərindən təşkil edilən Bələdiyyə Məclisi bələdiyyənin idarə olunması ilə bağlı vacib qərarları qəbul edir. Məsələn, bələdiyyə borc alacaqsa və ya bələdiyyəyə daxil olan hansısa ərazini satacaqsa, yaxud bələdiyyəyə aid bir iş yerini kirayə verəcəksə, bu zaman buna Bələdiyyə Məclisi qərar verir. Qərarları bələdiyyə başkanı icra edir.

Selçuk bələdiyyəsinin sözçüsü Mehmet Durmuş deyir ki, bəzi qərarların verilməsi üçün Məclis öz üzvlərindən, başkandan və bələdiyyə işçilərindən ibarət “Bələdiyyə Encümeni” yaradır.

 

Saysız-hesabsız xidmətlər

Bələdiyyədə yerli problemlərin əhatəsinə görə şöbələr var. Bu şöbələr də yerli əhaliyə müxtəlif xidmətlər göstərir:

Mehmet Durmuş bunu belə anladır: “Şəhər infrastrukturu ilə bağlı vəzifələr var: su təminatını, şəbəkəsini yaratmaq və paylamaq, kanalizasiya şəbəkəsi qurmaq, şəhəriçi yollar və meydanlar tikmək, parklar  salmaq,  qəbiristanlıq üçün yer ayırmaq və ona qulluq, hava qazı istehsalı (Türkiyədə kömürdən qaz istehsal edən fabriklər var) və qazpaylanması şəbəkəsinin idarəsi bura aiddir”.

Mehmet Durmuşun  sözlərinə görə, bələdiyyənin işinə məişət tullantıları, ətrafın təmizliyi, yanğınsöndürmə, mühafizə-nəzarət xidməti (“zabıta hizmeti”), xəstəliklərin önlənməsi üçün profilaktrik tədbirlərin görülməsi də daxildir.

Ancaq bələdiyyənin işi bununla bitmir. Bələdiyyə evlərin abadlıq işlərində planlaşdırma aparır və ya hazır planlarda lazimi dəyişiklik edir, fərdi evlərin inşaatına nəzarəti həyata keçirir, tikintiyə icazə verir.

 

Bələdiyyə həm də qiymət tənzimləyir

Mehmet Durmuş deyir ki, bələdiyyənin həm də iqtisadi vəzifələri var: “Bazarda qiymət tətbiqi və ona nəzarət, kənd təsərrüfatı məhsullarının satış nöqtələrini açmaq, ət kəsimi məntəqələri yaratmaq, bazarlar, səyyar satış təşkil etmək, ehtiyac olan təqdirdə təmir sexləri (mebel, abtomobil və s.) yaratmaq, kafe, otel,dükan və s. kimi iş yerlərini yaradıb işlətmək və ya kirayələmək bələdiyyənin işidir.  Bundan başqa, müxtəlif festivallar, sərgilər  düzənləmək, turistlik təsisatları qurmaq və turizmi inkişaf etdirmək bələdiyyəyə baxır.

Bələdiyyə məktəb öncəsi təhsil xidmətləri ilə də məşğuldur. O cümlədən, tələbə hazırlığına öz töhfəsini verməyə çalışır, müxtəlif kusrlar təşkil edir. Bunlar çox vaxt pulsuz olur, bəzi hallarda isə cüzi məbləğə təklif edilir.

Mehmet Durmuş deyir ki, bələdiyyə nikah və cənazə işləri ilə də məşğul olur, o cümlədən, yoxsullar  üçün sığınacaq, yetimlər üçün yetimxanalar yaradır, idarə edir, ucuz evlər tikir.

 

“Vətəndaş məmnunluğuna hesablanmış qurum”

Ancaq bu sadalananlarla Türkiyədə bələdiyyənin işi bitmir. Bələdiyyənin vəzifələri yerli vergiləri toplamaqdan tutmuş ətraf aləmin mühafizəsi, kitabxana açmaq, qədim sənət əsərlərini qorumaq, idman, teart, muzey açmaq və s. işləri əhatə edir.

Səlçuq bələdiyyəsi vətəndaşların üzünə açıqdır, qurumda Xidmət Masası fəaliyyət göstərir, eləcə də, bələdiyyənin Facebook hesabından onlara ünvanlanan hər bir sual dərhal qeydə alınır.

Mehmet Durmuş bələdiyyənin işi ilə bağlı təsvirini bu sözlərlə bitirir: “Türkiyədə bələdiyyə vətəndaşların məmnunluğuna ortaya qoyan sosial anlayışdır”.

 

S.Mehdiyeva

OXŞAR XƏBƏRLƏR