Avropanın Qüdsü – SARAYEVO

Xəbərlər 31 May 2017 00:00 4729
Avropanın Qüdsü – SARAYEVO

Zaqrebdəykən Sarayevoda doğulmuş, müharibə vaxtı evini tərk etmək məcburiyyətində qalmış xorvat əsilli bələdçimiz Damirin söhbətlərindən də ilhamlanaraq 2 həftə sonra Bosniyaya səyahətə çıxdıq.

 

May ayının əvvəli bayram günlərinİ istirahət günləri ilə birləşdirib Serbiyadan yola düşdük Sarayevoya. Məsafə çox olmasa da, yolların dağlardan, tunellərdən (32 ədəd saydım)  keçməsi sürəti artırmağa imkan vermədiyinə görə 261 km-lik məsafəni – Vişeqradda tarix Mehmet Paşa Sokoloviç körpüsündə fasilə vermək də daxil olmaqla- 5 saata qət edə bildik.Damir dəmir yolu ilə səyahətin çox gözəl mənzərəli və bir o qədər də təhlükəli olduğunu demişdi. Keçmişdə qatar qəzaları olubmuş hətta. Biz də Balkan balasının sözünə qulaq asıb maşınla yollandıq Sarayevoya. Yol boyu Damirin dediyi qədər möhtəşəm mənzərələri heyranlıqla izləyə-izləyə çatdıq Sarayevoyaya.

Otelimizi hər zamankı kimi booking.com saytından şəhərin mərkəzindən seçdik (Hotel Bistrik 4*, 85€).

Qeyd: Bosniya və Herseqovina Azərbaycan vətəndaşlarından viza tələb ETMİR. Pul vahidi isə BAM Bosniya markasıdır.

 

BİR AZ SARAYEVO HAQDA

Milyaçka çayının hər iki sahilinə səpələnən, kürəyini Trebeviç dağına söykəyən, qərblə şərqi özündə birləşdirən Sarayevo 300 min insana ev sahibliyi edir. Bir az köhnə, bir az qədim, bir az uçuq, bir az yenilənmiş, bir az yaralı, dəlmə-deşik Sarayevo gətirin gözünüzün önünə. Məscidlərin kilsələrlə yarışdığı, hamamları, Başçarşısı, bazarları, I dünya müharibəsinin başlanmasına şahidlik etmiş Latın körpüsü  ilə Balkanların sevimli şəhəridir Sarayevo. Sarayevoya Avropanın Qüdsü də deyirlər. Bu adı üç dinin (islam, xristianlıq və yəhudi), üç millətin (xorvat, serb, bosniyalıların)  vəhdətini özündə yaşatdığı üçün alıb bu şəhər.

 

SARAYEVOYA NƏ VAXT SƏYAHƏT ETMƏLİ?

Bütün Balkan yarımadasında olduğu kimi Bosniyanın da qışı həddən artıq soyuq və sərt keçir. Elə buna görə də Sarayevoya səyahətin ən gözəl vaxtı yay aylarıdır. May ayı isə ən çox yağışlı dönəmdir. Ən yağışlı, hətta daşqınların ən gur vaxtı biz bir səhv edib getdik, yağışdan da nəsibimizi aldıq.

 

SARAYEVODA GƏZİLƏCƏK YERLƏR

Əvvəldə də qeyd etdiyim kimi, Sarayevo 3  millətin, 3 dinin Roma, Osmanlı, Avstriya-Macarıstan imperiyalarının izlərini özündə cəmlədiyi tarixi şəhər olduğuna görə kifayət qədər görüləcək məkanlar da var. 2 gündə gördüyüm yerləri sizinlə paylaşım deyirəm mən də. Otelimiz şəhərin mərkəzində yerləşdiyinə görə bütün tarixi məkanlara, demək olar ki, piyada rahatlıqla getməklə çox yerə ulaşa bildik. İlk olaraq qarşımıza Miljacka çayı üzərində yerləşən tarixi Latın Körpüsü çıxır.

 

LATIN KÖRPÜSÜ

Yerli dildə – Latinska Çuprija. İlk baxışda digər körpülərdən çox da fərqi olamayan Latın körpüsü Dünya tarixində çox böyük bir hadisəyə şahid olub. 1914-cü ildə Avstriya-Macarıstan şəhzadəsi Franz Ferdinand öz həyat yoldaşı Sofia ilə birlikdə məhz bu körpüdə serb milliyyətçi Gavrilo Princip tərəfindən qətlə yetirilmiş və bununla da I Dünya müharibəsi başlamışdı. 90-cı illərə qədər isə körpü Principov adlandırılmışdı.Körpünü keçən kimi isə Sarayevo muzeyi qarşılayır bizi. Muzey 1878-1914-cü illərdə Sarayevanın Avstriya-Macarıstan imperiyası tərkibindəki dövrü əhatə edən eksponatları sərgiləyir.

 

BAŞÇARŞI

Miljaçka çayının şimalında yerləşən, XV əsrdə tikilən çarşı şəhərin əsas tarixi nöqtəsi və ən çox baş çəkilən bölgəsidir. Ətrafında əksər tarixi abidələr cəmləşib. Keçmişdə daha böyük ərazinin əhatə etsə də, yanğınlar, istilalar nəticəsində kiçilmiş hal-hazırkı ölçüsünü almışdır. Çarşıda Sarayevonun simvolu olan bir çox taixi abidələr yerləşir: Sebilja (bulaq), Bedesten, Gazi Hüsrev Bəy məscidi, Saat qülləsi, İmperator məscidi, Bursa bedesteni.

Başçarşının həmçinin Sarayevonun simvolu olan Sebilj, yəni bulaq. Sarayevo deyiləndə 1753-cü ildə Hacı Mehmet Paşa tərəfindən tikdirilmiş yaşıl papaqlı, göbələyə bənzər formalı bulaq gəlir gözün qarşısına. Bura həmçinin şəhər əhlinin görüş yeridir. Ətrafı dükan, kafe, burekçilərlə bol olan Sebilj-in yaxınlığından 1 BAM-a  buğda alıb buranı özünə məskən etmiş göyərçinləri yemləmədən, şəkil çəkdirmədən oradan ayrılmaq olmaz əlbəttə ki.

 

GAZİ HÜSREV BƏY MƏSCİDİ

Yerli dildə Begova dzamija Sarayevonun ən önəmli məscidlərindəndir. Başçarşıda yerləşən məscidin adı onu tikdirən Bosniya Sancak bəyi Gazi Hüsrev Paşanın adından götürülüb. 1530-cu ildə Memar Sinan tərəfindən dizayn edilib. Məscidin həyətində Hüsrev bəyin türbəsi, mədrəsə, bulaq, məktəb və saat qülləsi yerləşir. 90-cı il Balkan savaşı nəticəsində zərər görmüş məscid 1996-cı ildə Səudiyyə Ərəbistanın maddi dəstəyi nəticəsində bərpa edilib. 

 

MİLLİ KİTABXANA

Latın körpüsünün yaxınlığında yerləşən, keçmiş bələdiyyə binası olan kitabxana, bosna dilində Vjecnica XIX əsrin sonlarında tikilib. Hələ bələdiyyə binası olaraq istifadə olunan vaxtlar, sui-qəsddən bir müddət əvvəl Franz Ferdinand burada bir kokteylə də qatılıb. Sonrakı aqibəti isə məlumdur şəhzadənin.

Bina 1949-cu ildə kitabxanaya çevrilib. 1992-96 – cı il müharibəsi kitabxanaya da öz “töhvə”sini verib. Sonradan bərpa edilən kitabxana türk memarlıq üslubunda tikilib.

 

SARAYEVO KATEDRALI

Sarayevonun ən böyük, digər adı ilə Katedrala Srca Isusova (İsanın ürəyi) katedralı 1889-cu ildə tikilib. Tikintisində Parisdəki neo-qotik üslublu Notre Dam katedralından ilham alınıb.

 

GAZİ HÜSREV BƏY BEZİSTANI

Digər adları Qədim Bezistan və ya Böyük Bezistan olan örtülü bazar Osmanlı imperiyası dövründə 1540-cı ildə tikilib və Gazi Hüsrev bəy vəqfinə aiddir. Vaxtilə tekstil satışı üçün nəzərdə tutulan bazarda hal-hazırda xırda dükanlar fəaliyyət göstərir.

 

BƏYAZ QALA

Yerli dildə Bijela Tbija adlandırılan qala şəhərin yüksək nöqtəsinə 1550-ci ildə qurulub. 1971-ci ildə Bosniyanın tarixi mirasları siyahısına alınan qala müharibədən zərərsiz cixmayıb. 667m hündürlükdə yerləşən qaladan Sarayevaya gözəl mənzərə açılır.

 

ƏBƏDİ MƏŞƏL

Vjecna Vatra II Dünya müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidədir. Ferhadiya küçəsi ilə Marşal Tito küçələrinin kəsişdiyi yerdə yerləşən məşəl 2011-ci ildə bir qrup etirazçı tərəfindən söndürülmüş ancaq, tezliklə yenidən alovlandırılmışdır.

 

ÜMİD TUNELİ

Sarayevoda mütləq ziyarət edilməli yerlərin ən başında gəlir Umid tuneli. Sarayevonun 4 illik mühasirəsi zamanı bosniyalı müsəlmanların dünya ilə yeganə əlaqəsi bu tunel vasitəsilə olub. Tunelin tikintisi 4 aya başa gəlib. Məhz bu tunel vasitəsilə yaralılar və xəstələr, həmçinin bosniyalılara ərzaq və dərman daşınıb. Umid tuneli Sarayevonun və ümumiyyətlə, Bosniyanın xilaskarı olub.Hal-hazırda tunel ev sahibinin qərarı ilə muzey olaraq fəaliyyət göstərir. Muzeydə müharibə zamanı istifadə olunan bütün əşyalar, geyimlər, vasitələr sərgilənir. Həmçinin muzeydə həmin dövrdə çəkilmiş videolar izləmək üçün məkanlar da var. Yerli bələdçilər isə həmin dövrün canlı şahidləri olaraq hadisələri gələn turistlərə danışır, kədərlərini bölüşürlər.

Sarayevoda özü ilə eyni vaxtda, eyni acını paylaşan Azərbaycanın da ən ağır yarası Xocalı soyqırımına həsr edilmiş abidə ucaldıb. Dostluq parkına – bosniya dilində Park Prijatelstvoya vaxtınız olsa, baş çəkin.

 

SARAYEVODA TRAMVAY, AVTOBUS, MİKROAVTOBUS, YOXSA?

Sarayevonun kiçik şəhər olduğuna və gəziləcək yerlər bir-birinə yaxın yerləşdiyinə görə ictimai nəqliyyata çox da ehtiyac olmur. Sarayevoda ictimai nəqliyyat taksi tramvay, avtobus və mikroavtobuslardan ibarətdir. Tramvay Sarayevoda çox istifadə olunan nəqliyyatdır. 6 xətdən ibarət olan tramvay, demək olar ki, şəhərin əksər yerlərinə gedir. Tramvayla gedilə bilməyən yerlərə isə avtobuslar işləyir. Ancaq, avtobusların da ulaşa bilmədiyi dik təpələrə mikroavtobuslar hərəkət edirlər.

Bir də taksi xidmətlıri var ki, açılış 2 BAM, hər km üçün isə 1 BAM hesablanır. Sarayevo taksilərində bir də maraqlı hal var ki, 10 kq baqaj pulsuzdur, lakin, baqaj artdıqca əlavə ödəniş edilməlidir. Elə bil təyyarədir. Ümid tunelinə gedərkən taksidən istifadə etdik. Dostlar bizə taksidən istifadə edərkən aldadılmamaq üçün ehtiyatlı olmağı məsləhət görmüşdülər. Biz hər hansı neqativ halla rastlaşmadıq, siz də ehtiyatı əldən verməyin, taksiyə oturarkən qiymət razılaşın.

 

SARAYEVO MƏTBƏXİ

Sarajevo mətbəxi bütün Balkan bölgəsində rast gəldiyimiz yeməkıərlə yanaşı özünəməxsus ləzzətlərlə də zəngindir. Sarayevoya gedib “ac qaldım” demək mümkün deyil. Yeməklərin ləzzəti bizim ağız dadımıza yaxındır. Amma, bəzi restoranlarda xidməti bura aid etmək olmaz. Başçarşıda bir restoranda ofisiantdan menyu istədik və məşhir çevapi sifariş etdik. Ofisiant: “ Elə çevapi üçün üç saatdır menyuya baxırsız?!” deyib, xidmət üçün uzaqlaşdı və o bəyənmədiyi sifarişi xeyli sonra gətirdi.

Sarayevo mətbəxində əsasən ət yeməklərinə üstünlük verilir. Çevapidən sonra digər Sarayevo əvəzolunmazı əlbəttə ki, bosniya börəyidir. İspanaqlı, pendirli, ətli bosniya börəyini mütləq dadmaq lazımdır. Biz yerində yeməklə yanaşı, geriyə dönüşdə də alıb gətirdik.

Bosniya mantısı, sarma, soğan dolması, türk mətbəxindən tanış olan bamya, tarhana  daha çox çeşidli yeməklərlə zəngindir Sarayevo mətbəxi. Şirniyyatlarından isə baklava (paxlava), breskivca (bizim də tez-tez bişirdiyimiz şaftalı şirniyyatı) və lokumun dadına baxılmalıdır. Düzdür, türk paxlavası və lokumuna çatmır ləzzətdə, amma, bosniya tərzi şirniyyatlara da qiymət verin.
 

 

SARAYEVODA BAZARLIQ

Sarajevoda alış-verişin ən qaynar nöqtəsi Başçarşıdır. İrili-xırdalı bir çox  hədiyyəliklərə rastlamaq olur burada. Şəhərin mərkəzində, Mustafa Başeskije küçəsində Gradska Trznica yerləşir ki, buradan da  kənd təsərrüfatı məhsulları almaq mümkündür. Yerli məhsulları dadmaq üçün buraya üz tuta bilərsiniz.

Sarayevonun ən qədim küçələrindən Kazandziluk-Misgərlər bazarı XV əsrdə salınmış, elə o gündən də misgərlik məhsulları ilə ün qazanmışdır. Daha əvvəl Türkiyədə də çox rast gəldiyimiz qəhvə dəstləri çox məşhurdur və alıcıların üstünlük verdiyi dekorativlərdir. Bazarda bütün Sarayevoda olduğu kimi türkcə danışan insanlara tez-tez rast gəlinir.

FERHADİYA KÜÇƏSİ

Başçarşının bitdiyi yerdə başlayır Ferhadiya küçəsi və Sarayevonun əsas alış-veriş küçəsi olaraq tanınır. Dükanlar, kafelər, restoranlar boldur burada. Yaxınlığında isə otel və hostellər yerləşir. Bunlarla yanaşı Sarayevoda bir neçə AVM də fəaliyyət göstərir. Əgər açıq bazarlardan heç bir şey tapa bilməmisinizsə, onda BBİ, Alta, Skenderija, Grand AVM-lərindən birini seçib oradan bazarlığınızı edə bilərsiniz.

Addımbaşı müharibənin izinə rastladığımız bu şəhərdə bir az hüznlü bir az nəşəli 2 gün keçirtdik. Sarayevonun  tarixinə səyahət etdik, mətbəxini daddıq, suvenirlərini aldıq, bir şəhər təcrübəsini də yaşadıq. Növbəti gün isə bizi Bosniyanın digər tarixi guşəsi Mostar gözləyirdi.

Mənbə: gezdunyani.com

OXŞAR XƏBƏRLƏR